Bitkiçilik sahələrinin inkişafı üçün ən vacib addımlardan biri bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasıdır. Qeydiyyata alınmış təsərrüfatlarda bitki xəstəlikləri və zərərvericilərin yayılmasının qarşısını alınmasına nəzarət daha asan və çevik formada həyata keçirilir.

"Unikal" xəbər verir ki, həmin təsərrüfatlarda aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər görülməsi üçün monitorinq və müşahidələr aparılır. Təsərrüfatlarda bitki xəstəlik və zərərvericilərindən azad toxum və tinglərdən istifadə təşviq edilir. Eləcə də torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır. 

Həmçinin təsərrüfat sahiblərinə zərərvericilərlə mübarizə üsulları, torpağın münbitliyinin artırılması, düzgün pestisid və gübrələmə üsullarından istifadə barədə təlimlər keçirilir. 

Görülən işlərin nəticəsində isə təsərrüfat sahibləri bitki və bitkiçilik məhsulları üçün dövlətdən fitosanitar sertifikatlar əldə edirlər. Bu da daxili bazarda məhsul satışını artırır, eləcə də xarici bazara daha asan çıxışı təmin edir. Eyni zamanda, beynəlxalq ticarətdə rəqabət qabiliyyətini gücləndirir. 

Qeyd edək ki, qeydiyyat yalnız qanunla tələb olunan addım deyil, həm də təsərrüfatların davamlı inkişafı, daha sağlam qida istehsalı və güclü bazar əlaqələri qurulması üçün mühüm tədbirdir.