İri məmurların "kompromat müharibəsi"ndə yeni mərhələ
11:13 27-08-2013
İQTİSADİYYAT
İri məmurların "kompromat müharibəsi"ndə yeni mərhələ
Rayonlarda vətəndaşlardan qəbullardan toplanan şikayətlər rəqiblərə qarşı istifadə olunacaq
Bir neçə aydır nazirlər bölgələrə səfərlər edib yerli əhali ilə görüşürlər. Hökumət üzvləri əyalətdə vətəndaşların müəyyən problemləri ilə maraqlanırlar. Bu qəbullar zamanı çoxsaylı şikayətlər dinlənilir. Onların yerində və ya sonradan həlli istiqamətində bir çox hallarda əməli addımlar atılır.
Digər tərəfdən o da sirr deyil ki, bəzi oliqarx məmurların arasında baş qaldıran ziddiyyətlərin əsas səbəblərindən biri də Azərbaycan rayonlarını ələ keçirmək uğrunda aparılan mübarizədə maraqların toqquşmasıdır. Müəyyən iri çəkili məmurların "fəaliyyəti" yalnız biznes sahələrini monopoliyaya almaqla məhdudlaşmır. Onlar həm də rayonları ələ keçirərək şəxsi mülkiyyətə çevirmək uğrunda "mücadilə" edirlər. Hazırda ölkənin əksər rayonlarına bir neçə oliqarx nəzarət edir. Rayonların bu və ya digər məmurun nəzarətində olmasını icra başçılarının hansı oliqarxın yaxın çevrəsinə daxil olması ilə müəyyənləşdirmək mümkündür. Hansısa rayonun icra başçısı məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yaxın şəxsdirsə, bu, o deməkdir ki, həmin rayonda (məsələn, Cəlilabad rayonunda) fəaliyyət məhz adıçəkilən komitə sədrinin maraqlarına uyğun şəkildə təşkil edilməlidir.
Elə bəzi nazirlərin rayonlara ezam edilməsi zamanı da bir çox oliqarxların iqtidariçi qrup maraqlarının önə çıxdığına dair iddialar var. Həmin iddialara görə, bəzi iri məmurlar hakimiyyətdaxili rəqibinin kurasiyasında olan rayona səfər edərkən vətəndaşlarla daha həvəslə görüşür və onları daha diqqətlə dinləyirlər. Bunun da əsas səbəbi orada yerli sakinlərin real həyat durumunu müəyyənləşdirmək, onların qayğı və problemləri haqqında aydın təsəvvürlər və geniş bilgilər əldə edərək bunu sonradan rəqib məmur əleyhinə kompromata çevirməkdir. Yəni həmin rəqibini vurmaq üçün onun kurasiyasında olan rayonda ciddi problemlərin varlığı barədə kompromat xarakterli dosyelər hazırlamaqla onun zəiflədilməsinə zəmin hazırlamaq niyyəti güdülür.
Aydın məsələdir ki, payızda keçiriləcək prezident seçkilərindən sonra hökumətin tərkibində müəyyən dəyişikliklər gözlənilir. Bir çox iri məmurların yeni Nazirlər Kabinetində yer almayacağına dair ehtimallar və proqnozlar çox güclüdür. Həmin ehtimalların reallaşma potensialını artırmaq üçün onların rəqibləri artıq indidən ciddi hazırlıq içindədirlər. Bu hazırlıqların başında da onların nəzarətlərindəki rayonlarda əhalinin sosial-iqtisadi durumunun real mənzərəsini yaratmaq, bir növ, ciddi problemlərin olduğunu ön plana çıxarmaq niyyəti gəlir. Bununla həmin məmurların vəzifələrinin öhdəsindən gəlməyə çətinlik çəkdiyi təəssüratını möhkəmləndirmək, beləliklə onlara yenidən etimad göstərilməsi ehtimalını azaltmaq hədəflənir.
Bəzi kənar müşahidəçilər bu taktikanın ciddi nəticələri olacağına inanırlar. Onların fikrincə, rayonlardakı qəbullar məmurlar arasında qarşılıqlı kompromat savaşında yeni mərhələdir. Bu qəbullardan bəzi məmurların öz maraqlarına uyğun kompromatlarla ayrılması onların hakimiyyətdaxili nüfuz savaşında mühüm rol oynayacaq.
Bunun belə olub-olmayacağını demək çətindir. Odur ki, qarşıdakı aylarda bəzi iri məmurlar arasında illərdən bəri davam edən mövqe çəkişmələrinin hansı istiqamətdə cərəyan edəcəyini gözləyək. Məhz belədə yuxarıda səslənən iddianın səhih, yoxsa qeyri-səhih olduğu konkretləşəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40