Azərbaycandakı tikinti mafiyası "xruşşovka"lara niyə göz dikib?
20:14 20-08-2013
İQTİSADİYYAT
Azərbaycandakı tikinti mafiyası "xruşşovka"lara niyə göz dikib?
Dövlət pullarını mənimsəmək istəyənlərin yeni və şok korrupsiya variantı ortaya çıxdı
Müstəqil jurnalist İrfan Sapmaz 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələ zamanı bütün Türkiyə əhalisini heyrətə salmışdı. "Təxminən 6 ballıq zəlzələ baş verir. Hazırda binalar silkələnir, amma yıxılanı yoxdur",- deyə qonşu ölkənin "NTV" kanalının 21:00 xəbərlərinə canlı qoşulan jurnalist özü də heyrətini gizlədə bilməmişdi. Çünki türkiyəlilərin müqayisə etmək üçün acı nümunələri vardı.
Təxminən iki il qabaq eyni gücdə baş vermiş Adana zəlzələsində onlarla yüksək mərtəbəli bina dağılmış və 150-yə yaxın insan dünyasını dəyişmişdi. Ən dəhşətlisi isə ölənlərin 100-dən çoxunun modern texnologiyalarla tikilmiş monolit-karkas binalara qurban getməsi idi. Adanada yeni tikilmiş bir mikrorayon yerlə yeksan olmuşdu. Bakının sovet texnologiyası ilə tikilmiş panel binalarına isə zəlzələ heç təsir göstərməmişdi.
Amma bununla belə, postsovet məkanında hazırda panel evlərə qarşı bir "soyqırım"hərəkatı başlanıb və xüsusilə də xalq arasında "xruşşovka" kimi tanınan 4-5 mərtəbəli panel binaların sökülməsinin vacibliyi barədə geniş təbliğat işinə başlanıb. Bu məsələdə Rusiya paytaxtı Moskva öndə gedir və hələ 2006-cı ildə bu şəhərin Taqan rayonun rəhbərliyi ərazidə axırıncı "xruşşovka"nın sökülməsi barədə raport vermişdi. Ukrayna paytaxtı Kiyevdə də "xruşşovka"ları sökmək üçün geniş kampaniya başlanmışdı, amma şəhər rəhərliyi belə binaların həddindən çox olmasını nəzərə alaraq məsələni 20-30 il təxirə salmağı qərara aldı. Azərbaycanda da "xruşşovka"ların sökülməsinin vacibliyi barədə tez-tez çıxışlar edirlər. İçərisində hətta dövlət məmurları da olan bəzi memarlar və iqtisadçılar bu binaların istismar müddətinin başa çatdığını iddia edirlər.
Onların iddiasına görə, 1960-cı illərdə tikilmiş bu evlərin istismar müddəti cəmi 50 il imiş və 2010-cu ildən sonra onları mütləq sökmək lazımdır. Bəzən mətbuatda özünü hansısa memar təşkilatının sədri kimi təqdim edən şəxslər də qəribə şəkildə Azərbaycanda "yel xəstəliyinin", yəni revmatizmin məhz "xruşşovka"lardan sonra yarandığını iddia edirlər və sonra da bu binaların mütləq sökülməsinin vacibliyini vurğulayırlar.
Komitə sədri:
""Xruşşovka"ların və
digər panel evlərin
istismar müddətinin
başa çatması barədə deyilənlərin
heç bir əsası yoxdur"
Bu deyilənlər nə dərəcədə doğrudur? Doğrudanmı "xruşşovka"ların istismar müddəti başa çatıb və onlarda yaşamaq belə təhlükəlidir? "ANS press"-in araşdırması bu cür iddiaların əsassız olduğunu və bilərəkdən qızışdırıldığını ortaya çıxarıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayevin verdiyi məlumata görə, "xruşşovka"ların və digər panel evlərin istismar müddətinin başa çatması barədə deyilənlərin heç bir əsası yoxdur: "Bu məsələdə ümumi danışmaq olmaz və beton binaya konkret istismar müddətinin qoyulması doğru deyil. Hər şey real şəraitdən asılıdır, nəzəri baxımdan beton binaların istismar müddəti yüz illərlə ölçülür. Amma hər hansı bina normal istismar edilmədikdə yararsız hala salına bilər",- deyə DŞAK təmsilçisi vurğulayıb.
O, hazırda komitənin bununla bağlı heç bir planının olmadığını bildirib: "Bakıda minlərlə "xruşşovka" var, Gəncədə və Naxçıvanda da çox sayda tikilib. Belə söhbətləri edənlər bilərəkdən əhali arasında çaxnaşma yaratmağa çalışırlar". Eyni sözü, bu sətirlərin müəllifinə beton üzrə tanınmış mütəxəssis, professor Bünyad Sərdarov da bildirib. Alimin sözlərinə görə, Bakıda tikilmiş panel evlər yaxşı istismar edilərsə, 400-500 il əhaliyə xidmət göstərə bilər: "Sadəcə, binalara yaxşı baxmaq lazımdır".
"Xruşşovka"lar yeni
tikilən monolit-karkas evlərdən
daha möhkəmdir
Hər iki mütəxəssisin dediklərini tikinti nəzəriyyəsi və MDB məkanında son illərdə aparılmış tədqiqatlar da göstərir. 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş 7,4 bal gücündə zəlzələ zamanı yalnız iki bina - 7 bal zəlzələyə davam gətirmək üçün nəzərdə tutulmuş panel doqquzmərtəbəli binalar salmat qalmışdı. Qazaxıstanın Almatı şəhərində yapon mütəxəssisləri tərəfindən aparılmış müayinə panel evlərin zəlzələyə ən davamlı olduğunu ortaya çıxarıb. MDB məkanında, o cümlədən Bakıda indi geniş tətbiq monolit-karakas üsulu ilə tikilmiş binaların möhkəmliyi isə panel evlərdən xeyli aşağı olub və bu, təbiidir - monolit binalar panel binalardan 5 dəfə ucuz başa gəlir. Moskvada panel binaların tikintisi indi də davam edir və şəhər merinin müavini Marat Xusnullinin bu yaxınlarda mətbuata verdiyi məlumata görə, yerin qiyməti və infrastruktur xərcləri çıxıldıqdan sonra panel binalarda 1 kvadarmetrin qiyməti təxminən 45 min rubla, yəni 1071 manata başa gəlir. Amma monolit binalarda isə tikinti işləri kvadratmetr üçün 200 manatdan artıq pul tutmur.
Qeyd edək ki, Sovet İttifaqı kütləvi olaraq panel binaların tikintisinə başlayan zaman, bu cür bahalı texnologiya seçməsi bütün dünyanın heyrətinə səbəb olmuşdu və 1963-cü ildə Amerikanın "LIFE" jurnalı Moskvadakı kütləvi tikinti prosesindən fotoreportaj dərc etdirmişdi. Amerikalı fotoqraf Sten Veyman binaların özülünün qoyulmasından əhalinin mənzillərə yerləşməsinə qədər bütün prosesi işıqlandırmışdı. Fotoreportajda açıqca görünür - mənzillər qutu şəklində üst-üstə qoyularaq qaynaq edilir ki, bu da onların istənilən zəlzələ zamanı uçub tökülmə ehtimalını sıfra endirir. Yəni istənilən halda, hətta bəzi qaynaq nöqtələri qopsa belə, "xruşşovka"lar yeni tikilən monolit-karkas evlərdən daha möhkəmdir və tikinti nəzəriyyəsi Rusiya şəraiti üçün onların istismar müddətini 150-200 il nəzərdə tutur. DŞAK təmsilçisi Cahangir Qocayev isə Azərbaycanda "xruşşovka"lar üçün konkret istismar müddəti qoymağı düzgün saymır: "Rusiyaya baxmayın, orada şaxtalar betonu, panellərin birləşmə yerlərində amortizasiya üçün qoyulmuş rezini keyfiyyətdən sala bilər. Bizdə elə şaxtalar olmur".
Lakin Moskvadan daha sərt kontinental iqlimə malik Almatıda aparılmış müayinələr göstərir ki, hətta ilk tikilmiş 4 mərtəbəli binalarda belə betonda və birləşmə elementlərində dağılma yoxdur. Yalnız 1959-1962-ci illərdə tikilmiş binaların bəzilərində su düşmüş yerlərdə korroziya elementləri müşahidə edilib ki, bu da binanın ümumi möhkəmliyinə təsir etmir. Sonrakı illərdə tikilmiş binalarda isə heç bir dəyişmə müşahidə edilməyib. İki Almaniya birləşdikdən sonra alman mütəxəssisləri Şərqi Almaniyada sovet texnologiyası ilə tikilmiş binaları yoxlayıblar, onları təhlükəsiz və istismara yararlı sayıblar.
Bəs müxtəlif ölkələrin təcrübəsi bu binların istismara yararlı olduğunu ortaya çıxardığı halda, postsovet paytaxtlarından onların sökülməsi barədə niyə belə xorla təbliğata başlayıblar? Hər halda, bu paytaxtlarda sökülməsi vacib olan və daha ucuz başa gələn geniş zonalar var. Məsələn, Bakıda Dağüstü məhəllə, Kubinka, Papanin, Xutor, Alatva və Yasamal sakinləri daima bununla maraqlanırlar, çünki darısqal və heç bir yaşıllığı olmayan yarımxaraba bu məhəllələrin sökülməsi məsələsi artıq 30 ildir ki, gündəmdədir və həll edilə bilmir. Başqa postsovet paytaxtlarında da belə yarımxaraba zonalar yetərincədir. Belə olan halda, bəzi "ekspert"lər "xruşşovka"ların sökülməsində niyə belə israrlıdır?
"ANS press"in araşdırmasına görə, məsələnin kökündə Moskva təcrübəsi dayanır.
Nədir Moskva təcrübəsi?
Rusiya paytaxtında "xruşşovka"lar sökülərkən xüsusi dövlət yerləşdirmə proqramı tətbiq edilir və yeni karkas binalarda adambaşına 18 kvadratmetr mənzil verilir. Yəni yaşayış sahəsi 17 kvadratmert olan 1 otaqlı mənzilin sahibi 3-4 nəfərlik gənc ailəyə 54-66 kvadaratmetrlik yeni mənzil verilir. Bu, əhali arasında 1-2 otaqlı "xruşşovka"ları populyar edib, yəni ailələr prosesdən müəyyən qədər qazanclı çıxırlar. Amma ən çox qazanan korrupsioner məmurlar tərəfindən dəstəklənən iri tikinti şirkətləri olub, Rusiyada 1990-cı illərdə bəzi sıfırdan başlamışların indi oliqarx kimi tanınmasında məhz dövlət pullarının bu cür mənimsənilməsinin rolu az deyil. Sadəcə, bu binaların sayı elə də çox olmayıb və buna görə də ictimaiyyətin diqqətini cəlb etməyib. Məsələn, Moskvanın Taqan rayonunda cəmi 50 belə bina olub. Onu da yavaş-yavaş 7-8 ilə söküblər.
Moskvada "xruşşovka"ları sökərkən əsas kimi onların komfortsuz - yayda isti, qışda soyuq olmasını göstərirlər. Çünki bu binaların paneli sonra tikilmiş binalarınkına baxanda nazikdir. Yəni sonradan Orta Asiyanın istiləri və Rusiyanın şimal zonaların soyuğu nəzərə alınaraq panellər xeyli qalınlaşdırılıb. Məsələ ilk baxışdan həll edilməz kimi görünür və Moskvada "fəaliyyət göstərən" tikinti mafiyası məhz bundan istifadə edərək dövlət pullarını mənimsəyir. Amma Cahangir Qocayev "xruşşovka"ların bu probleminin həll edilən olduğunu bildirir: "Almaniyada bu binaların hamısına üzlük çəkildi. Bu, həmin binalardan istilik itkisinin qarşısını aldı". Türkiyədə də Bolqarıstan və Axıska türkləri üçün tikilmiş mikrorayonlarda da "xruşşovka"ların təcrübəsi nəzərə alınıb. Lakin orda qaz xətləri çölə çıxarılmaqla binalar daha təhlükəsiz hala gətirilib. Su xətləri bloka çıxarılıb, kanalizasiya xətti isə hamamlarda açıq aparılır ki, bu da onların korroziyaya səbəb olmasına imkan vermir. Yəni sovet binalarındakı şaxta sistemindən imtina oxşar binaların istismarını xeyli asanlaşdırıb. Yəni bu kimi kosmetik dəyişikliklər sovet bunalarına da tətbiq edilər bilər.
Və artıq edilməkdədir, artıq Bakıda və digər şəhərlərdə artıq bəzi panel binaların üzləniməsinə başlanıb, həmçinin bir çox binalarda kommunikasiylar şaxtadan kənara çıxarılıb. Bu, həmin binalarda yaşayışı daha komfortlu edib. Əgər həmin təcrübə bütün binalarda tətbiq edilərsə, sakinlərin sağlamlığı ilə yanaşı dövlət büdcəsi də qorunmuş olar - ən azından korrupsiya pulları ilə şişməyə çalışan tikinti şirkətlərinin bəd niyyətləri çin olmaz.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53