"Ekoloji turizm bütün dünyada ən populyar istirahət seçimidir və artıq deyə bilərik ki, ekoturizm Azərbaycanda da sürətlə inkişaf edir. Yerli əhali indi, əvvəlki illərdən daha çox təbiət qoynunda dincəlməyə önəm verir. Azərbaycanda böyük ekoturizm potensialına malik milli parklar şəbəkəsi var və əhalinin milli parklara səyahəti ildən-ilə artır".
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev "Unikal"a bildirib ki, vətəndaşların milli parklara ziyarətinin inkişaf dinamikası əsasən tətil günlərində özünü biruzə verir. Belə ki, bayram tətili günlərində ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara 6482 turist səfər edib ki, bu say ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
“Azərbaycanda zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik 10 milli park var”.
• Abşeron Milli Parkı-Xəzər rayonu, Zirə qəsəbəsi;
• Şirvan Milli Parkı-Salyan rayonu, Yenikənd kəndi;
• Hirkan Milli Parkı-Lənkəran rayonu, Bürcəli kəndi;
• Altıağac Milli Parkı-Xızı rayonu, Xələc kəndi;
• Qızılağac Milli Parkı-Lənkəran rayonu, Liman qəsəbəsi;
• Göygöl Milli Parkı-Göygöl rayonu, Toğanalı kəndi;
• Samur-Yalama Milli Parkı-Xaçmaz rayonu, Xudat qəsəbəsi;
• Ağgöl Milli Parkı-Ağcabədi rayonu;
• Şahdağ Milli Parkı-Quba, Qusar, İsmayıllı, Şamaxı, Oğuz, Qəbələ rayonları;
• Zəngəzur Milli Parkı-Naxçıvan MR Ordubad, Culfa, Şahbuz rayonları.