Çinin Quyçjou əyalətində yeni dünya rekordu vuracaq körpünün tikintisi başa çatmaq üzrədir.

"Unikal" xəbər verir ki, Beypan çayını əhatə edən Huatsyan Qrand-Kanyon Körpüsü su səthindən 625 metr hündürlüyə çatacaq və 2025-ci ilin ikinci yarısında nəqliyyat üçün açılacaq. Layihə regionda ənənəni davam etdirəcək – Quyçjou artıq dünyanın 100 ən hündür körpüsünün yarısından çoxuna ev sahibliyi edir.

Qeyd edək ki, tikinti 2022-ci ilin yanvarında başlayıb və hazırda 95% tamamlanıb. "Guizhou Highway Group"un baş mühəndisi Çjan Şenlinin sözlərinə görə, körpü “Çinin infrastrukturunun gücünü nümayiş etdirən daha bir əlamətdar layihə” olacaq. O, Beypan çayı vadisinin "Yer çatı" kimi tanınan ən dərin hissəsindəki sahilləri birləşdirərək, keçid vaxtını bir saatdan bir dəqiqəyə qədər azaldacaq.

Nəqliyyat funksiyasından əlavə, körpü yeni turistik məkana çevrilməyi vəd edir. Qüllələrdən birində panoramik mənzərəli şüşə lift, ulduzları seyr etmək üçün bar və kafe olacaq. Həyəcan həvəskarları üçün şüşə döşəməsi və dünyanın ən hündür "bungee jumping" nöqtəsi olan müşahidə göyərtəsi var.