Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 25-də ölkəmizin “İdman Paytaxtı” Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov, Federasiyada yarışların təşkili üzrə menecer Elçin Qəhrəmanov, İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Pərviz Musayev, digər əməkdaşlar, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev tədbiri açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, qalib adı uğrunda mübarizə aparan iştirakçılara uğurlar arzulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında bildirib ki, “İdman Paytaxtı” seçilməsi münasibətilə il ərzində Qazaxda çoxsaylı idman tədbirləri təşkil olunub, yeni idman obyektləri istifadəyə verilib. O, bu cür yarışların bölgədə idmana marağın daha da artmasına mühüm töhfə verdiyini vurğulayaraq, Qazaxda ilk dəfə velosiped yarışının keçirilməsinə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkürünü bildirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov Qazax Rayon İcra Hakimiyyətinə göstərilən dəstəyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. O, qeyd edib ki, Federasiya Kubokunda ətraf rayonlardan olan idmançılarla yanaşı, Qazaxı təmsil edən velosipedçilərin də iştirak etməsi bölgədə bu idman növünün inkişafına və gənclərin velosiped idmanına marağının artmasına müsbət təsir göstərəcək.
Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunan yarış böyük tamaşaçı marağı ilə qarşılanıb. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin 150-dən artıq oğlan və qız idmançısı qrup ötüşməsi üzrə mübarizə aparıblar. Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil edilib. 6 kateqoriya üzrə qalib və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar.





























.jpg)







.jpg)



















