Aprelin 21-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə köçürülən 141 nəfərdən ibarət 34 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

***09:01

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.

"Unikal" xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb.

Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə – 141 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 21 ailə – 83 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.