Müsavat-AXCP ziddiyyətləri...
14:14 23-08-2013
CƏMİYYƏT
Müsavat-AXCP ziddiyyətləri...
Və ya rüsvayçı tarixə söykənən acı həqiqətlər
Azərbaycanda hər seçkiöncəsi AXCP-Müsavat qarşıdurması özünü daha qabarıq şəkildə büruzə verir. Hətta bu faktorun bir ənənə şəklini alması iddiaları da özünü kifayət qədər doğruldub. Yəni bu gün Milli Şura daxilində iki partiya arasında yaşanan ixtilaflar ilk deyil. Bu, bir daha sübut edir ki, onlarda ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə həmin partiyalar arasında davamlı gərginlik yaşanır.
Beləliklə, aydın olur ki, AXCP və Müsavat partiyaları arasında qarşıdurmalar əbədi olaraq davam edir. 1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında gözdə görünməsə də, bəzi hallarda daha kəskin xarakter alan qarşıdurma mövcuddur. Xüsusilə qeyd etmək mümkündür ki, ənənəvi qarşıdurmalar hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq hazırkı həddə qədər inkişaf edib. Bəlli olduğu kimi, hələ 90-cı illərin ortalarında parçalanmamış AXC-nin tərkibində yaradılan "Yurd"-a rəhbərliyi Əli Kərimli edib. "Yurd" un əsas məqsədi Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də Əli Kərimlinin cəbhənin sükanı arxasına keçməsi ilə bağlı olub ki, bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçibəyin haqqında partiyaya məxsus "Azadıq" qəzetində çirkin yazılar yazdıran Kərimli lideri barədə deyilməyəcək dərəcədə təhqirlər səsləndirirdi. Belə olan halda, partiyanın parçalanması da labüd hala söykənirdi. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, DİP-ə, BQP-yə ayrılması arxasında da məhz Əli Kərimli amilinin dayanması şübhəsizdir.
Avqustun 19-dakı dava təsadüfi deyildi
Lakin bu gün onun əbədi və əzəli "mehriban düşməni" olan Müsavat Partiyası ilə də münasibətlərinin son həddə pisləşməsi, yəni seçkilər ərəfəsində köhnə məsələlərin qabardılması bir daha bütün kartları aşıq edir. Onu da qeyd edək ki, "Milli Şura"dakı "müttəfiqlikdən" öncə onlarla birliklərdə təmsil olunan hər iki partiya lideri son anda azğın düşmənlərə çevrilərək bir-birlərinin siyasətlərini həzm etməyiblər. Məsələn, hələ 2000-ci il seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbər mərhum Elçibəyin xeyrinə geri çəkilməyərək, öz namizədliyini irəli sürmüşdü. O, həmin vaxtlar mətbuata müsahibəsində qeyd etmişdi ki, əgər Əli Kərimli öz partiya liderinə "bitmiş siyasətçi" damğasını vurursa, nəyə görə də Müsavat Partiyası öz siyasi ambisiyasını irəli sürməməlidir.
2003-cü ilin prezident seçkilərində isə qısa müttəfiqlik edən hər iki siyasi təşkilat arasında növbəti qalmaqal yaşandı. Belə ki, Müxalifətin Koordinasiya Mərkəzi adlı qurumda İsa Qəmbəri müdafiə edəcəyini bəyan edən Əli Kərimli son anda AMİP rəhbəri Etibar Məmmədovu dəstəkləmişdi.
Eləcə də 2005-ci ilin parlament seçkilərində boykot taktikasını tutan Ə.Kərimli bununla Müsavata qarşı qurşaqaltı zərbə vurmuş oldu. Nəticədə bir daha sübut olundu ki, ümumiyyətlə nə AXCP, nə də ki, Müsavat Partiyası heç vaxt hər hansı adda olan siyasi qurumda bir araya, yekdil fikrə gələ bilməyəcək.
Məhz bu səbəbdən, "Milli Şura"nın 19 avqust sessiyasındakı qarşıdurmanın havadan yarandığını düşünmək olmaz. Xatırladaq ki, həmin sessiyada Əli Kərimlinin ünvanına mətbuatda yazılmayacaq tərzdə təhqirlər yağdıran müsavatçıya qarşı cəbhəçilər son dərəcə aqressiv davranmış, onu möhkəm döymüşlər. Məhz belə faktlardan sonra onların bir araya gələrək, hər hansı konsesnsus əldə edəcəkləri nağıl kimi görünür.
Onlar bir-birlərinə
güzəştə getməyəcəklər
Qeyd edək ki, "Milli Şura"dan öncə artıq fəaliyyətinə xitam verilmiş "İctimai Palata"da da bu kimi halların yaşanması davamlı olub. Müsavatçıların AXCP sədri Ə.Kərimliyə qarşı antipatik hissləri "palata"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdur. Ancaq burada daha bir səbəb də mövcuddur. Məsələn, bu ilin qış aylarında "Prezident seçkisində hansı müxalifət partiyasının namizədinə dəstək verərdiniz" sualı ilə keçirilən internet sorğusunun yekunlarının açıqlanmasından sonra meydana gələn hay-küy də bunun bariz nümunəsidir. Həmin sorğuya əsasən, Ə. Kərimli İ. Qəmbəri böyük fərqlə geridə qoyub. Bundan hiddətlənən Müsavat Partiyasının funksionerləri Ə. Kərimlini ümumi dəyərlərə xəyanətdə ittiham etməyə başlayıblar. Partiyanın ruporu olan "Yeni Müsavat" qəzeti dərhal yazıb ki, AXCP funksionerlərinin və "Azadlıq" qəzetinin AXCP-nin digər müxalifət partiyalarından "daha fəal", "güclü", "ən layiqli namizədə malik" partiya olması ilə bağlı təbliğatı Müsavatda ciddi narazılıqla qarşılanır. Əgər AXCP "Mediaforum" saytının keçirdiyi sorğunun nəticəsini mötəbər hesab edirsə, onda AXCP rəhbərliyi "Ümid" partiyasının ondan cəmi iki faiz geridə qalmasını, Vətəndaş və İnkişaf Partiyasının isə üçüncü yer tutmasını da həqiqət kimi qəbul etməlidir. "Yeni Müsavat" belə hesab edir ki, bu cür qeyri-ciddi rəy sorğularına əsaslanmaq "müttəfiqlik" baxımından normal hal deyil.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müxalifətin prezidentliyə namizədləri ilə bağlı keçirilən sorğuları müdafiə edib, yenə Ə. Kərimlini müxalifətin "ən şanslı namizədi" kimi qələmə vermişdi: "Əli Kərimli İsa Qəmbərdən 5 dəfə artıq səs toplayıb... Bu, AXCP və onun lideri Əli Kərimliyə cəmiyyətin verdiyi qiymətdir".
Lakin Müsavatın cavabı özünü çox gözlətməyib. İ.Qəmbərin müavini Gülağa Aslanlı bu cür sorğuları qeyri-ciddi adlandırıb: "Saytlarda bu cür sorğular dünya praktikasında ciddi qəbul edilmir. Çünki müasir texnologiyalar imkan verir ki, bu sorğularda subyektivlik əsas rol oynasın. Müttəfiq partiyaların qeyri-ciddi rəy sorğularına əsaslanması isə onların şəxsi işləridir. Mən buna müttəfiqlik baxımından normal baxmıram. Ciddi hesab olunan qəzetin subyektiv, qeyri-ciddi məlumatları analiz edib ondan nəticə çıxarması isə vaxtı boş yerə itirməkdir".
Əslində, həm İ.Qəmbər, həm də Ə.Kərimli həlledici məqamda bir-birinə güzəştə getməyəcəklərini əvvəlcədən gözəl bilirdilər. Sadəcə, həmin vaxtlar İP adlı təsisatın ömrünü mümkün qədər uzatmaq üçün bu mövzudan yayınmağa çalışsalar da, gözlənilənlər özünü doğrultdu. Artıq nə İP var, nə də onun inhisara alan qüvvələr. Xatırladaq ki, bu zamana qədər İ.Qəmbərlə Ə.Kərimli arasında olan bütün anlaşmalar məhz belə formalarda pozulub. Yəni nə İ.Qəmbər, nə də Ə.Kərimli verdiyi sözün üstündə dayanmayıb. 1992-ci ildən başlayaraq hər ikisinin Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət etməsi, antimilli sazişlərə, hətta ermənilərlə əməkdaşlığa dair müqavilələr imzalamaları onları cəmiyyətdə qəbuledilməz şəxslərə çevirib. Son hadisələr isə AXCP ilə Müsavat arasında dərin uçurum yarandığını göstərir. Müxalifət daxilində də "mehriban düşmənlərin" artıq iç üzünün açıldığını deyənlərin sayı gündən-günə artır.
Kampaniya qızışır
Göründüyü kimi, yarandığı gündən yalnız aşırı radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, İ.Qəmbərlə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də hiss edilir ki, bu fakt özünü avqustun 19-da göstərdi. Sosial şəbəkələrdə müsavatçıların Əli Kərimli haqqında, cəbhəçilərin isə İsa Qəmbər haqqında "meyxana" qoşması, ən təhqiramiz ifadələrdən istifadə etməsi artıq adi hal alıb. Hətta bəzi partiya rəsmiləri bu məsələdən kampaniya şəklində istifadə olunduğunu belə etiraf ediblər. Qeyd edək ki, bir müddət öncə Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli bildirmişdi ki, sosial şəbəkələrdə Müsavat rəhbərinə qarşı təhqir dolu fikirlərin səsləndirilməsi kampaniyasının arxasında Əli Kərimli dayanır.
Başqa-başqa adlar altında aparılan bu qarşılıqlı kampaniya isə hələ də davam edir. Bu kimi davamiyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının reallaşmasına yetərincə təkan verməkdədir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49