İndoneziyada yaşlı qadın bomba zarafatına görə təyyarədən çıxarılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Cakartanın Soekarno-Hatta hava limanında çantasında bomba olması ilə bağlı zarafat edən sərnişinlə insident baş verib. Yaşlı qadın havaya qalxmazdan əvvəl dərhal "Batik Air" təyyarəsindən çıxarılıb.

Hadisə yerindən olan görüntülərdə qadının sakitcə əşyalarını yığaraq aviasiya təhlükəsizliyi əməkdaşlarının nəzarəti altında təyyarəni tərk etdiyi görünür. O, müqavimət göstərməyib və əməkdaşların göstərişlərinə əməl edib. Qadının təxliyəsi zamanı digər sərnişinlər öz yerlərində qalıblar.

Bildirilir ki, ekipaj standart protokola əməl edib - pilotlar insidentlə bağlı məlumatlandırılıb və təhlükəsizlik xidməti araşdırma aparıb. Sərnişin üzərində heç bir təhlükəli əşya aşkar edilməyib, lakin o, yenə də uçuşdan çıxarılıb.

Təyyarənin uçuşu iki saat gecikib. “Batik Air”in sözçüsü qadının “təhdid elementi olan açıqlama verdiyinə” görə aviaşirkətin qara siyahısına salındığını təsdiqləyib.