24–25 iyul tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə olaraq “Qardaş şəhərlər” I Beynəlxalq Forumu keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan nümayəndə heyətinin tərkibində forumun açılış mərasimində iştirak edib.
"Unikal" xəbər verir ki, Forumun ikinci günündə Səmərqəndin Qədim şəhər ərazisində “Dostluq ağacı” adlı ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Niyazi Bayramov da iştirak edib.
Qeyd edək ki, “Dostluq ağacı” aksiyası şəhərlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmin rəmzi hesab olunur.
Niyazi Bayramov daha sonra “Şəhərlərin imkanları” sərgisi ilə tanış olub. Sərgidə Özbəkistanın şəhərlərinin mədəni, elmi, sənaye, xidmət, logistika, turizm və infrastruktur potensialı xarici və yerli investorlara təqdim edilib. Tədbirin məqsədi şəhərlərin iqtisadi imkanlarının tanıdılması, yeni investisiya layihələrinin cəlb olunması və biznes üçün yaradılmış əlverişli şəraitin nümayiş etdirilməsi olub.
Sərginin sonunda Özbəkistanın Qardaş Şəhərlər Assosiasiyasının sədri Zakir Abidov Niyazi Bayramova simvolik hədiyyə təqdim edib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, forum çərçivəsində bələdiyyələrarası əməkdaşlığın inkişafı, qabaqcıl təcrübənin mübadiləsi, ticarət-iqtisadi, investisiya, turizm, elm, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunur. Eyni zamanda, şəhər və regionlar arasında yeni birbaşa əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılır.










































.jpg)







.jpg)





