Ermənistanda toqquşan klanlar
10:53 28-08-2013
İQTİSADİYYAT
Ermənistanda toqquşan klanlar
Ölkə hərbi xuntanın quluna çevrilib
2008-ci il martın 1-i Ermənistan tarixinə qanlı səhifələrlə yazılıdı. Həmin ilin 19 fevralında ölkədə növbəti prezident seçkiləri keçirilirdi. Bundan öncə iki müddət prezidentlik səlahiyyətlərini icra etmiş Robert Köçəryan yenidən namizəd ola bilməzdi. Əsas mübarizə hakimiyyətin namizədi Serj Sərkisyanla ölkənin sabiq birinci prezidenti Levon Ter-Petrosyan arasında gedirdi.
10 nəfər həlak olur,
230 nəfər xəsarət alır
Ermənistan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, Sərkisyan 53%, Levon Ter Petrosyan isə 22% səs topladı. Beynəlxalq qurumlar, o cümlədən ATƏT, Avropa Şurası və Avropa parlamenti seçkilərin beynəlxalq standartlara uyğun həyata keçirildiyini bildirdi. Nəticədən narazı olan Ter-Petrosyan tərəfdarları Opera meydanında toplaşdı. 10 gün ərzində meydana 50 mindən artıq adam yığışdı. Onlar seçkilərin qeyri-şəffaf keçirildiyini bildirir, təkrar seçkilər keçirilməsini tələb ediridilər.
Qarabağ klanının hakimiyyətindən bezmiş xalq rejimin özünü qorumaq üçün ata biləcəyi addımları təsəvvür etmirdi. Tədricən polis və hərbi qüvvələri Opera meydanındakı müxalifət qüvvələrini mühasirəyə aldı. Köçəryan öz namizədi və yerlisi Sərkisyanın hakimiyyətə gəlməsi üçün hər şeyi etdi. O, müxalifəti hakimiyyəti zorakılıq yolu ilə ələ keçirmək planlarında ittihamladı. Fevralın 22-də xüsusi bəyanatla çıxış edən Ermənistan Baş prokurorunun müavini Qaqik Cangiryan seçkilərin saxtalaşdırıldığını bəyan etdi və əhalini öz səslərini qorumağa çağırdı. Bir gün sonra Robert Köçəryanın göstərişi ilə Cangiryan vəzifəsindən azad olundu və ona qarşı "qanunsuz olaraq odlu silah saxlamaq" maddəsi ilə tələsik cinayət işi açıldı.
Hakimiyyət bir daha müqavimətlə hesablaşmayacağını ortaya qoydu. Köçəryan Ermənistanda fövqəladə vəziyyət haqqında sərəncam imzaladı. 2008-ci il martın 1-də səhər saatlarından başlayaraq polis və hərbi qüvvələr zirehli texnika və xüsusi vasitələrlə silahlanmış şəkildə meydana daxil oldu. Sərbəst toplaşmaq hüququndan istifadə edən kütlə təbii ki, müqavimət göstərdi. Əhaliyə qarşı qeyri-proporsional güc tətbiq edildi. Bütün beynəlxalq normalar zidd olaraq döyüş güllərərindən insanlara atəş açıldı. Çoxsaylı şahid ifadələrinə görə, yaxınlıqdakı binalarda yerləşdirilən snayperlər əhaliyə planlı atəş açırdılar. Axşama yaxın artıq meydan müxalifətçilərdən təmizləndi. Nəticədə 8 müxalifət tərəfdarı və iki asayiş keşikçisi olmaqla 10 nəfər həlak oldu, 230 nəfər xəsarət aldı.
Suriya ermənisi -
Ermənistan prezidenti
Hadisədən sonrakı iki gün ərzində mindən çox insan həbs olundu. Levon Ter-Petrosyan faktiki ev dustağına çevrildi. Qarabağ ermənisi Sərkisyanın şübhəli qələbəsinə etiraz edəcək qüvvə qalmadı. Levon-Ter Petrosyan növbəti dəfə siyasi arenadan təslimçi ruhlu siyasi fiqur kimi ayrıldı. Necə ki, 1998-ci il fevralın 3-də o, Ermənistan prezidenti vəzifəsindən könüllü istefa vermişdi. Levon Ter-Petrosyan postsovet dövrünün siyasi oyunlarına heç cür öyrəşə bilmədi. Onun tərcümeyi-halına diqqət etsək, görərik ki, Levon Ter-Petrosyan 1945-ci il yanvarın 9-da Suriya Ərəb Respublikasının Hələb şəhərində anadan olub. 1946-cı ildə Stalinin razılığı ilə erməni diasporunun Ermənistanda məskunlaşmasına icazə verilib. Beləliklə, Petrosyan ailəsi ilə birlikdə Ermənistana gəlib. Dilçi alim, professor, Erməsitan Ümummilli Hərəkatının lideri, Paris şəhərinin fəxri sakini olan ter-Petrosyan Sovet hakimiyyətinə qarşı mübarizə aparan ən fəal şəxslərdən olub. 1991-ci il oktyabrın 16-da o, Ermənistan prezidenti seçilib. Digər erməni siyasətçilərinə nisbətən mülayim siyasəti ilə seçilən Ter-Petrosyan radikal Qarabağ ermənilərinin gizli nifrətini qazanmışdı. Ölkədə qanun-qayda yaratmaq və məmurlara nəzarət etmək imkanında olmayan ter-Petrosyanın ən böyük siyasi səhvlərindən biri 1997-ci ilin martında qondarma qurum olan "Dağlıq Qarabağ Respublikası"nın prezidenti vəzifəsini icra edən Robert Köçəryanı Ermənistanın baş naziri təyin etməsi oldu. Qarabağ müharibəsində aktiv iştirak edən Köçəryan Qarabağ ermənilərinin qeyri-rəsmi lideri sayılırdı. Həddindən artıq hiyləgər və ambisiyalı olan Köçəryanı bu vəzifəyə təyin etməklə Ter-Petrosyan əslində özünə quyu qazmış oldu. Bunu tarix də sübut etdi. Köçəryanın təyinatından 11 ay sonra Levon Ter-Petrosyan "könüllü" istefaya getməli oldu.
Suriya ermənisini
Qarabağ
ermənisi əvəz etdi
Bu işdə Köçəryana digər Qarabağ ermənisi, Ermənistanın daxili işlər naziri Serj Sərkisyan yardım etdi. Beləliklə, Ermənistan Qarabağ klanının əsarəti altına düşdü. Suriya ermənisini Qarabağ ermənisi əvəz etdi. 1998-ci il martın 30-da Robert Köçəryan Ermənistan prezidenti seçildi. Ölkənin siyasi həyatını Köçəryana sadiq Qarabağ erməniləri ələ aldı. Lakin Ermənistandakı yerli qüvvələr Dağlıq Qarabağ ermənilərinə müqavimətsiz təslim olmaq istəmirdilər. Qarabağ klanı ilə təkbaşına qalib gəlməyəcəyini anlayan Köçəryan müharibə veteranları arasında böyük nüfuza malik lakin siyasi oyunlardan başı çıxmayan Vazgen Sərkisyanın simasında özünə nüfuzlu müttəfiq əldə etdi. Siyasi rəqiblərinin ovuna çıxan Köçəryan istədiyi nəticəni əldə etdi. Bu dövr Ermənistan müəmmalı və qatı açılmayan siyasi qətllər silsiləsi ilə lərzəyə gəlirdi. Hər şey 1998-ci il yanvarın 18-də Ermənistan prezidentinin Mühafizə Xidmətinin rəhbəri general-mayor Romen Kazaryanın olduğu maşın karvanının atəşə tutulması ilə başladı. Kazaryan sui-qəsddən qurtuldu. 3 gün sonra yanvarın 21-də Ermənistan Daxili Qoşunlarının komandanı general-mayor Arçun Markaryana atəş açıldı. Həlak olmasa da hər iki ayağından xəsarət alan Markaryan uzunmüddət müalicəyə getdi. İyul ayında Ermənistan Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəhbəri polkovnik Mavrik Avetisyan intihar etdi. Ən azından rəsmi versiya belə səsləndi.
6 avqust 1998-ci ildə isə Ermənistan Baş Prokurorunun xidməti otağında atəş səsləri eşidildi. Otaqda Ermənistanın Baş prokuroru Henrix Xaçatryan və cinayət-axtarış şöbəsinin prokuroru Aram Karapetyanın cəsədləri aşkarlandı. Rəsmi versiya iki məmur arasında münaqişənin olduğunu bildirirdi. Guya hisslərini cilovlaya bilməyən Karapetyan mübahisə etdiyi Baş prokuroru, sonra isə özünü öldürmüşdü.
1998-ci il dekabrın 10-da növbəti rezonans-qətl baş verdi. Evinin kandarında müdafiə nazirinin müavini polkovnik Vaqram Xorxoruni qətlə yetirildi. 1999-cü ilin fevralında isə yuxarıda barəsində qeyd etdiyimiz Arçun Markaryan nəhayət ki, öldürüldü. İlk sui-qəsddən sağ çıxmış Markaryan yalnız özünə məlum olan şəxs tərəfindən görüşə çağırılmışdı. Bundan bir sutka sonra sonra onun cansız bədəni yol kənarında aşkar olundu.
Qatı açılmayan cinayət silsiləsinin professional killer qrupu tərəfindən həyata keçirildiyi gün kimi aydın idi. Lakin bu qətllərin arxasında kimin dayandığı hələ də müəyyən olunmayıb. Bəziləri bunun güc strukturları arasında yəni Müdafiə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasındakı qarşıdurma kimi dəyərləndirir. Nəticəsindən asılı olmayaraq Qarabağ klanının "vakant" yerləri ələ keçirməsi və güc strukturlarının narazı qüvvələrdən təmizlənməsi maraqlı tərəfin kim olduğunu ortaya qoyur. Belə olmasaydı, 1992-1996-cı illərdə Ermənistanın daxili işlər naziri olan, 1996-1998-ci illər arasında isə İrəvan meri vəzifəsini icra edən Vano Siradeqyan saxta ittihamlarla ölkədən didərgin salınmazdı. Baş Prokurorluq onu vergidən yayınma və qanunsuz silahlı birləşmələr yaradaraq, qətllər törətməkdə ittiham edirdi. Prokurorluğun müraciəti əsasında Ermənistan parlamenti Siradeqyanın deputat toxunulmazlığını əlindən aldı. 2000-ci ilin aprelində Vano Siradeqyan gizlin yollarla Ermənistanı tərk etdi. Onu rəsmi İrəvanın müraciəti əsasında beynəlxalq axtarışa versələr də, 2008-ci ildə İnterpol axtarışı dayandırdı. Siradeqyanın beynəlxalq axtarışdan çıxarılmaslını ona qarşı ittihamların siyasi xarakterli olması ilə izah edirlər.
Siyasi qarşıdurmaların zirvəsi isə 1999-cu il oktyabrın 27-də baş verən terror hadisəsi oldu. Həmin gün 5 silahlı şəxs heç bir maneə olmadan Ermənistan parlamentinin iclas zalına daxil oldu. Onların ilk addımı Ermənistanın baş naziri və Köçəryanın müttəfiqi Vazgen Sərkisyanın öldürülməsi oldu. Ardınca parlament spikeri Karen Dəmirçiyan və onun iki köməkçisi öldürüldü. Ümumilikdə 8 nəfəri qətlə yetirən terrorçu dəstənin başında keçmiş jurnalist Nairi Unanyan dayanırdı. Terrorçularla birbaşa danışıqlara girən Köçəryan girovların azad olunmasına nail oldu. Terrorçular isə ömürlük azadlıqdan məhrum olundular. Bu hadisənin arxasında kimin dayandığını demək olduqca çətindir. Hadisə "Yerkrapa" təşkilatının rəhbəri, müharibə veteranı Vazgen Sərkisyanın qətli onun gələcək prezidentlik ambisiyaları ilə bağlı ola bilərdi.
Ermənistan niyə boşalır?
İstənilən halda Köçəryan son gününə qədər müttəfiq olduğu şəxsi itirdi. Yeni erada Ermənistan siyasi səhənsində daha əvvəllər olduğu qədər qətllər baş vermirdi. Qətl taktikasını artıq hədə-qoxu və saxta cinayət ittihamları əvəz edirdi. Məsələn Köçəryan rejimini təndiq edən və 1996-cı il prezident seçkilərində Levon Ter-Petrosyanın əsas rəqibi olan Aşot Manuçaryan 2004-cü ildə naməlum şəxslər tərəfindən döyüldü. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Manuçaryanın həyatı xilas olundu. Bütövlükdə korrupsiya və rüşvətxorluğun sistem şəkil aldığı Köçəryanın onilliyi (1998-2008) Ermənistanın Qarabağ klanı və onların hər dediyinə biznes imtiyazları qarşılığında razı olan oliqarx elitası tərəfindən işğalı ilə nəticələndi.
Hələ 1998-ci ildə prezident seçilərkən xələfinin Serj Sərkisyan olmasına qərar verən Robert Köçəryan addım-addım öz planını reallaşdırdı. O, 1996-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri, 1999-2000-ci illərdə Prezident Administrasiyasının rəhbəri, 2000-2007-ci illər ərzində isə Ermənistanın müdafiə naziri funksiyalarını icra edib. Bir il baş nazir kimi fəaliyyət göstərən Sərkisyan yuxarıda ətraflı bəhs etdiyimiz 2008-ci prezident seçkilərində xalqın meyiti üzərindən prezidentlik kürsüsünə yüksəldi.
Köçəryan kimi indidən özünə varis axtaran Sərkisyan görünür ki, Seyran Ohanyana ümid bəsləyir. Köçəryanın əsasını qoyduğu ənənəyə əsasən, prezident Qarabağ ermənisi olmalıdır. Bu mənada Sərkisyanın Ohanyanı seçməsi təsadüfi deyil. 1962-ci ildə Şuşada anadan olan Ohanyan Azərbaycanda lənətlə yad edilən Xankəndində yerləşən 366-cı moto-atıcı alayda batalyon komandiri olub. Müharibə dövründə Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib. Hətta 1992-ci ilin sentyabrında Ağdərə uğrunda gedən döyüşlərdə ağır xəsarət alıb. Bir ayağını itirən Ohanyan protez ayaqdan istifadə edir. Sərkisyanla möhkəm dostluqda olan Ohanyan uzun müddət, yəni 1999-2007-ci illər ərzində Dağlıq Qarabağ qoşunlarının komandanı olub. Daha sonra Ermənistan Ordusunun Baş Qərargah rəisi təyin edilən Ohanyan 2008-ci il aprelin 14-dən Ermənistanın müdafiə naziridir. Azərbaycana qarşı aqressiv çıxışları ilə diqqət çəkən Ohanyan 2018-ci il seçkilərində Qarabağ klanının ən real namizədi göstərilir.
Nəticə olaraq onu qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi əslində Ermənistanı hərbi xuntanın quluna çevirdi. Hərbçilər əhalinin millətçi hissləri ilə oynayaraq əslində ictimai-siyasi və sosial-iqtisadi həyatı öz əllərinə alıblar. Onlar da öz aralarında düşmənçilik edən bir neçə qruplaşmaya bölünüblər. Merkantil maraqları üçün xalqın fikri ilə manipulyasiya edən bu qruplar əslində Ermənistanı və Qarabağı uçuruma aparırlar. Ermənistanda yerli əhali bundan çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Elə ermənilərin Ermənistan qaçmalarının səbəbi də məhz budur.
Vüqar İsmayılov
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40