Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Səhnəarxası görüşlər” kitabının təqdimat mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın banisi kimi dövlətçiliyimizin möhkəm təməllərini yaradıb. Ümummilli Liderin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz parçalanmaq təhlükəsindən xilas olaraq sabitlik və inkişaf yoluna çıxıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi daha da gücləndirərərk hərtərəfli inkişaf etdirib. Əldə olunan tarixi Qələbələr və suverenliyin tam bərpası Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli strateji xəttin təntənəsidir. Bu uğurlar təkcə hərbi sahədə deyil, siyasi və diplomatik sahələrdə də Azərbaycanın gücünü göstərib. Hər bir uğurun əsasında Ulu Öndərin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi milli maraqlara əsaslanan siyasət dayanır.

Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinin inkişafına, mədəni irsimizin qorunmasına və sənət adamlarına göstərdiyi diqqətdən bəhs edən Bəxtiyar Nəbiyev kitabın müəllifi olan Zamiq Əliyevə Ümummilli Liderin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinə həsr olunan kitabı ərsəyə gətirdiyinə görə təşəkkür edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Vüqar Rəhimzadə, Göydəniz Qəhrəmanov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev  Ulu Öndər Heydər Əliyevin və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətlərindən, əldə olunan Zəfərlərdən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, “Səhnəarxası görüşlər” kitabı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin nadir aspektlərini işıqlandıran əvəzsiz mənbədir. Əsər təkcə xatirə toplusu deyil, həm də siyasi portretin real insan obrazı ilə sintezidir. Kitabda təqdim olunan epizodlar Ümumilli Lider Heydər Əliyevin dərin analitik təfəkkürünü və yüksək idarəetmə bacarığını nümayiş etdirir. Liderin xalqla münasibətlərindəki səmimilik onun siyasi uğurlarının təməlində dayanır. Oxucu burada Ulu Öndər ilə sənət adamları arasında qopmaz bağın necə formalaşdığını aydın şəkildə görür. Çıxışların sonunda kitabın müəllifinə təşəkkürlər ifadə olunub.

Sonda çıxış edən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Səhnəarxası görüşlər” kitabının  müəllifi, xalq artisti, professor Zamiq Əliyev Ulu Öndər Heydər Əliyevlə olan xoş xatirələrini bölüşüb. Çıxışda Ulu Öndərin mədəniyyətə qayğısı və sənətkarlara olan diqqətindən bəhs olunub. Çıxışlarda mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunub. Qeyd olunub ki, bugünkü təqdimat mərasimi dərin məna daşıyır. “Səhnəarxası görüşlər” adlı bu kitab Heydər Əliyev dühasının az tanınan, lakin mühüm məqamlarını işıqlandırır. Oxucunu Ulu Öndərin sənətə, mədəniyyətə olan dəyərinin arxasındakı dahiliyi ilə tanış edir. Çıxışda Kitabın mədəniyyət və incəsənət sahəsində Ulu Öndərin xidmətlərinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Çıxışlardan sonra kitabın müəllifi, xalq artisti, professor Zamiq Əliyevə YAP Yasamal rayon təşkilatı adından qiymətli hədiyyələr təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasınını Himni səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.