Bəzi məmurlar öz maraqları naminə hökumətin iradəsinə qarşı
20:05 20-08-2013
İQTİSADİYYAT
Bəzi məmurlar öz maraqları naminə hökumətin iradəsinə qarşı
Kommunal sektordakı bəzi xidmətlərin özəlləşdirilməsi niyə baş tutmur?
Bir müddət əvvəl belə məlumat yayıldı ki, Azərbaycanın kommunal sektorunda aparılan islahatlar çərçivəsində bəzi xidmətlər özəlləşdirilə bilər. Çox keçmədən iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bu məlumatları təsdiqlədi.
Onun sözlərinə görə, bu sahədə əsas problemlər özünümaliyyələşdirmə, özünüidarəetmə və struktur dəyişiklikləri ilə bağlıdır: "Çünki indi dövlətin imkanları, vəsaitləri var və onlara çox böyük vəsaitlər verilir. Amma bu həmişə davam edə bilməz. Hesab edirəm ki, onlar artıq özünümaliyyələşdirmə, özünüidarəetmə və özünüinkişaf prosesinə keçməlidir. Bu sahədə islahatlar mütləq lazımdır".
Bunun nə vaxt baş verəcəyinə gəlincə, müşavir bildirib ki, bu sahədə çoxsaylı problemlər var. O cümlədən, yeni mexanizmlər elə olmalıdır ki, özünüinkişaf və özünüidarəetmə sistemi yaransın. Müşavir kommunal sektorda islahatların qiymət artımına səbəb olmayacağını da bildirib. Onun sözlərinə görə, qiymətlərin artırılması ilə hansısa məqsədə nail olmaq mümkün deyil, əksinə, bu addım sosial təzyiq yarada bilər.
İslahatlar və struktur dəyişiklikləri nəticəsində isə bəzi sahələr özəlləşdirilə də bilər: "Məsələn, lift təsərrüfatı. Prinsipcə, hamısı özəlləşdirilə bilər, yəni orada heç bir məhdudiyyət yoxdur ki, hansısa sahəni özəlləşdirmək olmaz".
V.Axundov qeyd etmişdi ki, özəlləşdirmə nəticəsində rəqabətin yaradılması və özünümaliyyələşdirmə sisteminə keçid təmin ediləcək. Eləcə də, rəqabətin yaradılması qiymətlərin artmamasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək: "Digər tərəfdən də dövlətin bu sahəyə yatırdığı vəsaitlər özəlləşdirmə vasitəsilə geri qayıtmalıdır və dövlət bu vəsaitləri yeni sahələrə yönəltməlidir".
Əksər iqtisadçı ekspertlər də hökumətin bu həmləsini dəstəkləyirlər. Onlar bildirirlər ki, kommunal xidmətlər mütləq özəlləşdirilməlidir. Hətta sözügedən sahələrin dövlətsizləşdirilməsində gecikdiyimizi deyənlər də var. Belələrinin fikrincə, Azərbaycanın müstəqillik qazanmasından 20 ildən artıq vaxt keçir, amma biz hələlik idarəetmə strukturunun formalaşmasını sona çatdırmamışıq. İdarəetmə strukturunun özündə də müəyyən dəyişikliklər etmək lazımdır, o cümlədən özəlləşdirmə ilə bağlı bəzi məsələlər açıq qalıb, hələ öz həllini tapmayıb. Xidmət sahələrinin özəlləşdirilməsi də açıq qalan məsələlərdəndir və bu məsələyə tezliklə baxmaq lazımdır.
Düzdür, ekspertlər özəlləşdirməni birdən-birə etməyin də düzgün olmadığını deyirlər, bildirirlər ki, planlı şəkildə hissə-hissə özəlləşdirməyə getmək lazımdır. "Lift, mənzil-kommunal sahələrinin özəlləşdirilməsindən başlamaq olar. Amma yaxşı olar ki, əvvəlcə pilot layihələr həyata keçirilsin. Əgər pilot layihələr özünü doğruldarsa, ardınca mərhələ-mərhələ tam özəlləşməyə keçmək lazımdır. Çünki sözügedən komunal xidmətlər birdən-birə özəlləşdirməyə verilsə, sonra bu sahələrdə vəziyyət daha da pisləşər" - deyə onlar bildirirlər.
Ekspertlərin fikrincə, özəlləşdirmə aparılsa, ilk növbədə keyfiyyətdə dəyişiklik hiss edəcəyik. Xidmət sahəsinin keyfiyyəti yüksələcək. Sözügedən sahələrin özəl əllərdə olması nəticəsində həmin sahəyə baxanlar elə xidmət etməyə çalışacaqlar ki, əhalidən alınan haqqın cavabını verə bilsinlər. İkincisi də, elə sahələr var ki, dağılır, pis vəziyyətdədir, o sahələrə maddi yatırımlar qoymaqla vəziyyət düzələcək. Məsələn, lift təsərrüfatı başlı-başına qalıb, icra orqanları bununla məşğul olmurlar. Axırda ölkə rəhbəri məcbur olub Prezident fondundan liftlərin təmirinə pul ayırdı. Amma özələşdirmə olsa, bu problemlər də olmayacaq.
Qeyd edək ki, kommunal xidmətlərə içməli su, tullantı suları, enerji, qaz, mənzil haqqı, lift, zibil pulu daxildir.
Adıçəkilən xidmət sahələrinin özəlləşdirilməyə başlamasının yubanması isə ayrı-ayrı məmur maraqları ilə izah olunur. Bu xidmətlərin həyata keçirilməsini təmin edən müvafiq qurumların bir çoxu çeşidli məmurların qeyri-rəsmi nəzarətindədir, indi onların özəlləşdirilməsi belə məmurların maddi maraqlarına toxunmaq olardı. İstisna deyil ki, məhz bu məqamdan ötrü bəzi məmurlar hökumətin kommunal xidmət sahələrinin dövlətsizləşdirilməsi ilə bağlı hökumətin iradəsinə qarşı çıxır, onu mümkün olduğu qədər ləngitmək istəyirlər.
Yəni həmişəki kimi bəzi məmurların maraqları yenidən dövlət və vətəndaş mənafeyindən önə çıxıb. Amma bəzi ekspertlər müəyyən vəzifəli şəxslərin sözügedən istiqamətdə səylərini əhəmiyyətsiz sayır və hesab edirlər ki, hökumət əvvəl-axır məlum məsələdə təsirli addımlar atmaq, özəlləşdirməyə başlamaq məcburiyyətində qalacaq.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40