Aprelin 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb.

"Unikal" xəbər verir ki, bu mərhələdə köçürülən 158 nəfərdən ibarət 35 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi  nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

***08:27

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

"Unikal” xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.

Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.

Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.