Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının təşkilatçılığı, Bakı Şəhəri Təhsil İdarəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə cüdo turniri keçirilib.
"Unikal" xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Olimpiya sistemi üzrə keçirilən turnirdə Bakı şəhəri üzrə müxtəlif idman məktəblərini təmsil edən 2 yaş kateqoriyasında, 8 çəki dərəcəsi üzrə 200-dən çox idmançı iştirak edib.
Yarışın bağlanış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov və başqaları bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidilə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub.
Qaliblərə medallar, diplomlar və hədiyyələr təqdim olunub.