Milli Şuranın şüursuz sonluğu
11:29 21-08-2013
İQTİSADİYYAT
Milli Şuranın şüursuz sonluğu
Rəsul Quliyev müxalifət liderlərini satqınçılıqda ittiham etdi
Milli Şuranın 6 saat müzakirədən sonra demək olar ki, heç bir ciddi qərar çıxartmadan növbəti iclasa hazırlığa başladı. Aydın oldu ki, Milli Şuranın layihə kimi hazırlanan memorandumu müzakirəyə təqdim olundu.Memorandumda Milli Şura sədri Rüstəm İbrahimbəyovun qeydiyyata alınması ilə bağlı mövcud olan süni əngəlləri, onun üzvlərinə müraciətini və təkliflərini, eyni zamanda qurumun seçkilərdə iştirak etmək niyyətini nəzərə alaraq qeyd olunurdu ki, Milli Şura sədri R. İbrahimbəyovun prezidentliyə namizədliyi sona kimi dəstəklənsin; əgər Milli Şuranın seçki prosesindən kənarda qalmaq təhlükəsi olarsa, qurum üzvü olan potensial namizədlərin prezident seçkilərində iştirak etməsi məqsədəuyğun sayılsın.
Amma diqqəti cəlb edən başqa məqam idi. Belə ki, Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyinin qalması, ancaq partiyaların öz namizədləri ilə çıxış etməsi, əgər İbrahimbəyov ölkəyə qayıdarsa və namizədliyi qeydə alınarsa, partiyaların namizədləri geri çəkməsi təklifi 5 partiya tərəfindən razılıqla qarşılansa da, AXCP təmsilçiləri bu varianta etiraz ediblər.Bundan başqa sabiq deputat Gültəkin Hacıbəylidə toplantıda aktivlik göstərib və təklif edib ki, qurumun prezidentliyə namizədi ya İsa Qəmbər, ya da Əli Kərimli olsun. Təklif MŞ üzvləri tərəfindən qəbul olunmayıb. Uzun sürən müzakirə və mübahisələrdən sonra Müsavat və AXCP-nin mövqelərində yaxınlaşma yaranıb. Gərgin toplantıdan sonra keçirilən brifinqdə sessiya sədri, Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov jurnalistlərə bildirdi ki, MŞ-in seçkidə iştirakını təmin etmək üçün iki ideya vardı: "Ya yeni vahid ehtiyat namizəd seçilsin, ya bir neçə namizədlə seçkiyə gedilsin. Hər iki variantı tənqid edənlər və tərəfdarları var idi. Sessiyada 4 saata yaxın davam edən müzakirələr sonda səsverməyə qoyuldu. Bir səs fərqlə yəni, 43-ün 42-yə olmaqla ehtiyat vahid namizəd variantı üstünlük qazandı. Yaxın günlərdə növbəti iclasda yekun qərar qəbul olunacaq. Bu ideyanı reallaşdırmaq üçün məsləhətləşmələr aparılacaq".E.Namazov söylədi ki, İbrahimbəyovu vahid namizəd kimi sona qədər müdafiə edəcəklər: "Rüstəm müəllim qarşısındakı hüquqi problemləri həll edənə qədər ona dəstək verəcəyik. Ehtiyat namizəd o halda nəzərdə tutulub ki, Rüstəm müəllimin hüquqi problemləri həll olunmasa bu yolu seçək". Brifinqdə iştirak edən Müsavat başqanı İsa Qəmbər də jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, sentyabrın 4-ü son gündür: "Çox məhdud da olsa, bizim zamanımız var ki, vəziyyəti dəyərləndirək. Bizim ehtiyat vahid namizədlə bağlı təklifimiz o zaman nəzərə alınmadı. Amma indi zəruri olduğu qəbul edilir. Müsavat Partiyası ehtiyat vahid namizədin seçkidə qələbəsi üçün çalışacaq. Yeni namizədlə bağlı konkret neçə günə qərar veriləcəyini deyə bilmərik. Ancaq 1 ya 2 günlə dünya dağılmayacaq, yaxın günlərdə qərar qəbul ediləcək. Bunun ardınca isə növbəti 10 gün ərzində imzalar toplanacaq və MSK-ya təqdim ediləcək".Ekspertlər hesab edir ki, baş verənlər artıq bunu təsdiqləyir ki, Milli Şurada parçalanma mövcuddur və bir tərəfdə AXCP ilə Müsavat , digər tərəfdə isə Rüstəm İbrahimbəyov komandası dayanır. Elə səs vermələrdə Müsavat-AXCP cütlüyü tək bir səslə qalib gəldilər. Belə ki, AXCP-Müsavat tərəfdarları 43, İbrahimbəyov tərəfdarları isə 42 səs toplaya bildilər. Ekspertlər qeyd edir ki, Milli Şura məhz bu tərkibdə də parçalanmaya gedəcəklər. Amma iş orasındadır ki, bəzi məsələlərdə ortaq məxrəcə gələ bilən AXCP və Müsavat arasında da gərginlik mövcuddur . Hesab edilir ki, yaxın günlərdə bu gərginlikdə ortaya çıxacaq və İsa Qəmbərlə, Əli Kərimli seçkilərə ayrı-ayrılıqda qatılacaqlar. Amma hələ ki, alternativ yeni namizəd axtarışına başlanılıb. Bu dəfə gündəmdə Gültəkin Hacıbəyli ilə Rafiq Əliyevdir.Amma müşahidəçilər hesab edir ki, hər iki şəxs bu göstəricilərə sahib deyillər. Belə ki, Rafiq Əliyev dəfələrlə bildirib ki, o siyasətə qatılmayacaq və seçkilərdə iştirakıda bu baxımdan mümkünsüz görünür. Bundan başqa Rafiq Əliyev kifayət qədər zəif xarakterə malikdir və onun ciddi rəqib olacağını təsəvvür belə etmək mümkün deyil. Gültəkin Hacıbəyliyə gəldikdə isə sabiq deputat uzun illər elə hakimiyyətin ən aktiv təbliğatçısı olub və bu gün mövqeyini dəyişərək müxalifətdə olması birmənalı qarşılanmır, hətta onu hakimiyyətin öz projesi kimi qəbul edirlər. Bu səbəbdən AXCP və Müsavatın ona dəstək verməsi o qədərdə inandırıcı deyil. Bu arada Milli Şuranın iclasında heç bir uğura nail olmayan müxalifət liderlərini Rəsul Quliyev hədəfə alıb. Milli Məclisin eks-spikeri Rəsul Quliyev Milli Şuranın 19 avqust sessiyasında irəli sürülən ehtiyat namizəd qərarına qarşı çıxıb. Bu barədə Modern.az-a açıqlama verən sabiq parlament sədri eks-deputat Gültəkin Hacıbəylinin də namizədliyinin irəli sürülməsinin Milli Şura üçün faciə olduğunu deyib:"Milli Şuranın 19 avqust tarixli iclası höküməti məqsədinə xeyli yaxınlaşdırdı. Milli Şurada alternativ namizədin axtarılmasını anlamaq çox çətindir. Bir neçə hörmətli alim, informasiya işçiləri, keçmişdə deputat təyin olunmuş kimlərinsə alternativ namizədlikləri barədə müzakirə açmaq faciədir.Milli Şurada necə neytral ziyalı alternativ namizəd tapmaq olar, təsəvvür edə bilmirəm. Bu lap çinlilərin zərb-məsəlinə oxşadı: "Qaranlıq otaqda qara pişiyi tapmaq olmaz, xüsusilə əgər pişik orada yoxdursa". Sözsüz ki, bu zərb-məsəlin konkret insanlara aid olmadığını bilirsiniz. Bunun mənası sadəcə olaraq olmayan şeydə mövcudluq axtarmaq əbəs işdir deməkdir.
Mən düşünürdüm ki, 19 avqustda Milli Şura mitinqin niyə belə zəif təşkil olunmasının səbəblərini araşdıracaq, başqa heç bir məsələ müzakirə olunmayacaq. "Hava çox isti idi, ona görə camaat az gəldi" və ya "hökümətdən qorxurlar" səbəbləri göstərilir"-deyə eks-spiker hiddətlənib.
R.Quliyev həmçinin Milli Şurada yaranan kritik durumla əlaqədar müxalifət liderlərinə xəbərdarlıq edib.
"Milli Şuranın hər bir üzvü papağını qarşısına qoyub düşünsün, nə verdi 19 avqust müzakirəsi bu xalqa. Ümidsizlik, çaşqınlıq, apatiya, üz döndərmək, hökümətin ətəyindən tutmaq meyllərinin güclənməsi. Rüstəm İbrahimbəyov "kim istəyir namizədliyini versin" ideyasını ortaya atmışdı, nəyə görə vahid namizədə vahid alternativ ideyası ortaya çıxdı, belə bir alternativin olmadığını bilə bilə? Birinci Milli Şura işini belə qurduğuna görə cəmi 20 gün yaşadı. 100 il keçib, biz eyni səhvi təkrarlayırıq. Onda Nuru Paşa var idi, Milli Şuraya özünü bağlaması barədə ultimatum verdi. Müstəqil Azərbaycanın yaradıcıları Fətəli xan Xoyski başda olmaqla cəmi 9-10 nəfər idi. Bu şəxslər Müstəqil Azərbaycanın deklarativ yox, bütün real dövlətçilik atributlarını yaratdılar. Azərbaycanın taleyinin həll olunduğu bir vaxtda seyriçilik, heç kimin xətrinə dəyməmək mövqeyində dayana bilmərəm, bunları kimisə incitmək naminə demirəm. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır". Müxalifət daxilində baş verənlər isə hakim komandanın işini kifayət qədər asanlaşdırıb. Çünki aydın olan budur ki, Milli Şura ideyası artıq tam iflas olub və yeni çıxış yollarının aranmasına isə zaman yoxdur. Elə yeni Azərbaycan Partiyasının rəsmisi də bu fikirdədir. "Milli Şuranın vahid namizəd adı altında apardığı müzakirələr yalnız və yalnız imitasiyadan başqa bir şey deyil".Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Milli Şuranın avqustun 19-da keçirdiyi sessiyanın nəticələrini şərh edərkən deyib. M.Qurbanlı qeyd edib ki, əslində Milli Şurada hansısa ciddi müzakirənin getdiyini söyləmək doğru olmazdı: "Onlar hər dəfə toplaşaraq yenə də eyni sözləri təkrar edirlər. Onların namizədinin seçkiyə qatılıb-qatılmaması seçki prosesinə, seçkinin nəticələrinə heç bir təsir göstərmir. Azərbaycanda müxtəlif siyasi partiyaların nümayəndələri seçkilərə qatılıblar, seçkilər azad, ədalətli və demokratik seçkilər kimi tariximizə daxil olacaq və belə bir şəraitdə cüzi azlıqda qalan bir qrupun nümayəndəsinin seçkiyə qatılıb-qatılmaması əhəmiyyət kəsb etmir".
M.Qurbanlı əlavə edib ki, ona görə də, həmin qrumun toplaşaraq hay-küy yaratması, qara piar kampaniyası aparması, namizədin müəyyənləşdirməsi adı altında imitasiya etməsi onların yalnız və yalnız məğlubiyyətinin göstəricisidir: "İndiki şəraitdə yenə də namizəd müəyyənləşdirməsini növbəti mərhələyə saxlayıblar. Buyursunlar, bu, onların öz işidir. Rüstəm İbrahimbəyovun pasport məsələsi düzələnə qədər gözləsinlər. Qərar onlarındır. Onların seçkidə kimin və hansı şəxsin simasında qatılacağı da bizim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir".
M.Qurbanlı əlavə edib ki, Milli Şura deyilən qurum süni yaradılmış bir qrumdur və ora yığışanlar radikal müxalifətin nümayəndələridir: "Bütövlükdə götürdükdə radikal müxalifət Azərbaycanda heç bir sosial dayağa malik deyil və bunların ayın 18-də keçirmək istədikləri mitinq radikal müxalifətin siyasi ideoloji baxımdan iflası demək idi".
Milli Şurada yaşanan gərginliklə bağlı məsələyə münasibət bildirən YAP rəsmisi qeyd edib ki, Milli Şurada radikal qrupları təmsil edən iki əsas partiya, Xalq Cəbhəsi və Müsavat partiyaları arasında əvvələr də ziddiyyət var idi, bu gün də var: "Məhdud sayda elektorat üzərində özünün üstünlüyünü göstərmək üçün bu iki qrup arasında dartışma həmişə mövcud olub və indi Milli Şura deyilən qrumda da bu dartışma davam edir. Amma Milli Şurada onlardan başqa da radikal yönümlülər, o cümlədən özlərini müstəqil sayan adamlar var. Onlar da bu iki qrup arasında manevr etməklə məşğuldular".
M.Qurbanlının sözlərinə görə, proqnozlar onu göstərir ki, mənəvi və siyasi cəhətdən məğlubiyyətə uğramış bu qrup prezident seçkilərində iştirak adı altında suyun üstündə qalmaq istəyir: "Onların heç bir perspektivi yoxdur və kimin üzərində dayanaraq namizədliyini irəli sürəcəkləri də cəmiyyəti narahat etmir, çünki onlar cəmiyyətin maraq darəsində deyil".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40