Füzuli Ələkbərov revanş götürür
10:24 28-08-2013
İQTİSADİYYAT
Füzuli Ələkbərov revanş götürür
Əmək və əhalinin sosial müdafiəsi naziri mövqelərini gücləndirir
Mətbuatın ən çox tənqid etdiyi və "vurulacağı" yönündə məlumatların ardı-arası kəsilməyən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov hökumət içində yetərincə zəifləmiş mövqelərini gücləndirmək üçün hərəkətə keçib. Bunu nazirin son açıqlamalarından aydın görmək olar.
Belə ki, Füzuli Ələkbərov rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılacağını açıqlayıb. O, bu barədə Yeni Azərbaycan Partiyasının saytına verdiyi verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi istiqamətində işlər aparılır: "Dünya Bankı ilə birgə icra olunan "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində Azərbaycan müəssisələrinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartının hazırlanmasına başlanılıb.
Beynəlxalq ekspertərin və yerli iş adamlarının iştirakı ilə artıq 200 peşə standartı hazırlanmışdır. Hazırda əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılır."
Bəzi KİV-lər və müstəqil ekspertlər hesab edirlər ki, əmək və əhalinin sosial müdafiəsi naziri hazırda hökumətin ən zəif fiqurlarından biridir. Bir müddət əvvələdək onun işçilərinin rüşvət və korrupsiya hallarına görə həbsi adiləşmişdi. Bu, Ələkbərovun daha da zəiflədilməsi və "vurulması" üçün planın tərkib hissəsi sayılırdı.
2013-cü ilin əvvəllərində, İsmayıllı hadisələri zamanı isə Füzuli Ələkbərovun hökumət içindəki dayaqları tamamilə laxladı. Ələkbərovun kurasiyasındakı bir rayonda, üstəlik, onun qardaşıoğlunun adının hallandığı ciddi iğtişaşların yaşanması, rayona Füzuli Ələkbərovun qardaşının rəhbərlik etməsi və yerli camaatın ona da qəzəb püskürməsi əmək və əhalinin sosial müdafiəsi nazirini olduqca pis vəziyyətdə qoydu.
Artıq bəzi KİV-lər belə ehtimal edirlər ki, payızda keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni hökumət kabinetində Füzuli Ələkbərov yer almayacaq. Onun əvəzlənməsinə çox az adam şübhə edir.
Belə bir vaxtda əmək və əhalinin sosial müdafiəsi nazirinin öz səlahiyyət dairəsini genişləndirmək təşəbbüsünə başlaması, rəhbərlik etdiyi nazirliyin tərkibində yeni və önəmli bir qurumun yaradılmasına start verməsi Füzuli Ələkbərovun iqtidar içindəki rəqiblərinə qarşı revanş cəhdi kimi qəbul olunmalıdır. Ehtimal etmək mümkündür ki, o, bu təşəbbüsü ilə özü ilə bağlı ard-arda yaşanan xoşagəlməzliklərdən tamamilə sarsılmadığını, ayaqda qaldığını, hətta əvvəlki mövqelərini bərpa etmək əzmində olduğunu göstərmək istəyir.
Əgər bu versiya doğru və realdırsa, o zaman proqnozlaşdırmaq çətin deyil ki, hökumət daxilindəki anti-Ələkbərovçu güclər də boş dayanmayacaqlar. Onlar prezident seçkisindən sonra yola salmaq istədikləri nazirin yenidən güclənmə cəhdlərini önləmək üçün müəyyən əks-həmlələr həyata keçirə bilərlər. Məsələn, yaxın vaxtlarda biz mətbuatda əmək və əhalinin sosial müdafiəsi nazirinin işçilərinin rüşvət və korrupsiya ittihamları ilə yenidən qarşı-qarşıya qaldığını görsək, təəccüblənməməliyik.
Çünki bu o demək olacaq ki, rəqibləri Füzuli Ələkbərovun iqtidar içində yenidən dirçəlmək istiqamətində cəhdlərindən narahat olmağa başlayıblar və bu prosesin qarşısını almaq üçün hərəkətə keçiblər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13