Bəzi oliqarxlar arasında yeni pul davası
12:59 24-08-2013
İQTİSADİYYAT
Bəzi oliqarxlar arasında yeni pul davası
Onlar ilin sonundakı büdcə ayırmalarından ən çox pay almaq üçün toqquşur
Bir müddət əvvəl ekspertlər maraqlı bir məqamın üzərində dayanmışdılar. Onlar bildirirdilər ki, hökumətin büdcə xərcləmələrini aylar üzrə təhlil etdikdə ortaya suallar çıxır. İlin son iki-üç ayında, xüsusilə də dekabr ayında xərcləmələr orta aylıq xərcləmələrdən bir neçə dəfə çox olur. Məsələn, 2011-ci ilin təhlili göstərir ki, ilin 11 ayında büdcə xərcləmələri orta aylıq göstəriciyə yaxın olsa da, dekabr ayında bu rəqəm birdən-birə 4 dəfə artıb.
Ötən ilki büdcə xərcləmələrinin son illərin ən yüksək nəticəsini nümayiş etdirdiyini xatırladan Milli Məclisin deputatı Əli Məsimli də bu günqlərdə demişdi ki, ayrı-ayrı aylarda xərcləmələr proporsional olmaya bilər: "Adətən ilin ilk 3-4 ayı xərcləmələr sarıdan zəif keçir, ilin ortalarından intensivlik artır".
İqtisadçı ekspertlər deyirlər ki, büdcə xərcləmələrində bu cür tendensiya davamlı xarakter daşıyır. Düzdür, 2012-ci ilin yekunlarına görə, demək olar, orta ayıq xərcləmə ilə dekabr ayı ərzindəki xərcləmə arasındakı fərq 2011 və 2012-ci illərlə müqayisədə azalıb. Ancaq yenə də xərcləmələrdə proporsionallıq pozulub.
Ekspertlər bildirirlər ki, aylar arasında proporsionallığın pozulmasında subyektiv səbəblər daha çoxdur. Tarazlığı pozan əsasən investisiya xərcləridir. İl ərzində bu xərclər resurslara uyğun xərclənir və nəticədə ilin sonunda investisiya xərc maddələri üzrə böyük qalıq qalır. Bu qalığı gələn ilə keçirmək bir variantdır. Belə olarsa, həmin vəsait yenidən bölüşdürüləcək və icraçı təşkilatın həmin vəsaiti yenidən almaq şansı olmaya bilər. Ona görə də icra təşkilatları çalışırlar ki, ilin sonuna olan qalığı xərcləyib qurtarsınlar.
Ekspertlərin sözlərinə görə, daha çox mənimsəmə də investisiya xərcləmələrində olur. Bu da əsasən ilin sonuna, xüsusilə də dekabr ayına təsadüf edir. Xərcləmənin daha çox dekabr ayına düşməsini mənimsəmə kimi izah etmək olar.
Ekspertlərin fikrincə, büdcəni ildən ilə artırmağa ehtiyac yoxdur: "İndiki büdcənin gəlirləri və xərcləri Azərbaycanın kapital ehtiyaclarını ödəyir. Sadəcə, büdcə xərcləmələrinin səmərəliliyini artırmaq lazımdır. Onların fikrincə, əgər resurs dəyişmədən büdcə artırılırsa, qalıq qalacaq. Artan büdcədən ən çox pay götürən investisiya maddələrdir. Ayrılan büdcənin də xərclənməsi üçün iş qüvvəsi, material, texnika lazımdır. Əgər bunlar əvvəlki illə müqayisədə eyni qalırsa, əlavə artırılmış vəsait birbaşa mənimsənməyə gedir. Çünki fiziki baxımdan bu vəsaiti xərcləmək mümkün deyil. İndiki büdcədə 7 milyardlıq investisiya maddəsi var. Əgər səmərəli istifadə olunsa, gərək işləyənlərin sayı indikindən 5 dəfə çox olsun. Büdcəni indiki həcmdə saxlayıb səmərəliliyi, şəffaflığı artırmaq lazımdır.
Qeyd edək ki, beynəlxalq təcrübədə büdcə xərclərinin aylar üzrə səmərəli proqnozlaşdırılması üçün əsasən iki metoddan istifadə edilir: "Birincisi, xərclərin aylar üzrə normativləşdirilməsi metodu. Bu metodu tətbiq edən ölkələr aylar üzrə xüsusi normativlər müəyyənləşdirir və büdcə ayırmaları zamanı həmin normativlər əsas götürülür. Bu zaman aylar üzrə vahid deyil, proporsional normativlər müəyyənləşdirilir. Məsələn, maliyyə ilinin ilk ayı və eləcə də yay aylarında daha aşağı normativlər müəyyənləşdirilir.
Digər metod isə büdcə xərclərinin rüblər üzrə limitləşdirilməsidir. Bu zaman rüblər üzrə büdcə ayırmaları üçün maksimum limitlər müəyyənləşdirilir və bu hədlərə əsasən maliyyələşdirməyə qərar verilir. Büdcədə artıqlıq yarandığı halda isə o, yeni maliyyə ilinin ümumi büdcəsinin gəlirlər hissəsinə daxil edilir. Məsələn, əgər hansısa nazirlik üçün ayrılan büdcədə xərclənməmiş vəsait qalırsa, o zaman o, növbəti ilin büdcəsində həmin qurumun deyil, bütövlükdə büdcənin gəlirlər hissəsinə aid olunur.
Gəlinən qənaət odur ki, ümumiyyətlə büdcə xərcləmələrində ilin son aylarında müəyyən artım olması normaldır. Ancaq diqqət yetirilməli məqam bu artımın öncəki aylara nisbətən neçə dəfə olmasıdır. Son 3 ilin təcrübəsi göstərir ki, Azərbaycanın büdcə xərclərində bu fərq ən azı 3-4 dəfə olur. Resurs dəyişmədən büdcə xərclərinin bir neçə dəfə artması isə vəsaitlərin mənimsənildiyini göstərir.
Digər tərəfdən, bəzi iddialara görə, artıq ilin sonundakı qalıq vəsaitdən daha çox pay götürmək üçün bəzi iri məmurlar arasında rəqabət var. Xüsusilə əvvəlki illərdə həmin vəsaitlərdən kifayət qədər faydalanmayan bəzi oliqarxların bunun üçün ciddi səylər göstərdiyi deyilir. Buna görə onların hətta bir çox iri məmurlarla ixtilafa girdiyi də deyilir.
Hər halda bu deyilənlərin nə qədər dəqiq olub-olmadığı il sonunda ortaya çıxacaq. Odur ki, gözləyək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40