Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizayn Həftəsi”nə start verilib. Bu həftə universitetin 50 illik yubileyi və Dizayn fakültəsinin yaranmasının 1 illiyi münasibətilə təşkil olunub. 21-25 aprel tarixlərini əhatə edəcək proqramın ilk günü AzMİU rəhbərliyi, digər ali təhsil müəssisələrinin rəhbərliyi, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova açılış mərazimi zamanı çıxışında AzMİU-nun dizayn sahəsindəki peşəkar yanaşmasını və təhsil keyfiyyətini diqqətə çatdırıb, tələbələrin yaradıcı potensialının gücləndirilməsi və dizayn təhsilinin cəmiyyətdə daha çox tanınması istiqamətində atılacaq addımlar barədə fikirlərini bölüşüb. Rektor bu tədbirin həm tələbələrin inkişafına, həm də dizaynla bağlı qlobal trendlərin Azərbaycanda daha çox tanınmasına böyük töhfə verəcəyini qeyd edib.

Dizayn Həftəsi beş gün ərzində müxtəlif sərgilər, ustad dərsləri, açıq qapı günü, panel müzakirələr və yekun təqdimatlar kimi genişmiqyaslı tədbirlərlə davam edəcəkdir. Tədbirin ilk günü açılış mərasimindən sonra dizayn istiqamətləri üzrə tələbə işlərindən ibarət sərgilərin təqdimatı keçirilib. Bu sərgilərdə AzMİU-nun Təsviri İncəsənət, Qrafik və Media Dizaynı, Mühit Dizaynı kafedralarının tələbələrinin əl işləri nümayiş olunmuş, həmçinin tanınmış fotoqraf Ziya Alisoyun fərdi fotosərgisi iştirakçılara təqdim edilib. Sərgilər tələbələrin yaradıcı qabiliyyətlərini nümayiş etdirmək və dizayn sahəsindəki ən yeni trendləri göstərmək üçün mükəmməl bir platforma olub.

AzMİU-da keçirilən ilk "Dizayn Həftəsi" çərçivəsində bir sıra əlamətdar tədbirlər baş tutacaq. 22 aprel tarixində ustad dərsləri və təcrübə mübadiləsi sessiyaları keçiriləcək, burada sahənin tanınmış peşəkar dizaynerləri və sənaye mütəxəssisləri iştirak edərək, iştirakçılara fotoqrafiyanın dizayndakı rolu, vizual ifadə vasitələrinin əhəmiyyəti, yaşıl dizaynın gələcəyi və maketləşdirmə prinsipləri kimi mövzularda dərindən məlumat verəcəklər. Bu dərslər, həmçinin təbiətin dizayndakı rolu və fərdi mebel avadanlıqlarının kiçik ölçülü tətbiqi barədə müzakirələrə imkan yaradacaqdır.

23 aprel tarixində keçiriləcək “Açıq Qapı Günü” isə abituriyentlər, valideynlər və dizayna marağı olan hər kəs üçün böyük bir fürsət olacaq. Bu tədbir iştirakçılara dizayn fakültəsinin tədris prosesi ilə yaxından tanış olmağa, tələbələrin işlərini yerində görərək fakültə mühiti haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək.

24 aprel tarixində “Təhsildə süni intellekt alətlərindən istifadə” mövzusunda panel müzakirəsi təşkil ediləcəkdir. Bu müzakirə dizayn təhsilində süni intellektin tətbiqi və texnologiyanın dizayn sahəsinə təsiri barədə fikir mübadiləsi aparmaq üçün unikaldır. Paneldə sahənin mütəxəssisləri və gənc dizaynerlər iştirak edəcək.

Dizayn Həftəsi 25 aprel tarixində yekun mərasimlə başa çatacaq. Tədbir, AzMİU-nun dizayn tədrisinin tarixini və Dizayn fakültəsinin keçən bir ildəki fəaliyyətini nəzərdən keçirəcək, həmçinin tələbələrin seçilmiş layihələrini nümayiş etdirəcək və müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçiriləcəkdir.