Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.
"Unikal" xəbər verir ki, zərərçəkmiş şəxs Elxan Ələkbərov ifadəsində Şuşa Milis Şöbəsində çalışdığını, işğala qədər və işğal zamanı hadisələri gördüyünüyü bildirib.
E.Ələkbərov Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları ilə bağlı 1988-ci il sentyabrın 20-də yaşadığı Şuşa şəhərində komendant saatı tətbiq olunduğunu söyləyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq deyib: “Müxtəlif zamanlarda bizim Ağdama gediş-gəlişimizdə, digər rayonlarla əlaqə saxlamağımızda böyük problemlərlə qarşılaşırdıq. Yolda bizi daşa basırdılar. Rəhmətlik atamı da avtobusda başını daşla vurub yarmışdılıar. Bəlkə də ölüm səbəbi elə ondan olub”.
O, sonralar Şuşanın xüsusən Topxana və Şuşakənd istiqamətlərindən ağır artilleriya atəşinə məruz qaldığını bildirib: “Top atəşi ilə vururdular, “Alazan” tipli raketlər atırdılar. Məsələn, mülki şəxs Fərhadov Füzuli Aydın oğlu evində oturarkən “Alazan” tipli raket düşməsi nəticəsində qətlə yetirilmişdi”.
Zərərçəkmiş şəxs 1991-ci il noyabr ayının 5-də Şuşanın Nəbilər kəndinə olan hücumdan da bəhs edib: “Kənd sakini, mülki şəxs Vahid Sevindiyov qətlə yetirildi. Həmin döyüşdə mən başımdan ağır güllə yarası aldım. Uzun müddət bunla bağlı xəstəxanada qaldım, sonra hospitaldan tərxis olub şəhərimizə qayıtdım”.
O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında Şuşanın növbəti dəfə artilleriya atəşinə tutulması zamanı milis şöbəsinin vurulduğunu, milis əməkdaşı Nizami Məmmədovun şəhid olduğunu deyib: “Daha iki milis işçisi yaralandı. Yaralılardan Sadıq Hüseynov sağalmadı, şəhid oldu”.
Zərərçəkmiş şəxs su kəmərlərinin partladılması və yolların bağlanması nəticəsində Şuşa əhalisinin su və çörək çatışmazlığından əziyyət çəkdiyini deyib: “1989-cu ilin sonundan 1992-ci ilin mayına qədər davamlı atəş altında yaşamışıq”.
Zərərçəkmiş şəxs Şuşanın işğalı barədə danışarkən əhalinin şəhəri tərk etməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən heç bir dəhlzi verilmədiyini də söyləyib: “Mülki əhalinin çıxması üçün dəhliz verilsəydi, mütləq bilərdim. Heç bir dəhliz olmayıb. Əhali şəhəri çox əziyyətlə tərk etd. Məsələn, Firuzə adlı bir qadın yoxuşu qalxanda ürəyi partlayıb öldü”.