Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi müvəqqəti olaraq açılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Qeyd olunub ki, artıq Suriyaya göndərilən humanitar yardım karvanı Marqara keçid məntəqəsindən keçməyə başlayıb. 

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyaya humanitar yardımın göndərilməsində əməkdaşlığa görə Türkiyə tərəfinə təşəkkür edib: "Mən türk həmkarlarıma bu humanitar missiyada əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm". 

Onun sözlərinə görə, Ermənistan hökuməti suriyalılara dərman və ərzaq göndərib.

Daha əvvəl bildirilib ki, Ermənistan hökuməti Suriyaya humanitar yardım göndərmək qərarına gəlib, bu məqsədlə Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsi martın 21-dən 31-dək açıq olacaq.

Ağarza Elçinoğlu