Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə ixtisaslaşmış qlobal şirkət “Ookla” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinə həsr olunmuş analitik məqalə dərc edib. 

"Unikal" xəbər verir ki, “Ookla”nın mütəxəssisləri tərəfindən aparılan araşdırmalar, açıq mənbələrdən əldə edilmiş məlumatlar və müvafiq sahə üzrə nüfuzlu ekspertlərin rəyləri əsasında hazırlanmış məqalədə layihənin əhəmiyyəti bir neçə aspektdən təhlil olunub. Şəhər mərkəzləri ilə ucqar ərazilər arasında rəqəmsal uçurumun aradan qaldırılmasının ölkə üçün strateji əhəmiyyət daşıdığı xüsusilə vurğulanıb. 

Məqalədə qeyd olunub ki, 2020-ci ildə ölkə üzrə orta internet sürəti təxminən 10 Mbit/s olduğu halda 2025-ci ilin əvvəlində bu göstərici 73 Mbit/s-yə yüksəlib. Bu artım dörd il ərzində qurulmuş güclü genişzolaqlı infrastrukturun təsirinin nəticəsidir. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ucqar ərazilərdə rəqəmsal inklüzivliyi təmin etmək məqsədilə maarifləndirmə təşəbbüsləri həyata keçirilib, istifadəçiyə xüsusi dəstək xidmətləri və əlçatan data paketləri təqdim olunub ki, bu da öz növbəsində hər kəs üçün internetə çıxışın əlçatanlığını artırıb. 

Layihənin başa çatması nəticəsində internet istifadəçilərinin məmnunluq səviyyəsinin yüksəlməsi, ümumi müştəri təcrübələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması xüsusi qeyd olunub. Məqalədə ölkə ərazisində internet istifadəçilərinin 93%-nin genişzolaqlı internet xidmətlərindən faydalanması üçün imkan yaradılması təqdir edilib.  

Məqalənin müəllifləri proqnozlaşdırırlar ki, yüksəksürətli internetin geniş yayılması iqtisadi artıma təkan verəcək, rəqəmsal savadlılığı artıracaq və Azərbaycanın investorlar üçün cəlbediciliyini daha da yüksəldəcək. 

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.