Aqressiv müxalifət böhrandan çıxa bilmir
14:11 23-08-2013
İQTİSADİYYAT
Aqressiv müxalifət böhrandan çıxa bilmir
"Milli Şura" fiaskosu bu düşərgənin tənəzzülünü sürətləndirdi
Dağıdıcı müxalifətin "Milli Şura"sının prezident seçkilərinə hansı namizədlə gedəcəyinə aydınlıq gətirə bilməməsi onun iflası ilə nəticələndi. Hazırda bu düşərgədə yaranmış vəziyyətin kritikliyini və düşdükləri böhrandan çıxmalarının mümkünsüz olduğunu "Milli Şura"da toplanmış partiyaların təmsilçiləri də etiraf edirlər.
"Milli Şura" təmsilçiləri məyusluqlarını
gizlədə bilmirlər
Məlum olduğu kimi, "Milli Şura"nın qeyri-konstruktiv xarakterdə və qarşılıqlı ittihamlar şəraitində keçən 19 avqust sessiyasında dağıdıcı müxalifət partiyaları "ehtiyat vahid namizəd"lə bağlı konsensus əldə edə bilməyiblər. AXCP-nin təklif olunan variantların heç birini dəstəkləməməsi fikir ayrılıqlarını dərinləşdirib. Nəhayət, çayxanada bir araya gələn müxalifətçilər müəyyən razılıq əldə ediblər. Uzun sürən müzakirə və mübahisələrdən sonra Müsavat və AXCP seçkilərə "vahid namizəd"lə yanaşı, "Milli Şura"nın "ehtiyat namizəd"lə qatılmasını məqsədəuyğun sayıblar. Digər partiyalar onların bu fikrinə qarşı çıxsa da, məsələ səsə qoyulub və 1 səs üstünlüyü ilə qəbul edilib. Beləliklə, "ehtiyat vahid namizəd"lə bağlı Müsavatın təklifi nəzərə alınıb.
Lakin bir səs üstünlüyü ilə qəbul olunan bu qərar "Milli Şura"da təmsil olunanların hamısının ürəyincə olmayıb. Şərti olaraq Eldar Namazovun qrupuna daxil olan partiyalar bu qərarı özlərinin məğlubiyyəti kimi dəyərləndiriblər. Eldar Namazova yaxınlığı ilə seçilən Zəfər Quliyev yaranmış vəziyyət və çıxış yollarından danışarkən bildirib ki, "Milli Şura"nın 19 avqust sessiyası onda məyusluq yaradıb. Onun sözlərinə görə, bu qərar "Milli Şura"nı yaranmış böhrandan çıxaran deyil, əksinə, daha ciddi böhrana sala bilər.
Yaranmış böhranlı vəziyyətlə bağlı AXCP-ni ittiham edən Zəfər Quliyev yalnız Əli Kərimlinin fərqli mövqedən çıxış etdiyini, ancaq onun mövqeyini əsaslandıran ciddi arqument görmədiyini bildirib: "Əli Kərimli yeni bir "ehtiyat namizəd" müəyyənləşdirmək variantını müdafiə edirdi. Hətta AXCP bəyan etdi ki, Rüstəm İbrahimbəyovun təklif etdiyi variant qəbul olunacaqsa, onlar açıq bəyanatla çıxış edəcəklər və hətta "Milli Şura"nı tərk edə bilərlər".
Zəfər Quliyev böhranın dərinləşə biləcəyi təhlükəsinin olduğunu da vurğulayıb: "Bu formada biz böhrandan çıxa bilməyəcəyik. "Milli Şura"da faktiki olaraq dörd partiya ilə iki partiya arasında yollar ayrılsa, "Milli Şura" "İctimai Palata"nın formatına dönəcək. Onda sual olunur: "İctimai Palata" neçə ildir var və mübarizə aparır və "İctimai Palata"da da həmin iki partiya təmsil olunursa, ehtiyac varmı Milli Şuraya?"
Zəfər Quliyevin özünün özünə ünvanladığı bu sual hələ "Milli Şura" ideyası ortaya atılanda verilmişdi. O zaman "Milli Şura"nın yaradılmasının zəruriliyindən, bu qurumun Azərbaycan xalqını təmsil edəcəyindən bəh-bəhlə, böyük pafosla danışanlardan biri elə Zəfər Quliyevin özü idi.
"Milli Şura"nın son sessiyası ilə bağlı müsahibə verən Eldar Namazovun da fikirlərində kifayət qədər məyusluq və ümidsizlik sezilir. "Əsas məsələ konsensusa nail olmaqdır. Ümid edirəm ki, bunu bacaracağıq", - deyə Eldar Namazov açıq etiraf etməsə də, bir suala verdiyi iki cümləlik cavabla, daha doğrusu, deməyə söz tapmamaqla təmsil etdiyi düşərgənin böhrandan çıxa bilmədiyini təsdiqləyib.
Müsavat funksioneri Arif Hacılı isə öz "Facebook" səhifəsində "Milli Şura"nın düşdüyü durumu belə ifadə edib: "Etiraf etməliyik: dalana dirənmişik. Çünki "Vatikan sistemi ilə qərarlar qəbul etmək lazımdır" deyənlər "kardinallar" müəyyənləşərkən prinsipsizliyə yol verdilər. Bunun nəticəsində istənilən halda seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər "Milli Şura" üzvü ola bildi".
ACP, KXCP, Liberal
Partiyası və "EL" "Milli Şura"nı boykot etdilər
"Milli Şura"nın 19 avqust iclasından elə müxalifət mətbuatının verdiyi informasiyalardan aydın bilindi ki, səsvermənin nəticələri elan olunan kimi ACP, KXCP və Liberal Partiyası, o cümlədən "EL" hərəkatının bəzi üzvləri "Milli Şura"dan çıxdıqlarını söyləyərək iclas zalını tərk ediblər.
Bu məlumat nə qədər təkzib edilsə də, dünən məlum oldu ki, ACP, KXCP, Liberal Partiyası və "EL" hərəkatı "Milli Şura"nı boykot ediblər. Belə ki, iki gün ərzində Eldar Namazov, Əli Kərimli, İsa Qəmbər və digərləri arasında davam edən telefon danışıqlarından sonra "vahid namizəd" məsələsində konsensusa gələcəklərini ümid edən "Milli Şura" təmsilçiləri dünən növbəti sessiya keçirmək qərarına gəliblər.
Lakin avqustun 20-də "Milli Şura" daxilindəki vəziyyətlə bağlı yeni məlumat yayılıb. Məlum olub ki, "Milli Şura"nın üzvü olan ən azı 4 partiya 21 avqust sessiyasını boykot etməyə qərar verib. "EL" hərəkatının rəhbərlərindən biri olan Zəfər Quliyev deyib ki, onun təmsil olunduğu təşkilatın üzvlərinin 99 faizi 21 avqust sessiyasının keçirilməsinin əleyhinədir. Çünki "EL" hərəkatı "Milli Şura"nın 19 avqust tarixli sessiyasında cəmi 1 səs üstünlüyü ilə qəbul olunan məlum qərara qarşıdır. Zəfər Quliyev həmçinin deyib ki, onlar ACP, ALP və KXCP ilə də əlaqə saxlayıblar və bu dörd təşkilat həm yeni "vahid namizəd", həm də sessiya mövzusunda ortaq qərar verib: "Biz sessiyanın keçirilməsini istəmirik. Hesab edirik ki, "Milli Şura"nın 19 avqust sessiyasında qəbul olunan qərar yanlışdır və buna görə də həmin qərarın həyata keçməsi yönündə hər hansı bir addıma dəstək verməyəcəyik".
Əvvəldən də məlum idi ki, "Milli Şura"da Rüstəm İbrahimbəyovun namizədliyinin tərəfdarı olanlar avqustun 19-da qəbul olunan qərarla razılaşmayacaqlar. KXCP, Liberal Partiyasının və Açıq Cəmiyyət Partiyasının "Milli Şura"da digər şəxsin namizədliyini dəstəkləməyəcəyi aydın idi. Deyilənlər özünü doğrultdu.
İsa Qəmbər avqustun
29-na kimi vaxt qoyub
"Milli Şura"da hazırda cərəyan edən proseslər İsa Qəmbərin maraqlarına tam cavab verir. Bununla yanaşı, İsa Qəmbər Rüstəm İbrahimbəyov gəlməyəcəyi və "Milli Şura"nın "ehtiyat namizəd" məsələsində ortaq məxrəcə gələ bilməyəcəyi təqdirdə sənədlərini Mərkəzi Seçki Komissiyasına verəcəyini bir daha bəyan edib. Xatırladaq ki, "Milli Şura"nın əvvəlki sessiyasında İsa Qəmbər avqustun 19-na kimi vaxt qoymuşdu. Son sessiyada isə bildirib ki, avqustun 19-u oldu, ancaq Rüstəm İbrahimbəyovun namizədlik məsələsi həll olunmadı. Uzun müzakirələrdən sonra Müsavat sədri avqustun 29-dək gözləməyə razılaşıb və bildirib ki, bu, son müddətdir.
İsa Qəmbər əmindir ki, aqressiv müxalifətin "Milli Şura" adı altında birlik görüntüsü daha olmayacaq. Həm də əmindir ki, Rüstəm İbrahimbəyov seçkiyə qatıla bilməyəcək və onun yerinə müxalifətin "vahid ehtiyat namizəd"i olmayacaq. Ona görə artıq Müsavat özünün seçki qərargahını formalaşdırıb və sənədlərini sentyabrın 4-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
"Milli Şura"nın son sessiyasından sonra dağıdıcı müxalifət cəbhəsində vəziyyət həmişə olduğundan daha çox mürəkkəbləşib, fikir ayrılıqları və qarşıdurma dərinləşib. Proseslərin gedişatı göstərir ki, "Milli Şura" mifi artıq dağılıb. Bu uğursuzluq isə aqressiv müxalifətin məhvini bir qədər də sürətləndirib.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40