Almaniyanın “BMW Group” avtomobil konserninin mənfəəti 2025-ci ilin ilk rübündə 2,2 milyard avro təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz azdır.

"Unikal" xəbər verir ki, bu barədə kompaniyanın maliyyə hesabatında deyilir.

Hesabata görə, BMW Avropa və ABŞ-da satışlarını bir qədər artırmağa nail olsa da, Çində satışlar 17 faizdən çox azalıb. Hazırda avtomobil biznesində rentabellik 6,9 faizdir ki, bu da 2024-cü ildəki göstəricidən 1,9 faiz aşağıdır.

ABŞ-ın tətbiq etdiyi tariflərə baxmayaraq, BMW mənfəətinin 2024-cü ildəki 11 milyard avro səviyyəsində qalacağını proqnozlaşdırır. Kompaniya tarif artımının müvəqqəti olacağını və 2025-ci ilin iyul ayından etibarən azaldılacağını gözləyir.

Almaniyanın digər avtomobil istehsalçısı “Mercedes-Benz” də cari ilin ilk rübündə mənfəətini əhəmiyyətli dərəcədə - 43 faiz (1,73 milyard avroyadək) itirib.

Qeyd edək ki, hazırda Almaniyanın avtomobil sənayesi kəskin böhran dövrünü yaşayır. Ekspertlər bunu Çin və Avropa İttifaqı arasında iqtisadi-ticarət münasibətlərinin pisləşməsi ilə əlaqələndirir. “Mercedes-Benz”, “Volkswagen”, BMW, “Audi” və “Porsche” kompaniyaları 2024-cü ildə mənfəətlərinin kəskin azaldığını bildiriblər.