Yaşasın yenı kral
10:56 28-08-2013
CƏMİYYƏT
Yaşasın yenı kral
İbrahimbəyovun dünənki vəkili, bugünkü dublyoru
Kitab yazmaqla dövlət idarə eləmək mümkün olsaydı, gərək Yazıçılar Birliyinin 1500 üzvünün hamısı prezidentliyə iddialı olaydı...
Böyük hesabla uduzan komandanı ehtiyat skamyasında oturan heç bir oyunçu xilas edə bilməz.
Azərbaycan müxalifəti özünün mövcudluğu dövründə çox metodları sınaqdan çıxarıb. Bunlar arasından boykotdan tutmuş, siyasi separatçılığa qədər hər nə desən tapmaq olar. Bütün bunların hamısı fiaskoya uğrasa da vahid namizəd ideyası həmişə aktual qalıb. Çünki bu vaxta kimi hələ heç kim bu "fəxri kürsü"yə qalxmağı bacarmayıb. Bir vaxtlar Elçibəyə belə bu adı güzəştə getməyənlər, onu asanlıqla Rüsəm İbrahimbəyova bağışladılar. Elə Elçibəyin öz sözləri ilə desək, "topun-tüfəngin qabağında duruş gətirən kadrlarım, pulun qabağında duruş gətirə bilmədilər..." Nəhayət "reneqat" Eldar Namazov tərəfindən prodüsserliyi yapılan bu ssenarinin müxalifəti əməlli-başlı bataqlığa saldığını dərk edənlər saman çöpündən yapışan kimi Cəmil Həsənlinin ətəyindən yapışdılar. İndi onun dünyanın heç bir yerində bənzərinə rast gəlinməyən statusu var, prezidentliyə namizədə namizəd. Və yaxud da namizədin kölgəsində qalan ehtiyat oyunçu. Böyük hesabla uduzan komandanı ehtiyat skamyasında oturan heç bir oyunçu xilas edə bilməz. Adama deyən gərə sən yaxşı oyunçusansa niyə ehtiyatda qalmısan? Cəmil Həsənlinin belə tragikomik rola rahatlıqla razılaşması onun siyasi şəriştəsizliyindən daha çox, müqavimətsizliyindən, prinsipsizliyindən xəbər verir. Görünür üz vurublar, professor da üzündən keçə bilməyib. Amma bir məsələ də haqlıdır ki, dövlət idarə etməklə, kitab yazmaq taməmilə ayrı-ayrı məsələlərdir. Kitab yazmaqla dövlət idarə eləmək mümkün olsaydı, gərək Yazıçılar birliyinin 1500 üzvünün hamısı prezidentliyi iddialı olaydı...
Cəmil Həsənli İbrahimbəyova bu vaxta kimi vəkillik edib, indi onun dublyoruna çevrilməkdədir. Yenə də xatırlatmaq yerinə düşərdi, vahid namizədlik yaxşı şeydirsə niyə İsa Qəmbər, Əli Kərimli olmadı sən oldun. Yaxşı misal var, mola gedir elçiliyə, görür qız yaxşıdı, deyir elə mən də subayam... Məgər C.Həsənli siyasi təhlillərinə və elmi tutumlu fəaliyyətinə görə Rafiq Əliyevdən güclü zəka sahibidi? Nəyə görə hamıdan əvvəl vahid namizədlik ona təklif olunanda etiraz etmişdi? Çünki xırda bir hesablama aparmaqla görmüşdü ki, nəinki, İbrahimbəyov, bütün müxalifətin birləşdirilmiş potensialının nəyisə dəyişməyə gücü çatmaz. Görünür artıq tarixin arxivinə düşmüş Ziyalılar Forumunda üzüyola yalnız Cəmil Həsənlini tapıblar, bir-iki xoş söz deyiblər, o da başını aşağı salıb "nə deyirəm təki siz deyən olsun" deyərək "həri"sini verib.
Artıq müxalifət mətbuatına verdiyi müsahibələrinin elementar təhlilini aparanda aydın olur ki, professor hansı oyuna baş qoşduğun, ümumiyyətlə nə istədiyini heç özü də bilmir. Gah Qarabağ münaqişəsindən danışır, Minsk qrupunu istefaya çağırır, gah da daxili gəzişmələr eləyir. Özü də başa düşür ki, artıq deməyə sözü qalmayıb. Milli Şuranı ona görə yox, İbrahimbəyova görə qurmuşdular. Cəmil Həsənli variantı sadəcə fors-major situasiyadı və müxalifətin düşdüyü gərgin vəziyyətdən, çıxılmazlıqdan xəbər verir. Bir çox ekspertlər haqlı olaraq hesab edirlər ki, müxalifətin seçkilərə Cəmil Həsənli ilə getməsi faktiki olaraq passiv boykot deməkdir. Bu aksiyaların zəif təşkilində, ümumi ovqatın pessimizmində özünü göstərir. Qayıdaq ehtiyat skamyada oturan vahid namizədin dublyorunun İbrahimbəov sevgisinə.
Cəmil Həsənli var qüvvəsi ilə əyninə milli paltar geyindirərək tarixə yerləşdirmək istədiyi (yumşaq desək) İbrahimbəyovun vəkili kimi çox qəribə və gülməli missiyanı yerinə yetirir. İbrahimbəyov elə onun kimilərini, rayondan Bakıya (oxu - onun şəhərinə) gələnləri görəndə allergiyası tutduğunu az qala bütün povestlərində yazıb. Çox uzağa getməyək, Mədəniyyət və Turizm Nazirliyinin puluyla 2006-cı ildə çəkilmiş "Əlvida, Cənub şəhəri" filminə baxın və sizin kimi rayon adamlarının necə ələ salınıb aşağılandığının, Bakının əyyaş erməni-rus mühitini qaçqınların necə "vəhşicəsinə" dağıtdığının, Azərbaycan kişisinin mənəvi dəyərlərinə qurumsaqcasına tüpürülərək əski parçasına çevrilməsinin özünüz şahidi olun. Hərdən adama elə gəlir ki, bu vaxta kimi fəaliyyəti siyasi qeybətdən qabağa getməyən ziyalılar forumu adlı dərnək əslində Rüstəm İbrahimbəyova arıqlamaq üçün lazım imiş. Təsəvvür edirik ki, Cəmil Həsənlinin Cəlilabad ləhcəsi ilə, Əkrəm Əylislinin Ordubadca danışığını eşidəndə ssenarist neçə kilo ət tökür.
Cəmil Həsənli həmişə tarixi bir kənara qoyub, ədəbi tənqiddə diletant pafosu ilə söz deməyə cəhd göstərir və İbrahimbəyovun yaradıcılığından Məhəmməd Əmin Rəsulzadədən sitat gətirmiş kimi danışır. Tarixçi professor bir vaxtlar iddia edirdi ki, Sovet İttifaqının və müstəqil Azərbaycanın bütün titullarına layiq görülmüş yazıçı əməlli-başlı dissident imiş! Sən demə, hələ 80-ci illərdə rus dramasında səhnəyə qoyulan "Ultumatum" (ada bax e!) pyesi ilə İbrahimbəyov Xalq Cümhuriyyəti irsinə müraciət eləyib, Azərbaycanın müstəqillik məsələsini qaldırıb, "müsavat" sözünü sovet totalitarizmi şəraitində ictimai dövriyyəyə gətirib. Hələ kontekstdən çıxarılmış sitatlarda əsil patriot ürəyi döyünür... Yaxşı ki, deməyib ki, 80-ci illərin rus dramasının səhnəsində dekorasiya yerinə üç rəngli bayrağımız asılıbmış. Yalana bax! Bu qədər də yox də! İbrahimbəyov hara, Cümhuriyyət hara? Sosializm realizminin nümunəsi olan bir pyesi kontekstdən çıxarılmış sitatlarla milli qiyafədə təqdim eləmək elə "milli" sözünə xəyanətdir. Sovet dövründə çəkilmiş "26-lar" filmində Cümhuriyyətin parlamenti göstərilir, "Qatır Məmməd"də, "İşarəni dənizdən gözləyin" kimi filmlərdə isə hətta Nəsib bəy Yusifbəylinin obrazı yer alır, "Ulduzlar sönmür"də Cümhuriyyət xadimlərinin dialoqları verilib. İndi həmin əsərlərdə obrazlararası dialoqları kontekstdən çıxarıb, özümüz bildiyimiz kimi yozaraq cəsarət nümunəsi kimi təqdim eləmək olarmı? Ümumiyyətlə, ədəbiyyata belə konyuktur aspektdən yanaşmaq nə dərəcədə düzgündür? Nəzərə alaq ki, bu mühakiməni yürüdən adam ədəbiyyat müstəvisində həvəskar kimi görünsə də, Milli Kitab Mükafat kimi bir müsabiqənin münsiflərindən olub. Bədii əsərə siyasi prizmadan qiymət vermək özünü demokrat hesab eləyən adamların təfəkküründə ilişib qalmış sovet ideologiyasının çürük elementidir.
Bir dəfə yazmışdıq ki, başa düşmək lazımdır ki, Rüstəm İbrahimbəyovun yorğan davası Həsənli kimi adamların davası deyil, o yorğan ən yaxşı haldı onun ayağını çöldə qoymaq şərti ilə kürəyinin bir hissəsini örtməyə çatar.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22