Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin rəhbərlik etdiyi nümayəndə heyəti Çanaqqala Dəniz Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin professoru, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin baş rəssamı Rafiq Əzizin fərdi sərgisini ziyarət edib.
"Unikal" xəbər verir ki, nazir Gülərlə bərabər Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcümənt Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlunun da daxil olduğu heyət Çanaqqalada Barbaros Şəhidliyini ziyarət edib.
Daha sonra nazir Gülər və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələrinin komandanları Çanaqqala Dəniz Muzeyinə gələrək azərbaycanlı rəssamın sərgisi ilə yaxından tanış olublar.
Sərgi Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və Çanaqqala Dəniz Muzeyinin birgə təşəbbüsü ilə açılıb. Burada Rafiq Əzizin Türkiyənin Hərbi Dəniz Qüvvələrinin İstanbul, Çanaqqala, Mersin, Hatay-İskenderun Dəniz muzeylərində, o cümlədən 15 il bundan əvvəl Çanaqqalanın tarixi Gelibolu rayonunda açılmış Piri Rəis muzeyində sərgilənən, eləcə də Türkiyənin Milli Müdafiə Nazirliyinin kolleksiyasında yer alan yağlı boya ilə çəkilmiş 37 əsəri nümayiş olunur.
Əsərlər arasında 1081-ci ildən günümüzə qədər Türkiyənin şanlı Dəniz Qüvvələrinin, eləcə də Çaka bəydən Oruc Barbaros və ya Oruc rəis kimi tanınan əfsanəvi komandanların, dünya dəniz xəritəsini hazırlayan ilk türk admiral Piri Rəisin, eləcə də məşhur türk admirallarının portretləri və onların iştirak etdikləri dəniz müharibələrinin təsvir olunduğu tablolar yer alıb. Sərgidə Rafiq Əzizin Mustafa Kamal Atatürkə həsr olunan əsərləri də nümayiş etdirilir.
Aprelin 25-dək davam edəcək sərginin açılışında Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının Amfibiya Korpusunun komandanı, vitse-admiral Serhat Sözbir, Çanaqqala Boğazı və Qarnizon komandanı, kontr-admiral Mustafa Biçen, Çanaqqala Dəniz Muzeyinin komandanı, 1-ci dərəcəli kapitan Serhan Aras iştirak ediblər.