Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Təhsildə İdarəçilik Forumu 2025” keçirilib.
"Unikal" xəbər verir ki, AzMİU-nun ev sahibliyi və “EDU Company” Təhsil Şirkətinin təşkilatçılığı ilə baş tutan forumda universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, “EDU Company” Təhsil Şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, tanınmış təhsil ekspertləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Forumun açılışında universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov, “EDU Company” Təhsil Şirkətinin təsisçisi və baş direktor Samir Əzizov forumun açılışında çıxış edərək bu cür tədbirlərin təhsil islahatlarının sürətləndirilməsində olan əhəmiyyətli roluna toxunublar.
Forumun moderatoru Bakı Mühəndislik Universitetinin baş müəllimi və Tələbə Elmi Cəmiyyətinin rəhbəri Bəhman Qüdsi olub.
Əsas natiqlər sırasında Milli Məclisin deputatları – Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov, İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və təhsil eksperti Nadir İsrafilov yer alıblar.
Forumun spikerləri isə Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər üzrə komitənin üzvü Elman Nəsirov, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova, "EDU Company" Təhsil Şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Fidan Həsənova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı, təhsil və karyera planlaması üzrə ekspert Adil Vəliyev olub.
Forumda təhsildə idarəçilik sahəsində çağırışlar və perspektivlər, ali təhsildə idarəetmə modelləri, tələbə-gənclərin qərarvermə proseslərində rolu və dövlət dəstəyi kimi vacib məsələlər müzakirə olunub.
Tədbir iştirakçıları təhsildə liderliyin inkişaf etdirilməsi üçün konkret təkliflər səsləndirərək, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi çağırışı ilə çıxış ediblər.
Forumun sonunda iştirakçılar üçün musiqili-mədəni proqram təşkil olunub. Azərbaycan musiqisinin incilərindən ibarət xalq mahnılar və bədii kompozisiyalar tədbirə xüsusi rəng qatıb.