Niderland Ukrayna üçün nəzərdə tutulmuş F-16 qırıcı təyyarələrinin son partiyasını göndərib. Təyyarələr “Folkel” aviabazasından Belçikaya yola salınıb, orada onlar çatdırılma üçün hazırlanacaq.
"Unikal" Niderland Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Folkel” aviabazasına ölkənin müdafiə naziri Ruben Brekelmans da gəlib. O, bu anı nostalji ilə xatırlanacaq bir məqam adlandırıb, çünki F-16 qırıcıları onilliklər ərzində Niderland Hərbi Hava Qüvvələri üçün mühüm rol oynamışdı.
“F-35-lərə keçid fonunda biz F-16-larla vidalaşırıq, bu təyyarələr üçün Ukraynadan daha yaxşı təyinat nöqtəsi təsəvvür edə bilməzdim. Rusların gündəlik hava hücumları səbəbindən F-16 Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Bu, onlara Rusiya hücumlarını dəf etməyə imkan verir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, sülh dövründə bu qırıcı təyyarələrdə təlim illərlə davam edir, lakin Ukrayna pilotları və texniki heyəti bu təyyarələrə “rekord müddətdə” yiyələnə biliblər.
F-16 təyyarələri artıq Ukrayna hərbçilərinə qanadlı raketləri və dronları vurmaqda, yəni insan həyatını xilas etməkdə kömək edib. Nazir əlavə edib ki, bu təyyarələr texniki imkanlara və döyüş şəraitində daha yüksək sağ qalma qabiliyyətinə görə Ukraynanın indiyə qədər istifadə etdiyi sovet istehsallı təyyarələrdən üstündür.
Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə Niderland Ukraynaya 24 ədəd F-16 təyyarəsi verib. Bundan əlavə, Niderland F-16-ların xidmətdə saxlanılması üçün ehtiyat hissələri, sursat və yanacaq da təqdim etməyə davam edəcək.
Xatırladaq ki, Niderland, Danimarka və Belçika Ukraynaya F-16 qırıcılarının verilməsi üçün yaradılmış aviasiya koalisiyasına rəhbərlik edir.
Ötən ilin iyul ayında Niderland Ukraynaya 24 ədəd F-16 təyyarəsinin ixracına icazə sənədlərinin rəsmiləşdirilməsini tamamlayıb. Avqust ayında isə Ukraynanın artıq ilk təyyarələri aldığı məlum olub, lakin hansı ölkələrin və nə qədər sayda qırıcı təqdim etdiyi açıqlanmayıb.