“Cari il fevralın 20-də bir sıra media resurlsarımıza qarşı kiberhücumlar oldu. Budəfəki hücumları əvvəlkilərindən fərqləndirən cəhət tətbiq edilən vasitələr və hücumun həm xüsusiyyəti, həm də miqyası idi ki, bu məsələ komissiyamızın diqqətini cəlb etdi”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə komissiyanın sədri Ramid Namazov deyib.

Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum oldu ki, 10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formada siyasi motivli kiberhücumlar həyata keçirilib:

"Mütəxəssislərin rəyinə görə, bu hadisə indiyə qədər olan ən ciddi əməliyyatlardan biri olub. Burada həmçinin xüsusi orqanlar tərəfindən geniş istifadə olunan “saxta bayraq” adlandırılan əməliyyatın həyata keçirildiyi məlum olub. Qeyd edilməlidir ki, kiberhücumun təhqiqatı kibertəhülkəsizlik sahəsində peşəkar biliklərə malik və bir-biri ilə bağlı olmayan və müstəqil fəaliyyət göstərən iki komanda tərəfindən olub. Nəticələr isə bir-biri ilə üst-üstə düşür. Hücumun kim tərəfindən və hansı motivlər əsasında təşkil edildiyini müəyyən etmək üçün sistem qeydlərini təhlili aparılıb və hücum edənlərin davranış analizi həyata keçirilib. Araşdırma hücumu yalnız texniki deyil, eyni zamanda psixoloji təsir yaratmağa yönəlmiş yüksək səviyyədə təşkilatlanmış kibercəsus qrupu tərəfindən həyata keçirildiyini ortaya çıxarıb. Həmin qrup beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dövlətə bağlı aktor kimi təsnif edilir. Hücumların motivinə gəldikdə isə, böyük ehtimalla bunun səbəbi, bir qədər öncə baş vermiş iki hadisə ilə bağlı iz buraxmadan qisas almaq məqsədi daşıyıb. Məqsəd media sahəsindəki etibara zərbə vurmaq və rəqəmsal təhlükəsizliyi sarsıtmaq idi”.

R.Namazov qeyd edib ki, hücum nəticəsində, sistem inzibatçısına məxsus kompüter ələ keçirilmiş, bütün internet resurslarının ehtiyat nüsxələrinin saxlanıldığı serverə giriş edilib:

“Bundan sonra isə hücumu həyata keçirənlər digər media resurslarına müdaxilə etmişlər. Nəticədə, veb-server məlumatları və ehtiyat nüsxələr silinmiş, media resursları məhv edilmiş, infrastruktura giriş məhdudlaşdırılıb. Təbii ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb. Maraqlıdır ki, sonrakı müddət ərzində də, yəni, aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyi müşahidə edilmiş, lakin qarşısı alınıb. Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları və domenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilib. Qeyd edilməlidir ki, hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, hətta hansı hoteldə olduqları müəyyən edilib. Söhbət əcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığının göstəricisidir”.

Anar Kəlbiyev