Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin təşəbbüskarlığını və ixtisaslara olan marağını artırmaq məqsədilə “İxtisasını Tanıt” layihəsi çərçivəsində  sərgi açılıb.

"Unikal" xəbər verir ki, layihə AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, universitet rəhbərliyinin dəstəyi ilə baş tutub.

Tədbirin açılış mərasimində çıxış edən THİK sədri Şahmar Rəfili layihənin mahiyyətindən danışaraq bildirib:“Məqsədimiz tələbələrə öz ixtisaslarını fərqli prizmadan təqdim etmək, yaradıcılıq imkanlarını üzə çıxarmaq, eyni zamanda fakültələrarası əməkdaşlıq mühitini gücləndirməkdir. Hər bir tələbə təqdim etdiyi işlərlə həm sahəyə olan marağını, həm də gələcəkdə bu peşənin cəmiyyətə verəcəyi töhfəni əks etdirməyə çalışıb”.

Açılış nitqindən sonra universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək layihənin önəmini vurğulayıb: “Bu cür tədbirlər gənclərin öz potensiallarını aşkara çıxarmağa və peşəyə olan inamlarını daha da gücləndirməyə imkan verir. Burada gördüyümüz işlər bir daha sübut edir ki, AzMİU tələbələri həm yaradıcı, həm də ictimai fəaldırlar”.

Daha sonra fakültə dekanları, kafedra müdirləri və universitetin akademik heyəti çıxış edərək layihəni təqdirəlayiq hesab ediblər. Onlar tələbələrin ixtisaslarını bu cür vizual və interaktiv formada təqdim etmələrinin həm maarifləndirici, həm də motivasiyaedici olduğunu qeyd ediblər.

Sərgiyə memarlıq, inşaat mühəndisliyi, su təsərrüfatı və ekologiya mühəndisliyi, şəhərsalma və dizayn ixtisasları da daxil olmaqla universitetin digər ixtisaslarında  təhsil alan tələbələr qatılıblar. Onlar öz ixtisaslarını maketlər, rəsm işləri, rəqəmsal təqdimatlar və posterlər vasitəsilə nümayiş etdiriblər. Hər bir stend ixtisasın məqsədi, tətbiq sahələri və cəmiyyətə təsiri ilə bağlı dolğun informasiya təqdim edib.

Sərgidə 80-dən çox tələbənin təqdimatı yer alıb. Tələbələrin bəziləri komanda şəklində, bəziləri isə fərdi şəkildə çıxış edərək qonaqlara öz sahələrini tanıdıb. Təqdimatlar həm estetik baxımdan yüksək səviyyədə hazırlanıb, həm də texniki və elmi əsaslandırmalarla müşayiət olunub.

Tədbir boyu sərgini universitet rəhbərliyi, müəllim heyəti və tələbə kollektivi böyük maraqla izləyib. Hər bir iştirakçı ilə fərdi şəkildə tanış olan qonaqlar onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, sərgidə təqdim olunan işlərin yüksək səviyyədə olduğunu bildiriblər.   

Sonda fərqlənən tələbələrə fəxri fərmanlar, diplomlar təqdim olunub. Ən yaxşı 3 foto işin müəllifinə pul mükafatı verilib.