Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiya Federasiyasına girişinə icazə verilməməsinə səbəb onun dəfələrlə anti-Rusiya və rusofobik açıqlamaları olub.
"Unikal" xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, 2025-ci il mayın 4-də Azərbaycan Milli Məclisinin (parlament) deputatı Badamov Rusiya ərazisinə buraxılmayıb. "Azər Badamovun Rusiya Federasiyasının "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında" Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya buraxılmasına icazə verilmir. Buna əsas kimi Milli Məclisin deputatının dəfələrlə anti-Rusiya və rusofobik bəyanatlar verməsi göstərilir", - agentliyin mənbəyi bildirib.
Həmçinin qeyd edilib ki, Rusiyanın Badamova qarşı tədbirləri şəxsi xarakter daşıyır.
“Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişafına sarsılmaz sadiqliyinə təsir göstərmir”, - məlumatda bildirilir.
Nuranə Abbasova