Mayın 1-də Azərbaycan İdman Akademiyasında (ASA) doktorant və dissertantların iştirakı ilə elmi seminar təşkil olunub.
"Unikal" xəbər verir ki, elmi seminarda ASA-nın elmi-pedaqoji kadr hazırlığına məsul olan şəxslər, doktorant və dissertantlar iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Akademiyanın Elm və innovasiya üzrə prorektorunun müşaviri, m.e.d., professor əvəzi Nailə Kələntərli seminarın əsas mövzusunun doktorantura səviyyəsinin kurikulumunun hazırlanması ilə bağlı tədqiqatın aparılması, doktorant və dissertantların növbəti attestasiyasının müzakirəsi olduğunu bildirib.
Birinci məsələ ilə bağlı Akademiyanın Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin rəhbəri, p.ü.f.d., dosent Nazim Abbasov çıxış edərək doktorantura səviyyəsinin kurikulumunun hazırlanması üçün doktorant və dissertantlar ilə nəzərdə tutulan sorğu, kredit sisteminin tətbiqi, mövcud tədris planları və fənn proqramları barədə ətraflı məlumat verib.
Daha sonra ASA-nın strateji məsələlər üzrə eksperti, s.ü.f.d., dosent Anar Vəliyev doktorantura hazırlığı üzrə beynəlxalq təcrübəyə toxunaraq dünyada əsasən iki modelin tətbiq olunduğunu vurğulayıb və bu modellər barədə ətraflı danışıb.
İkinci məsələ ilə bağlı il ərzində doktorant və dissertantların dərc etdirdikləri məqalə və konfrans materialları müzakirə olunub. Hal-hazırda idman elmləri üzrə keçirilən beynəlxalq konfranslar haqqında məlumatlar müzakirə edilib.