Türkiyənin kult seriallarından hesab edilən "Kurtlar Vadisi"ndəki məşhur Süleyman Çakır obrazı bu il də ölümünün ildönümündə yad edilib.

"Unikal" bu barədə Türkiyənin İHA agentliyinə istinadən xəbər verir.

2004-cü ilin 8 aprelində serialın 45-ci bölümündə öldürülən Süleyman Çakırın xatirəsinə bu gün də tədbirlər keçirilib.

Serialda Süleyman Çakırı canlandıran aktyor Oktay Kaynarca da bu münasibətlə sosial media hesabında paylaşım edərək obrazın xatirəsini anıb.

Ankara şəhərində Hacı Bayram Vəli məscidinin həyətində Çakırın 21-ci ölüm ildönümündə Mücahit Çələbi tərəfindən lokma (şirniyyat) paylanılıb. Bu ənənə 2004-cü ildən bəri hər il davam etdirilir.

Qeyd edək ki, Süleyman Çakır obrazının ölümü dövründə Türkiyədə böyük təsir yaratmış, hətta o vaxtlar cənazə namazı da qılınmışdı.