Bəzi məmurlara Bolqarıstanda biznes qadağası
11:25 29-08-2013
CƏMİYYƏT
Bəzi məmurlara Bolqarıstanda biznes qadağası
Onların xaricə açılmasına imkan verilmədi
Təxmsinən ay yarım öncə bəzi KİV-lərdə maraqlı bir iddia yayılmışdı. Həmin iddiada bildirilirdi ki, Bolqarıstanda ötən ilin sonlarından başlayan iqtisadi və siyasi böhran özünün ən pik həddinə çatıb. Hətta keçən ay bu böhran vətəndaşların kütləvi etiraz aksiyalarına və ciddi qarşıdurmaların qeydə alınmasına gətirib çıxarmışdı.
Dünyanın bir sıra varlı adamları isə yaranmış böhranı həmişə olduğu kimi, öz mənfəətləri və kapitallarını artırmaq üçün fürsət bilirlər. Onların arasında Azərbaycanın bəzi məmur-oliqarxlarının da olduğu bildirilirdi, qeyd edilirdi ki, onlar Bolqarıstanda əmlak almaq işinə girişiblər.
Bəzi saytlar Bolqarıstan paytaxtında yaşayan həmyerlilərimizə istinadən yazırdılar ki, indi ölkənin ən bahalı kurort şəhərlərində belə villalar 50 min avrodan artıq deyil. Halbuki 1 il əvvələdək bu evlərin 150 min avrodan aşağı almaq olmazdı. Bolqarıstanda hətta dəniz kənarında ən yaxşı görünüşlü 20-23 mənzildən ibarət apartamentlər indi azərbaycanlı məmurlar üçün su qiymətinədir. Əvvəllər kvadratı 1250 avrodan aşağı olmayan bu apartamentləri indi kvadrata görə 600 avrodan da ucuz almaq mümkündür. Ona görə indi Bolqarıstanın sərhəd olduğu Rumıniya və Türkiyədən xeyli sayda varlı adamlar ölkəyə axın edib. Mənzil alverçiləri o qədər artıb ki, onlar aeroportda durub əcnəbi gözləyirlər. İddia olunurdu ki, azərbaycanlılar da son aylar Bolqarıstanda çoxalıblar və onların böyük əksəriyyəti Qara dəniz sahillərindəki Sandanski, Xisarya, Albena və Pomoriye kimi kurort zonalarında əmlak alırlar. Bolqarıstanda ev biznesi ilə məşğul olan ortabab brokerlərdən biri isə bildirmişdi ki, hazırda azərbaycanlı məmurların bu ölkədə elə sənədləşmə (alqı-satqı) müqavilələri var ki, dəyəri bir neçə milyondur.
Məlumatlarda həmçinin vurğulanırdı ki, "Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovunun Bolqarıstana marağı böyükdür və tez-tez bu ölkəyə gedir. Onun yaxın adamları vasitəsilə burada iri zavod və fabriklər yönləndirdiyi iddia olunur. Həm də kənd təsərrüfatı ölkəsi olan Bolqarıstana kənd təsərrüfatı naziri İsmət Abbasovun da ilgisi olduğu deyilir. Biznes işlərindən yaxşı anlayan nazirin bu fürsəti əldən buraxacağı inandırıcı deyil" (xalqxeber.com).
Bizim məlumatlı mənbələrdən əldə etdiyimiz xəbərə görə, bəzi azərbaycanlı məmurların pullarını Bolqarıstanda əmlak biznesinə yatırmaq cəhdləri barədə iddialar həqiqətlə səsləşir. Amma sonradan belə məmurlar öz fikirlərindən vaz keçiblər. Bunun əsas səbəblərindən biri prezident seçkisi öncəsi "vurulmaq" üçün rəqiblərin əlinə kompromat verməmək olub. Bir çox oliqarx-məmurlar Bolqarıstana yatırımlarının fərqli anlaşılacağından, nəticədə rəqiblərinin onları sıradan çıxarmaq üçün yaxşı fürsət əldə edəcəyindən narahat olaraq fikirlərini dəyişiblər.
Bəzi oliqarx-məmurlara isə ümumiyyətlə icazə verilməyib. Səbəb həmin məmurların iqtidar içində ciddi rəqiblərinin olması və həmin rəqiblərin bu məmurları zəiflətmək üçün hər bir fürsəti dəyərləndirməsidir. Xaricə qoyulan kapitalın bəzi oliqarx-məmurların güclənməsinə kömək edəcəyindən ehtiyat edən rəqiblər müxtəlif vasitələrlə onların bu niyyətlərinin gerçəkləşdirilməsini əngəlləyiblər. Daha doğrusu, həmin oliqarx-məmurlara pullarını ölkədən xaricə yatırmamaq göstərişi verilib, belə halların üstünün açılacağı təqdirdə onların sərt şəkildə cəzalandırılacağına dair xəbərdarlıq edilib.
Ümumiyyətlə, hökumət daxilində müəyyən iri məmurların ölkədən kənarda ciddi əmlak və biznesə sahib olmasına sıcaq baxılmır. Hesab edilir ki, bu, həmin iri məmurların hər hansı fors-major situasiyasında özünün xaricdəki biznes və əmlakına güvənərək hakimiyyət gəmisini erkən tərk etməsini stimullaşdıra bilər.
Bu səbəbdən bəzi iri məmurlar ölkədən kənardakı gəlir qaynaqlarını və mülklərini mümkün qədər gizli saxlayırlar. Onların üstünün açılarsa. Qəzəbə gələcəklərindən qorxurlar. Elə bu yaxınlarda kənd təsərrüfatı naziri İsmət Abbasovun Londonda mülkünün ortaya çıxmasına sərt təpki verməsinin, gah təkzib edərək, gah da həmin mülkü vəzifədə olmamışdan çox əvvəl aldığını deyərək çaşqınlıq nümayiş etdirməsinin səbəbi də həmin qorxu hissi idi.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49