Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

"Unikal" xəbər verir ki, danışıq zamanı Hindistan və Pakistan arasındakı gərginlik, mayın 6-na keçən gecə baş verən hücum və cari hadisələr müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirərək, hücumda şəhid olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Bundan əlavə, dövlət başçısı Türkiyənin Pakistanın bu prosesdə apardığı təmkinli siyasətini dəstəklədiyini, Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu vurğulayıb.

Ərdoğan, həmçinin,Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini bildirib.