"Bakcell" digər mobil operatorlara savaş açdı
14:08 23-08-2013
İQTİSADİYYAT
"Bakcell" digər mobil operatorlara savaş açdı
Şirkət Mobil Nömrə Daşınması prosesinin yubadılmasının məsuliyyətini rəqiblərinin üzərinə atdı
Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında yeni "soyuq müharibə"nin düyməsi basılıb. Buna səbəb "Bakcell" şirkətinin dünən yayılan açıqlamasıdır.
Belə ki, bir müddətdir ölkə mətbuatında Mobil Nömrə Daşınması prosesinin yubanması ilə bağlı tənqidi yazılar dərc edilir. Artıq bu məsələyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də əl qoyub. Nazirlik prosesin reallaşmasını ləngitdiyi üçün ölkənin mobil operatorlarını məhkəməyə verəcəyini bəyan edib.
Belə bir vəziyyətdə "Bakcell" şirkəti dünən bir bəyanatla çıxış edib və Mobil Nömrə Daşınması prosesinin gerçəkləşməsinin yubanmasını rəqib şirkətlərin - aydın məsələdir ki, "Azercell"lə "Azərfon"un üzərinə atıb.
"Bakcell"in bəyanatında deyilir: "Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bildirir ki, Mobil Nömrə Daşınması (MND) prosesinin digər operatorlar tərəfindən tətbiq olunmaması səbəbindən öz nömrələrini Bakcell şəbəkəsinə daşımaq istəyən abunəçilərin müraciətləri hazırda yerinə yetirilə bilmir. Nömrə daşınmasını həyata keçirmək xidmət digər mobil operatorlar tərəfindən də dəstəklənməlidir. Bakcell şirkəti Mobil Nömrə Daşınması (MND) prosesini 01 avqust 2013-cü il tarixində, yəni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təyin etdiyi tarixdə istifadəyə verən ilk mobil operatordur. Hazırda Bakcell şirkəti digər operatorların abunəçilərinin nömrə daşınması ilə müraciətlərini qeydə alır, lakin MND prosesi bütün operatorların hazırlığı və iştirakını tələb edir. Bu hələ mümkün olmadığından Bakcell şəbəkəsinə qoşulmaq istəyən abunəçilərə bu mərhələdə ilkin qeydiyyat formasını doldurmaq təklif olunur. MND, prosesin bütün iştirakçıları tərəfindən istifadəyə veriləndən sonra Bakcell şirkəti həmin abunəçilərlə elektron poçt və ya telefon vasitəsilə əlaqə saxlayaraq ən sərfəli MND təklifini bildirəcək. İlkin qeydiyyat formasını doldurmaq, MND və nömrənin Bakcell şəbəkəsinə daşınması barədə daha ətraflı məlumat əldə etmək üçün, fərdi və korporativ müştərilər Bakcell şirkətinin xidmət mərkəzlərinə müraciət edə və ya MND üçün nəzərdə tutulmuş xüsusi mnd.bakcell.com internet səhifəsinə daxil ola bilərlər. Bakcell 2012-ci ilin əvvəllərində şəbəkədaxili zənglər üçün nömrənin əvvəlinə 055 prefiksini tətbiq etməklə və yeni 10 rəqəmli yığım formatına keçməklə MND-nin tətbiqinə hazırlıq işlərinə başlayan ilk şirkət olub.
Bakcell əmindir ki, MND prosesi Azərbaycanın mobil rabitə bazarında rəqabəti artıracaqdır".
"Bakcell"in ittihamlarına hələlik digər mobil operatorlardan heç bir cavab verilməyib. Amma istisna edilmir ki, yaranmış bu vəziyyət ölkənin üç mobil operatoru arasındakı "soyuq savvaş"ı daha da dərinləşdirəcək və şiddətləndirəcək.
Qeyd edək ki, "Bakcell", "Azərfon" və "Azərcell" arasında zaman-zaman münasibətlərin kəskin pisləşməsi müşahidə edilir. Müxtəlif vaxtlarda bu şirkətlərin konflikti hətta məhkəmə müstəvisinədək gedib çıxıb. Maraqlı burasıdır ki, həm "Bakcell"in, həm də "Azərfon"uün məhkəmə çəkişmələri əsasən "Azərcell"ədir. Sonuncu ölkənin mobil rabitə bazarında inhisarçı mövqelərə sahibdir. Elə bu səbəbdən də digər mobil operatorlar daim "Azərcell" arasında ixtilaf yaşanır, məhkəmə ilə bərabər, onelar arasında qarşılıqlı şiddətli ittihamlar səslənir.
İndi bəzi ekspertlər də istisna etmir ki, "Bakcell"in bəyanatında ad çəkilməsə və ittihamlar kifayət qədər ümumi xarakter daşısa da, əslində bir nömrəli hədəf yenə "Azərcell"dir. Bunu açıqlamanın son cümləsi də təsdiqləyir. Bəyanatı "Bakcell əmindir ki, MND prosesi Azərbaycanın mobil rabitə bazarında rəqabəti artıracaqdır" sözləri ilə yekunlaşdırmaqla əslində adıçəkilən mobil operator eyham vurmuş olur ki, Mobil Nömrə Daşınmasının işə düşməsi bazardakı inhisarçılığı aradan qaldırmağa yönəlmiş mütərəqqi addımdır; amma öz monopolist maraqları naminə bunu istəməyən, rəqabət mühitinin yaranmasını arzulamayanlar var. Ad çəkilməsə də, nəzərə alsaq ki, bazardakı inhisarçı mobil şirkət "Azərcell"dir, onda "Bakcell"in ittihamlarının gizli hədəfinin məhz o olduğuna şübhə yeri qalmır.
İndi maraqlı olan qarşı tərəfdən "Bakcell"ə hansı cavabın veriləcəyidir. İstənilən halda isə bunun mobil şirkətlər arasında yeni "soyuq savaş" mərhələsi kimi dəyərləndirməmək mümkün deyil. Buradan kimin qalib çıxacağını isə yəqin ki, qarşıdakı günlərdə görəcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40