Azərbaycanda elektron hökumətin yaradılması necə gedir?
20:13 20-08-2013
İQTİSADİYYAT
Azərbaycanda elektron hökumətin yaradılması necə gedir?
İnanırıq ki, müəyyən vaxtdan sonra ölkəmizdə də vətəndaşlar heç bir məsrəf etmədən, zaman itirmədən öz işlərini bu sistemlə görə biləcəklər
XXI əsrin informasiya cəmiyyəti əsri olduğunu nəzərə alsaq, dünyada baş verən iqtisadi, siyasi və texnoloji proseslərdə İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) rolunun daha əhəmiyyətli olduğunu qəbul edərik. Dünyada gedən bu prosesləri ölkəmiz, əlbəttə, kənardan seyr edə bilməzdi.
Ölkəmizdə İKT sahəsində ilk qanunvericilik aktları hələ 1993-cü illərdən qəbul olunsa da, son bir neçə ildə onun tətbiqi cəmiyyətdə, iqtisadi və siyasi hadisələrdə daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Buna nümunə kimi 2013-cü ilin ölkəmizdə İnformasiya Kommunikasiya Texnologiyaları ili kimi qeyd olunması ilə bağlı Prezidentin sərəncamını göstərmək olar.
E-hokumət,
yoxsa e-dövlət?..
Hərfi mənada bir-birindən fərqli olsalar da, həm E-hökumət, həm də E-dövlət virtual aləmdə eyni mənanı daşıyır. Ölkəmizdə daha çox qəbul edilən və istifadə edilən "E-hökumət" mahiyyət baxımından dövlət orqanlarının göstərdikləri xidmətlərin informasiya texnologiyalarından istifadə edilməklə vətəndaşlara, biznes qurumlarına, həmçinin dövlət orqanlarına ötürülməsi üsuludur. E-hökümətin əsas məqsədi vətəndaşlara müasir texnologiyaların imkanlarından istifadə etməklə, dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə imkanının təşkilidir.
Xidmət, ya e-xidmət?
Ölkə başçısının 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" imzaladığı Fərmandan sonra dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidmətlərin bir çoxunun elektronlaşdırılmasına başlanılmışdır. Hazırda dövlət orqanlarının təqdim etdikləri e-xidmətlərin vahid məkanda toplanılması, vətəndaşların həmin elektron xidmətlərdən daha rahat və çevik istifadə edə bilməsi, informasiyaların mübadiləsi zamanı təhlükəsizliyin təmin edilıməsi və s. kimi imkanlar yaradılmışdır. Bu imkanların əsas məqsədi müəyyən xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğu bu məqsədə çatmağın əsas vasitələridir. Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili məqsədilə "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "elektron hökumət" portalı tətbiq edilir.
e-hökumət portalı
Ölkəmizdə "Elektron hökumət"in yaradılması üçün ölkə Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən təşkil olunmuş portaldan vətəndaşlar müxtəlif üsullarla rahat şəkildə internetə qoşularaq istifadə edə bilər. Əvvəllər portalda təqdim edilən elektron xidmətlərdən istifadə etmək üçün RİTN tərəfindən verilən "e-imza"lardan istifadə edilirdisə, hazırda Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə, Smartfonlar və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq imkanları yaradılıb ki, bunun sayəsində heç bir ödəmə etmədən elektron xidmətlərdən yararlanmaq mümkündür. Hazırda portaldan 40 dövlət qurumunun təqdim etdiyi 236 elektron xidmətdən istifadə etmək olar.
E-hökumətin vətəndaşa verdiyi üstünlüklər
Qeyd etdiyimiz kimi, E-hökumət portalında (e-gov.az) bir sıra e-xidmətlər yerləşdirilib ki, vətəndaşlar bunlardan heç bir yerə getmədən, sadəcə kompyuterin arxasına keçib öz işlərini rahat bir şəkildə həll edə bilərlər. Məsələn, pensiyanın təyinatı və pensiya növünün dəyişdirilməsi, pensiyaçı tərəfindən məlumatların alınması, sığortaedənin sığorta nömrəsinin öyrənilməsi kimi sosial məsələlər üzrə qısa vaxt ərzində müraciət etmək imkanı yaradılmışdır. Bununla yanaşı, RİTN-nin təqdim etdiyi xidmətlərdən telefon nömrəsinin dəyişdirilməsi, yeni telefon çəkilişi, ADSL internet xidmətinə qoşulma (və ya imtina) kimi onlarla elektron xidmətlərdən yararlanmaq olar. Vətəndaşların işinə yarayacaq digər xidmətlərdən Daxili İşlər Nazirliyinin "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar", Təhsil Nazirliyinin "Diplom haqqında məlumatlar", "Müəllim haqqında məlumatlar", Əmək və Əhalinin Sosial müdafiə Nazirliyinin "Məşğulluq orqanları vasitəsilə iş axtarışı", "İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu" kimi bir sıra xidmətlərin adını çəkmək olar. Vətəndaşların müraciəti zamanı daha çox zaman sərf elədikləri xidmətlərin daha da rahatlaşdırılması məqsəd ilə E-hökumət portalında bir sıra xidmətlər mövcuddur. Buna nümunə kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Torpaq kadastr məlumatları barədə arayışların verilməsi", "Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün elektron müraciət", "İstifadəçinin tam adına görə torpaq sahələri haqqında məlumatların əldə edilməsi" və Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi "Daşınmaz Əmlaka dair çıxarışların verilməsi üçün müraciyyətin və sənədlərin qəbulu", "Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və s. kimi e-xidmətlərin adını hallandırmaq mümkündür.
Adıçəkilən orqanlarla yanaşı bir sira dövlət təşkilatlarının təqdim elədikləri e- xidmətləri bir yerdə cəmləyən və vətəndaşların işini daha da rahat edən E-hökumət portalı daima yenilənir, xidmətlərin sayı günü-gündən artır və sayt istifadəçilərinin imkanları genişləndirilir.
İnanırıq ki, müəyyən bir vaxtdan sonra ölkəmizdə də inkişaf etmiş ölkələrdə olduğu kimi, vətəndaşlar hər hansı bir xidmətə görə dövlət orqanlarına birbaşa müraciət etməyəcək, qısa vaxt ərzində heç bir məsrəf etmədən, zaman itirmədən öz işlərini bu sistemlə görə biləcəklər.
Rəşad Zalov
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40