Ziyalılar Forumu Azərbaycana xaricdən sırınmış layihə idi
11:19 29-08-2013
İQTİSADİYYAT
Ziyalılar Forumu Azərbaycana xaricdən sırınmış layihə idi
Əkrəm Əylislinin fikir ortaqları heç vaxt xalqın marağını əks etdirməyiblər
2009-cu ildə kinorejissor Rüstəm İbrahimbəyov, Eldar Namazov və digərlərinin təşkilatçılığı ilə Azərbaycan Ziyalılar Forumu yaradıldı. Forum yaradılarkən bəyan edildi ki, bu qurumun əsas məqsədi siyasətə qarışmamaq, yalnız ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaqdan ibarətdir. Bunun üçün onlar zaman-zaman bir yerə toplaşaraq müəyyən görüşlər keçirirdilər. Daha çox da seçki öncəsi xüsusi fəallıqları ilə seçilən forum üzvlərinin son vaxtlar, nədənsə hər hansı toplantısına, çıxışına rast gəlinmir. Həmçinin forum təmsilçiləri söylədiklərinin əksinə olaraq, artıq siyasət aləminə baş vurublar.
Millət vəkili, professor Musa Qasımlı hesab edir ki, Ziyalılar Forumu Azərbaycana xaricdən sırınmış bir layihə idi. Bu forum heç bir zaman Azərbaycan ziyalılarının hamısının adından danışa bilməzdi. Çünki forum ziyalıların maraq və niyyətlərini doğrultmurdu: “Ziyalılar Forumu sadəcə bir görüntü idi. Bu qurum əslində elə əvvəlcədən sırf siyasi məqsədlər üçün yaradılmışdı və hadisələrin sonrakı gedişi bunu bir daha təsdiq etdi. Bütün deyilən ifadələr, sözlərə baxmayaraq, Foruma daxil olan ziyalılar siyasi məqsədlərlə işləməyə başladılar. Deyilən sözlər isə yalnız ictimai rəyi çaşdırmaq, aldatmaq niyyətləri güdürdü. Hesab edirəm ki, həm Ziyalılar Forumu, həm də Milli Şura Azərbaycanın maraqlarını xaricilər qarşısında güzəştə gedirlər”.
Professorun fikrincə, Azərbaycanda müxtəlif siyasi partiyaların, müxalifətin olması normal haldır. Bu demokratiyanın göstəricisidir. Lakin özünü əvvəlcə siyasətdən uzaq elan edən ziyalıların siyasətə qoşulması bir daha göstərdi ki, bu forum konkret məqsədlərlə yaradılıb və məqam gələndə bunlar hamısı üzə çıxdı: “Mənə elə gəlir, Ziyalılar Forumunda iştirak edən bəzi ziyalılar oradan uzaqlaşmağa başlayıblar. O foruma daxil olanların özlərinin arasında narazılıqların olması barədə tez-tez eşidirik. Düşünürəm ki, seçkidə iştirak edən həmin qurum üzvlərinin uğur qazanmayacaqları artıq bəllidir. Ziyalı uğursuzların yanında olmaq istəməz. Ümumiyyətlə, Ziyalılar Forumu bütün ziyalıların marağını ifadə edə bilməz. Bu, sadəcə bir neçə şəxsin marağıdır”.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qənaətinə görə, Ziyalılar Forumunun fəaliyyəti mahiyyət etibarı ilə stəkanda fırtına yaratmağa bənzər bir şey olub. Yəni, onların gördüyü işlər ictimai-siyasi münasibətlərə təsir etmək gücündə olmayan, bəzi mətbuat orqanları vasitəsi ilə müsahibələr şəklində həyata keçirilən fəaliyyətdir: “Ziyalılar Forumunun önəmli xarakter daşıyan fəallıqlarını xatırlamıram. Düşünürəm ki, heç olmayıb da. O qurumun aktiv üzvləri digər yerlərə transfer oldular. Bununla da, forumun olmayan fəaliyyəti tamamən çökdü. Eldar Namazov, Rüstəm İbrahimbəyov, Eldəniz Quliyev kimi adamlar ayrı-ayrı təşkilatlarda təmsil olunaraq öz siyasi addımlarını atmağa çalışdılar. Ümumiyyətlə, onu deyim ki, Ziyalılar Forumu və ona bənzər təşkilatlar adı olan, özü olmayan təşkilatlardır. Onlar cəlbedici ifadələr, söz birləşmələri adı altında birləşən bir qrup şəxslərdir. Həmin insanlar Ziyalılar Forumu, İctimai Palata, Milli Şura, El Hərəkatı və digər adlar altında zaman-zaman fəaliyyətlərini qurmağa çalışırlar. Lakin onların gördükləri işlər cəmiyyətdə kifayət qədər əks-səda doğurmur”.
Partiya sədrinin fikrincə Ziyalılar Forumu artıq yoxdur. El Hərəkatı, Milli Şura yaranandan sonra bu qurum öz fəaliyyətini dayandırdı: “Vaxtilə, Ziyalılar Forumunda təmsil olunanlardan biri də Əkrəm Əylisli idi. Onun nə cür adam olduğu şərəfsiz yazısını ortaya qoyandan sonra hamıya bəlli oldu. Ona görə də bu cür adamlarla bir olmaq istəməyənlər onlardan ayrıldılar”.
Digər millət vəkili Jalə Əliyeva isə qəzetimizə açıqlamasında bildirdi ki, bu gün Ziyalılar Forumunun aktiv olmamasına səbəb daxili siyasi proseslərdə həmin qurum üzvlərinin iştirak etməsidir: “Onlar əvvəllər seçkidə təmsil olunmayıblar. Bu gün isə həmin qurumu təmsil edənlərin bir çoxu özünü “milli” adlandıran bir şura ilə seçkiyə gedirlər. Mənim üçün əsas təəccüb, gülüş doğuran məqam odur ki, seçki artıq qapının ağzındadır, bunlar isə namizədlərini son iki gündə dəqiqləşdirə bildilər. Seçki çox əhəmiyyətli məsələdir. Ölkənin gələcəyi müzakirə mövzusudur. Forum üzvləri əvvəlkindən fərqli olaraq sakit dayanıblarsa, belə çıxır ki, o zaman danışdıqları, istədikləri, irəli sürdükləri heç də xalqın, ölkənin mənafeyi deyilmiş. Sadəcə, öz iddialarını ortaya qoyublarmış. Bu gün artıq seçkiyə getdikləri üçün təbiidir ki, bu iddiaları özlərinə qarşı irəli sürə bilmirlər. Ona görə susqun dayanıblar”.
J.Əliyeva hesab edir ki, “siyasətə qatılmayacağıq” deyən qurumun populyar üzvlərinin Milli Şurada təmsil olunması özlərinin irəli atdıqları fikrə zidd hərəkətlərini ortaya qoymaqdan başqa bir şey deyil: “Bu sadəcə olaraq, qeyri-ciddi yanaşmadır. Bu forumun üzvləri beyinlərində müxalifyönümlülük olan, fərqli mövqe ortaya qoymaqla diqqəti özlərinə çəkmək, bununla da, divident qazanmaq həvəsində olan insanlardır”.
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40