Milli Şuranın yeni Rüstəm İbrahimbəyovu
14:09 23-08-2013
İQTİSADİYYAT
Milli Şuranın yeni Rüstəm İbrahimbəyovu
Müxalifətin ehtiyat namizəd ideyası prezident
seçkilərindəki məğlubiyyəti pərdələməyə hesablanıb
2013-cü il prezident seçkilərinin təbliğat kampaniyasına start verildiyi andan siyasi müstəvidə mövcud olan qüvvələr cəbhəsində xaotik proseslər davam etməkdədir. Cənubi Qafqazın ən strateji nöqtəsi olan ölkəmizdə seçkiqabağı gedən qaranlıq oyunlar getdikcə gün üzünə çıxmaqdadır. Müxtəlif partiyalar öz namizədlərini irəli sürdüyü ölkədə hakim partiyaya "rəqib" kimi görülən, klassik Azərbaycan müxalifətinin iri partiyalarının birləşdiyi Milli Şura adlı siyasi blok seçkilərə az vaxt qalmasına baxmayaraq hələ də vahid namizəd məsələsində son qərarı qəbul edə bilməyib.
Mahiyyət etibarı ilə Vatikan konklavının son toplantılarını xatırladan Milli Şuranın uzun sürən, üzücü və bitmək bilməyən yığıncaqlarında, Şurada birləşən partiyaların liderləri onlar üçün son siyasi avantüra sayıla biləcək 2013 seçkilərindən sonra zamanın labüdləşdirdiyi siyasi aşınmadan maksimum salamat qurtara bilmək üçün öz maraqlarından çıxış edərək, qurumun vahid namizədi məsələsinin həllini uzatmaqla məşğuldurlar.
Həmişə müxalifətin vahid namizədi olmaq və bunun üçün əllərindən gələni edən klassik və artıq ictimaiyyətin və hakimiyyətin mahiyyətlərinə yaxşı bələd olduqları müxalifət liderləri bu dəfə sanki bir-birinə qarşı "siyasi centlemen" kimi davranaraq, vahid namizəd olmağa nəinki tələsmirlər, hətta bu fikirdə olmadıqları hər hallarından, verdikləri bəyanatlardan, etdikləri çıxışlardan belə aydın görünür. (Bu hal mənə Təbrizdə məşhur olan bir lətifəni xatırlatdı. Təbrizdə niyə metro yoxdu sualına təbrizlilər belə cavab verirlər: "Baba, Bakının metrosunda vaqonlar 3-4 dəqiqədən bir gəlir. Hamı minib-düşməyə macal tapmalıdı axı. Amma Təbrizdə metro olsaydı, təbrizlilər bir-birinə "baba sən buyur, baba keç qabağa, yox əstağfürullah baba, ancaq sənnən sonra, deyərək metronun intervalını pozar, nəticədə isə metro şəhərin altını boş dolanmaq məcburiyyətində qalardı).
Hazırda klassik müxalifətin birləşdiyi Milli şura adlı qurum, "tanış üzlər, tanış səslər" proqramını xatırladır. Yalnız burada qonaq olan Rüstəm müəllim təzədir. Həmişə müxalifətimizin klassik kəsimi tərəfindən o qədər də sevilməyən İbrahimbəyov naməlum səbəbdən birdən-birə onların liderinə çevrilib. Hətta ona o qədər vurulublar ki, uğurunda bir-birini həbsxanaya saldırmağa, imkanları olsa, öldürməyə belə hazır olduqları "birləşmiş müxalifətin" vahid namizədi belə ediblər. Həmişə rəsmi orqanlarında Rusiya və onun son 150 ildə Azərbaycana və azərbaycanlılara qarşı yürütdüyü diskriminasiya, deportasiya və hətta soyqırım siyasətini diqqət mərkəzində saxlayan klassik "milli müxalifətimiz"in bu mənəvi reinkarnasiyasının səbəbi nədir görəsən əcəba? Rusiyanın emissarı sayıla biləcək İbrahimbəyovun vahid namizədliyini irəli verməklə psevdomüxalifətçilərimiz nəyi hədəfləyirlər?
Burada məsələnin kökləri tamam başqadır. Artıq siyasi səhnədən birdəfəlik silinəcəklərini hiss etdiklərindən, hər birinə gün kimi aydın olan 2013 prezident seçkilərindəki məğlubiyyət, onları taktikalarını dəyişməyə vadar edib. İndiki şəraitdə irəli çıxacaq hər bir lider gözəl dərk edir ki, labüd olan məğlubiyyətdən sonra siyasi karyerası ilə birdəfəlik vidalaşmalı olacaq. Seçkilərdə iştirak etməməyin də hər biri üçün siyasi intihar olduğu nəzərə alsaq, özünüqorumaq instinktinin beyinə saldığı ilk ideya "günah keçisi" ideyasıdır. Bu ideyanın ağıllarına hakim olduğu klassik müxaliflər üçün bu baxımından Kreml layihəsi lap göydəndüşmə oldu. Tələsik antirus cildlərini dəyişərək, buqələmun kimi "beynəlmiləlçi aristokrat" cildinə girərək "səhranın ağ günəşinin" kölgəsinə sığındılar. Son hadisələrin inkişafı isə onu göstərdi ki, "ağ günəşin doğması" hələ uzun müddət yubanacaq. Belə olan halda "ehtiyat namizəd" məsələsi haqqında cəmiyyətə informasiya sızdırıldı. Milli şuranın daxilindəki proseslər isə onu bir daha sübut etdi ki, klassik müxalifətin heç bir lideri vahid namizəd olmayacaq. Seçkiləri ciddi qəbul etməyən müxaliflər indi Milli şuranın daxilində elektorat ovuna çıxıblar. Aradan keçən 20 il ərzində elektoratına verdiyi sözün heç birini yerinə yetirə bilməyən İsa Qəmbərin başqanlıq kreslosu artıq laxlamağa başlayıb. Onun bütün cəhdləri özünü partiya daxilində yaranmış ciddi müxalifətdən qorumaqdan ibarətdir. Klassik qanadın digər lideri olan Əli Kərimlinin isə İsa Qəmbər kimi elə bir probleminin olmaması, ona "küskün kütlə" və gələcəkdə Müsavatdan qopa biləcək elektoratın ovuna çıxmağa imkanı verir.
Digər tərəfdən həm də Milli Şurada baş verən proseslər bir futbol oyununu xatırladır. Oyun həlledici oyundur, bəzi oyunçuların "diskvalifikasiyası" ilə yanaşı birdəfəlik futboldan uzaqlaşdırılmaq ehtimalları da var. Milli şura komandasının ehtiyat skamyasında hələlik ehtiyat oyunçu görünmür. Bəlkə də cənab İbrahimbəyov ehtiyat, onu əvəzləyəcək və ya dublyor oyunçu axtarışındadır. Bu isə o deməkdir ki, Rüstəm İbrahimbəyov altına girdiyi işin məsuliyyətini, ağırlığını və ətrafında toplaşıb onu qabağa verənlərin etibarını və sədaqətini gözəl başa düşür.
Oyunun sonunu bildirəcək olan hakimin uzun fitinin çalınmasına lap az qalıb, Milli şuranın həvəskarlarından ibarət komanda isə hələ nə məşqçisini, nə kapitanını, nə də qapısını müəyyənləşdirə bilməyib.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40