Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, hadisə ilə bağlı təqsirləndirilən Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqan məhrum edilib.
Məhkəmə prosesində Aynur Rzyevanın anası 1983-cü il təvəllüdlü N.Abdurahmanovu bağışlamayıb. O bildirib ki, qızı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub və ağır kateqoriyalı cinayət işlərinə baxıb. Hüquqi varisin iddiasına görə, bu hadisənin onun baxdığı cinayət işləri ilə əlaqəli ola bilmə ehtimalı araşdırılmayıb.
Bundan başqa, Aynur Rzayevanın hüquqi varisi təqsirləndirilən şəxsdən bir milyon manat təzminat istəyib. Bunun 30.000 manatı qəza zamanı yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə, 700.000 manatı Aynur Rzayevanın 2016-cı il və 2018-ci il təvəllüdlü övladlarının 18 yaşına çatanədək layiqli həyat səviyyələrinin təmin edilməsi üçün, 270.000 manatı isə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq tələb edilib.
Məhkəmə hesab edib ki, 700.000 manat məbləğində maddi ziyanın tutulması ilə bağlı iddia təmin edilə bilməz.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tənzimləyən normalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqi ailə başçısının ölümü nəticəsində təminat mənbəyini itirmiş şəxslərə məxsusdur.
Yəni, belə hallarda hüququn subyekti mərhumun himayəsində olmuş və qanunla təminat almaq hüququna malik şəxslərdir.
Azyaşlı uşaqlar həmin hüququn daşıyıcıları olsalar da, bu hüquqlarını müstəqil həyata keçirə bilmədiklərindən onların hüquq və qanunla qorunan mənafeləri qanuni nümayəndələri tərəfindən müdafiə edilir.
Bununla yanaşı, məhkəmə hesab edib ki, iddiada tələb olunan 270.000 manat məbləğində mənəvi zərər mülki cavabdehin maddi imkanları ilə obyektiv surətdə uzlaşmır. Məhkəmə təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün hallarını, o cümlədən cavabdehin maddi durumunu, adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alaraq o qənatə gəlib ki, mülki iddia bu hissədə qismən təmin edilməli və vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq, mülki iddiaçıya ödənilməlidir.
Qəzada yararsız vəziyyətə düşmüş "Nissan Sunny" markalı avtomobilə görə isə təqsirləndirilən şəxsdən 1701 manatın tutulmasına qərar verilib. Ümumilikdə qəzaya səbəb olan Abdurahmanov qarşı tərəfə 21.701 manat ödəməli olacaq.
Qeyd edək ki, ötən ilin dekabrında Sumqayıt–Pirşağı avtomobil yolunda baş verən qəza zamanı Abdurahmanovun idarə etdiyi "Samand Soren" markalı avtomobil içərisində sərnişin kimi əyləşmiş hakim Aynur Rzayevanın olduğu "Nissan Sunny" ilə toqquşub. Hadisə nəticəsində Aynur Rzayevanın sürücüsü ağır yaralanıb, hakim isə həyatını itirib.
Onu da bildirək ki, Aynur Rzayevanın sürücüsü də təqsirləndirilən şəxsdən şikayətçi olub. Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, himayəsində iki övladının olmasını, valideynlərini itirmiş bir uşağı da himayəyə götürdüyünü, eyni zamanda yaşlı ata və anasına da özünün baxdığını bildirib və qeyd olunan halların nəzərə alınaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Xatırladaq ki, Aynur Rzayeva şəhid övladı olub. Onun atası Rzayev Tapdıq Köçəri oğlu Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Kərkicahanda şəhidlik zirvəsinə ucalıb.










































.jpg)







.jpg)





