Kanada XİN Çinin narkotiklə əlaqəli cinayətlərə görə 4 Kanada vətəndaşını edam etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bu, Kanada və Çin arasında böhrana səbəb olub.
Kanadanın xarici işlər naziri Melani Coli Pekinin narkotiklə əlaqəli cinayətlərə görə dörd Kanada vətəndaşını edam etdiyini açıqlayıb. O, dünən jurnalistlərə açıqlamasında bütün şəxslərin ikili vətəndaşlığa malik olduğunu və ailələrinin tələbi ilə onların kimliklərinin gizli saxlanıldığını deyib. Nazir edamları pisləyərək onları insan ləyaqətinə zidd adlandırıb.
Çinin Kanadadakı səfirliyi açıqlamasında Kanada vətəndaşlarının cinayətləri ilə bağlı kifayət qədər sübutların olduğunu bildirib və Kanadanı məsuliyyətsiz bəyanatlar verməyi dayandırmağa çağırıb. Pekinin Kanada vətəndaşlarının hüquq və mənafelərinə tam zəmanət verdiyini vurğulayan səfirlik Kanada hökumətini Çinin məhkəmə suverenliyinə hörmətlə yanaşmağa çağırıb.
Ağarza Elçinoğlu