Azərbaycanda "ət biznesi" icra başçılarının nəzarətinə keçir
11:14 27-08-2013
İQTİSADİYYAT
Azərbaycanda "ət biznesi" icra başçılarının nəzarətinə keçir
Rayonların rəhbərləri üçün daha bir gəlir yeri yaranacaq
Mətbuatın verdiyi məlumata görə, yaxın günlərdə Bakıda yol kənarında yerləşən ət və ət məhsullarının satıldığı mağazalar, qəssabxanalar söküləcək. Bu barədə Dərnəgül şosesi üzərində yerləşən qəssabxanalarda işləyənlər məlumat veriblər.
Onların sözlərinə görə, bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyəti və Səhiyyə Nazirliynin Sanitar Epidemioloji Stansiyasının əməkdaşları Dərnəgül şosesi boyu yerləşən ümumilikdə 100-ə yaxın qəssabxanada yoxlama aparıb.
Şossenin genişləndirilməsi məqsədi ilə aparılan işlərlə bağlı həmin ət və ət məhsullarının satışını həyata keçirən mağazaların sahələri hesablanıb. Yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyəti sözügedən mağazalarla bağlı qərar çıxaracaq. Daha doğrusu onlar söküləcək.
Əvəzində isə Qaradağ rayonunda ət və ət məhsullarının satılacağı bazar tikiləcək. Artıq bu barədə Qaradağ Rayon İcra Hakimiyyətinə göstəriş verilib. Yeni bazar üçün yer də müəyyən olunub. Bu, Qaradağ rayonunda, "Meyvəli" ticarət mərkəzinin yanındakı ərazidir. Hazırda həmin ərazidə yerləşən süni gölməçənin qurudulması işlərinə başlanılıb. Bazar fəaliyyətə başladıqdan sonra bölgələrdən gələn ətlər burada toplanacaq. Ət və ət məhsullarının topdan və pərakəndə satışı həyata keçiriləcək. Ən əsası isə rayonlardan kəsilərək gətirilən mal əti alıcılara birinci əldən, daha ucuz təqdim olunacaq.
Qeyd edək ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyəddin Kazımov məlumat vermişdi. O söyləmişdi ki, müvafiq dövlət proqramında nəzərdə tutulub ki, hər bir inzibati rayonun ərazisində ət kəsiminin təşkil olunması üçün paytaxtdan kənarda ayrıca torpaq sahəsi ayrılacaq və bu ərazilərdə sallaqxanaların yaradılması üçün müsbət rəy veriləcək.
Artıq bu istiqamətdə ilkin addımların atılmasına hazırlığın başlaması belə düşünməyə əsas verir ki, ölkədə "ət biznesi" komplektləşdirilir. Daha doğrusu, hər bir rayonda sallaqxana inşa edilməsi faktiki olaraq belə düşünməyə əsas yaradır ki, rayon rəhbərləri üçün yeni gəlir yeri yaranacaq. Belə sallaqxanaların icra başçılarının nəzarətindən kənarda fəaliyyət göstərəcəyini düşünmək sadəlöhvlük olardı. Üstəlik, əksər icra başçılarının iri fermer təsərrüfatlarının, o cümlədən heyvandarlıq təsərrüfatlarının olması sirr deyil. Onlar rayonlarındakı sallaqxanalar vasitəsi ilə həm ətlik heyvanlarının satışı üçün əla imkan əldə edəcək, digər tərəfdən isə fərdi qəssabxanaları sıradan çıxarmaqla yeni sallaqxanaların əhalinin üz tutduğu əsas ünvana çevrilməsinə, beləliklə də həmin sallaqxanalarda iri pulların dövr etməsinə nail olacaqlar.
Doğrudur, ət bazarında daha iri məmurların da payının, maraqlarının olması sirr deyil; amma nəzərə alsaq ki, ölkədə rayonlar çeşidli oliqarxlar tərəfindən bölüşdürülüb, o zaman onların da istər Bakıda, istərsə də əyalətlərdə tikiləcək sallaqxanalarda mənafelərinin təmin edilməsində hansısa problem olacağını düşünmək sadəlöhvlükdür. İndi bircə qalır ət bazarında məmur hegemoniyasını tamamilə bərqərar etməyə hesablanan bu addımdan sonra çoxsayda qəssabın işsiz, deməli, həm də çörəksiz qalmasından yaranan etiraz və narazılıqların necə yoluna qoyulacağı. Bunu da yəqin ki, zamanla yaşayıb görəcəyik.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40