Kilsələrin müharibəsi - Ermənistanın "İkinci Qarabağ" planı
11:53 30-08-2013
İQTİSADİYYAT
Kilsələrin müharibəsi - Ermənistanın "İkinci Qarabağ" planı
Ermənistan qonşuluğunda yerləşən 4 dövlətdən ikisi ilə diplomatik münasibətlərə malik deyil. Azərbaycan və Türkiyə Ermənistanın təcavüzkarlıq siyasəti səbəbindən onunla sərhəddi bağlı saxlayır. Buna görə Ermənistan bu itkini İran və Gürcüstanla münasibətlərə xüsusi önəm verməklə doldurmaq istəyir. İranla müqayisədə isə Gürcüstan daha çox diqqət mərkəzindədir. Gürcüstanda 2002-ci ilin siyahıyalmasına görə 249 min erməni yaşayır. Zahiri dostluq pərdəsi arxasında iki ölkə arasında əslində gizli qarşılıqlı ziddiyyətlər mövcuddur. Bu ziddiyətlər kulinariya və musiqidən başlayaraq tarixi və ərazi mübahisələrinə qədər geniş spektri əhatə edir. İki xalqın münasibətlərinə tarixi,dini, siyasi nöqteyi-nəzərdən diqqət edəndə görünür ki, əslində qarşlıqlı gizli nifrət mövcuddur. Bunun üçün bir neçə səbəb var.
Kilsələr müharibəsi
Birinci səbəb kilsə mübahisəsidir. Erməni Qriqoryan kilsəsi Gürcüstan ərazisində olan bir çox pravoslav kilsələrinə iddia edir. Eyni iddialarla Gürcüstan Pravoslav kilsəsi Ermənistan ərazisində olan kilsələrə qarşı çıxış edir. Həmçinin erməni Qriqoryan kilsəsinin Gürcüstan yeparxiyasının hüquqi statusunun müəyyən edilməmədi narazılıq yaradır. Gürcülər erməni kilsəsinə verəcəkləri statusu eynən Ermənistandakı gürcü kilsəsinə verilməsini tələb edir. Bu mübahisələr yeni deyil.
Tarixə nəzər saldıqda iki kilsə arasında qarşlıqlı soyuqluğun və gizli rəqabətin olduğunu görmək olar. Ermənilərlə gürcülərin dini münasibətlərindən danışarkən ilk növbədə nəzərə almaq lazımdır ki, ermənilər özünəməxsus ayinləri və ehkamları olan Qriqoryan kilsəsinə məxsusdur.
Gürcülər isə pravoslav məzhəbinə qulluq edir. Buna uyğun olaraq hər iki dini icmanın özünəməxsus kilsə memarlıq üslubu olur. Əgər pravoslav kilsələri ehtişamlı və dəbdəbəli görünüşə malikdirsə, erməni kilsələri daha kiçik və yığcam olur. Həm də erməni Qriqoryan kilsələrində pravoslav kilsələrindən fərqli olaraq heç bir ikona və qızıl-zinət əşyası olmur. Bu fərqlər əsasında kilsənin hansı icmaya məxsus olduğu asanlıqla müəyyənləşirdi.
Lakin hər iki dövlət Sovet İttifaqının tərkibinə qatıldıqdan sonra bu məsələdə müəyyən qarışıqlıq yarandı. Bir çox kilsələr məhv edildi. Qalan kilsələrin mənsubiyyəti isə mübahisə predmeri oldu. Ermənilər təkcə Tbilisi şəhərində 20-dən artıq gürcü kilsəsinə iddia edirlər. Onların sözlərinə görə, keçən əsrin 30-cu illərindən başlayaraq erməni kilsələri planlı şəkildə dağıdılıb, yaxud gürcüləşdirilib. Bu kampaniyanın başında isə ermənilərə qarşı xüsusi nifrəti ilə seçilən SSRİ NKVD-sinin rəhbəri Lavrentiy Beriyanın dayandığı iddia olunur.
Lakin gürcü kilsəsi bu iddiaları qətiyyətlə rədd edir. Onlar özləri də sovet repressiyalarından əziyyət çəkdiklərini bildirirlər.
Ermənistanın Gürcüstanla sərhəd Lori vilayətində yerləşən 7 kilsə ilə bağlı mübahisələr isə 2008-ci ilin mayında iki ölkənin gündəminə gəldi. Belə ki, Tbilisidə yerləşən Müqəddəs Noraşen kilsəsinə daxil olan pravoslav keşiş Tariel Sikinçelişvili ibadətə gələn erməniləri içəri buraxmayıb. Erməni və gürcü kilsələri hadisədə biri-birin ittiham edir. Mənsubluğu mübahisə mövzusu olan kilsə ətrafında yaranan ajiotaja Ermənistanın baş naziri Tiqran Sərkisyan gürcü həmkarı Lado Qurqenidze ilə Minskdə MDB Hökümət başçılarının sammitindəki görüşündə erməni kilsələrinin statusunun müəyyən olunmasını tələb edir. Hadisələr Gürcüstan-Rusiya müharibəsinin başlanması ilə unudulur.
2011-ci il iyunun 5 də erməni Qriqoryan kilsəsinin başçısı II Qareginin Gürcüstana səfəri başlayır. Hadisənin tarixi önəmi onda idi ki, son 100 ildə heç bir erməni katolikosu Gürcüstana səfər etməmişdi. 6 günlük səfərin əsas məqsədi mübahisəli məsələləri həll etmək və aradakı soyuqluğu aradan qaldırmaq idi. II Qaregin Tbilisidə prezident Mixail Saakaşvili ilə görüşür. Daha sonra Gürcüstan Pravoslav kiləsinin başçısı II İlya ilə 5 saat davam edən danışıqlar aparır. İki dini lider birlikdə ermənilərin kompakt yaşadığı Samçxe-Cavaxetiya (Bu ərazi tarixən ahısxa türklərinə məxsus olub) bölgəsinə səfər edirlər. Səfər erməni katolikosu üçün uğursuzluqla nəticələnir. Belə ki, erməni Qriqoryan kilsəsinin Gürcüstan yeparxiyasının statusu müəyyən olunmur. II İlya Ermənistandakı 7 xalkedon-gürcü kilsənin onlara geri qaytarılmasının şərt olduğunu bildirir. Nəticədə qabaqcadan nəzərdə tutulan Erməni-Gürcü kilsələrinin dostluq və əməkdaşlıq haqqında kommunikesi imzalanmır.
II Qaregin Gürcüstandan əliboş qayıdır. Səfərdən 1 ay keçdikdən sonra Gürcüstan parlamentində "Dini konfessiyalar haqqında" qanun layihəsi müzakirəyə çıxarılır. Qanun bütün dini icmalara bərabərlik, bank hesabı açmaq, yeni dini məbədlər tikmək və müstəqil xarici əlaqələr qurmaq hüququ verirdi. Qanun layihəsindən ən çox qazanan isə Erməni Qriqoryan kilsəsi olacaqdı. Buna görə öz əzəli rəqibinə üstünlük verməmək üçün Gürcüstan Pravoslav kilsəsi fəaliyyətə keçir. Gürcü kilsəsinin Böyük Britaniya və İrlandiya yeparxiyasının arxiyepiskopu Zenon Taşir-Aqaraklı açıq dillə qanunun qəbulunda erməni kilsəsinin əli olduğunu bildirir.
"Baş verənlər II Qareginin qələbəsi, Gürcüstanın məğlubiyyətidir. Tezliklə biz bütün torpaqlarımızı və kilsələrimizi itirəcəyik".
Ölkədə böyük avtoritetə malik II İlya xüsusi bəyanatla çıxış edir. O, qanunun əlavə müzakirələrə ehiyacı olduğunu bildirir. "Bizim analitik düşüncəyə ehtiyacımız var. Analizi biz işi bitirdikdən sonra yox, işi başlayarkən etməliyik. Təəssüf ki, hökümət qərarı tez-tələsik bir günün içində qəbul etdi".
Əslində qanunun qəbulu ölkədə geniş imtiyaz və hüquqlara malik olan Pravoslav kilsəsinə təhlükə idi. II İlya bunu açıq bildirməsə də, hər kəs onun nə demək istədiyini aydın başa düşdü. Tezliklə qanununun müzakirəsi gündəmdən çıxarıldı. Erməni kiləsinin növbəti həmləsi də uğursuzluqla nəticələndi. İki kilsə arasında münasibətlər bugünə qədər gərgin olaraq qalır.
Gizli ermənilər
Gürcüstan ərazisində ermənilərin kompakt yaşadığı ərazilərdən biri də paytaxt Tbilisi şəhəridir. Hazırda 100 minə yaxın erməni bu şəhərdə yaşayır. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar şəhəri viran edib 20 min gürcünü qılıncdan keçirdiyi vaxtdan 1920-ci illərə qədər şəhərdə ermənilər ən böyük etnik qrup olublar. Hazırda onlar şəhər əhalisinin 8%-ni yaxud 84 min nəfərini təşkil edir. Tbilisdə şahmat üzrə 9-cu dünya çempionu Tiqran Petrosyan və məşhur bəstəkar Aram Xaçaturyan da anadan olub. Sovet dövründə dövlət vəzifələrini əldə etmək üçün ermənilər kütləvi şəkildə soyadlarını rus və gürcü sonluqları ilə əvəz edirdilər. Gürcüstanın müstəqilliyinin ilk illərində millətçi Qamsaxurdiya hakimiyyəti milli azlıqlara qarşı ayrı-seçkilik siyasəti yeridirdi. Ənənəvi olaraq yaşadıqları ölkələrdə vacib vəzifə tutan erməni icması Eduard Şevardnadze hökümətində də vacib postlar əldə edə bilmirdi. Gizli millətçi Saakaşvili iqtidarı ilk dəfə ermənilərə dövlət idarələrində vacib vəzifələr verməyə başladı. Buna nümunə olaraq Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanı misal gətirmək olar. Erməni mənşəyini gizlətməyən Jvaniya jurnalistlərlə görüşündə erməni mənşəyi ilə fəxr etdiyin bildirmişdi. Gürcüstan xarici işlər nazirinin sabiq müavini Aleksandr Nalbandov da milliyətcə ermənidi. Mixail Saakaşvili erməni Van Bayburtu özünə milli azlıqlar üzrə köməkçi təyin etdi. Bayburtun oğlu Qriqol isə Gürcüstan maliyyə nazirinin müavini vəzifəsində çalışır.
Tbilisi ermənisi olan tanınmış fotorəssam Yuri Meçitov Gürcüstan mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin olundu.
Gürcüstan parlamentində də erməni diasporu xeyli aktivdi. Son parlament seçkilərində 3 deputat mandatı əldə edən erməni diasporu "erməni soyqırımı" məsələsini də gündəmdə saxlayır. Buna daiq qanunun qəbul olunması üçün erməni diasporu "gürcü əlaltılarından" istifadə edir. Belə ki, 2012-ci il aprelin 24-də parlament sessiyasında tribunaya qalxan deputat Condi Baqoturiya "erməni soyqırımı" məsələsinin gündəmə çıxarılmasını təklif etdi. Parlamentdəki "Gürcüstan qrupu" fraksiyasının rəhbəri olan Baqoturiyanın təklifi azərbaycanlı deputat Azər Süleymanovun kəskin etirazına səbəb oldu. Əlbəyaxa olan deputatları həmkarları ayırdı.
Deputat Kako Boqohidze Baqoturiyanın hərəkətini "klassik provakasiya" adlandırdı. Ümumiyyətlə, ermənilərlə bağlı qalmaqallar gürcü cəmiyyətində tez-tez baş verir. 2011-ci ilin iyulunda Gürcüstanda növbəti böyük qalmaqal yaşandı. SSRİ xalq artisti, Şota Rustaveli adına Tbilisi Dövlət Teatrının bədii rəhbəri Robert Sturua prezident Saakaşvilinin antigürcü siyasətinin onun gizli erməni olması ilə izah etdi.
"Saakaşvili Gürcüstana qarşı laqeyiddir. Çünki o, gürcü deyil, ermənidir". Bu bəyanat gürcü cəmiyyətini iki hissəyə ayırdı. Bəziləri onun çıxışını şovizinizm kimi qəbul etsələr də, çoxluq burada heç bir millətçiliyin olmadığı fikrində idi. Lakin bütün səylərə baxmayaraq, Gürcüstan Mədənəiyyət Nazirliyinin qərarı ilə Sturua teatr direktorluğundan uzaqlaşdırılaı. Mədəniyyət naziri Nika Rurua qərarı verməyin asan olmadığını, lakin millətçiliyi tirajlamağa imkan verməyəcəklərini bildirdi. Sturuaya dəstək üçün keçirilən çoxminli aksiyada Gürcüstanın bir çox mədəniyyət xadimi bu qərarı siyasi amillərlə izah etdilər. Dərhal ölkəni tərk edən Sturua isə Moskvada fəaliyyət göstərən "Et Cetera" teatrında rejissor kimi çalışmağa başladı.
Bidzina İvanişvilinin parlament seçkilərindəki qələbəsindən sonra 2012-cui ilin dekarbında Sturua yenidən Gürcüstana qayıtdı. O, 50 il işlədiyi "Rustaveli" adına teatra yenidən bədii rəhbər kimi geri dönüb.
Cavaxetiya: Gürcüstanın yeni barıt çəlləyi
1918-ci ilin mayında Çənubi Qafqaz respublikaları öz müstəqilliklərini elan etdilər. Lakin hər üç dövlətin-Azərbaycan, Gürcüstan və Ermənistan biri-birinə qarşı ərazi iddiaları ilə çıxış edirdi. Rusiya İmperiyasının quberniya inzibati-ərazi bölgüsündə etnik tərkibdən çox, coğrafi amillərə diqqət etməsi yeni situasiyada sərhəd məsələlərində böyük mübahisələr doğurdu. Erməni-gürcü sərhəd mübahisəsi iki ölkənin sərhəddində yerləşən Lori vilayəti ilə bağlı idi. Onu da qeyd etmək yerinə düşər ki, bu vilayətin şimal ərazilərinə azərbaycanlıar yaşayan Bolnisi və Dmanisi rayonları da daxil idi. Hər iki dövlət vilayəti bütövlüklə özünə tabe etmək istəyirdi. Əsas mübahisə nöqtəsi isə Axalkalaki rayonu hesab olunurdu.
1918-ci il dekabrın 9-da Ermənistan daşnak höküməti menşeviklərin idarə etdiyi Gürcüstana qarşı hərbi əməliyyatlara başladılar. Qəfil zərbə nəticəsində uğur əldə edən erməni dəstələrinə 1905-ci ildə Bakı general-qubernatoru Nakaşidzeni bomba ilə partladan Drastamat Kanayan başçılıq edirdi. Gürcü qoşunlarının əks-həmləsi nəticəsində ermənilər sülh istəməli oldular. Heç bir ay davam etməyən müharibə İngiltərənin vasitəçiliyi ilə dekabrın 31-də sülh sazişi ilə başa çatdı.
Lori vilayətinin cənubu Ermənistana, şimalı isə Gürcüstana verildi. Gürcülər bu ərazidə Samçxe-Cavaxetiya vilayəti yaratdı. 2002-ci ilin statistik məlumatına görə Samçxe-Cavaxetiya bölgəsinin 55%-ini ermənilər təşkil edir. Gürcülər regionda cəmi 41%-dir. Rəsmi şəkildə olmasa da ermənilər Cavaxetiyaya iddialıdırlar. Onlar buranı Cavaxk adlandırırlar. Ermənistanın iqtidardakı Respublika Partiyasından olan deputatı Şirak Torosyan tez-tez Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edir. Neçə ildir ki, o, Gürcüstanda "arzuolunmaz şəxs" kimi ölkə daxilinə buraxılmır. Yerli Cavaxetiya erməniləri Ermənistan hökümətinə arxalanaraq tez-tez hüquqlarının pozulması barədə beynəlxalq instansiyalara şikayət edirlər. Onların əsas tələblərindən biri erməni dilinə Cavaxetiya sərhədləri daxilində rəsmi dil statusunun verilməsidir. Bunun üçün yerli ermənilər Gürcüstan hökümətindən 1999-cu ildə Avropa Şurası qarşısında götürdüyü öhdəliyin - "Regional dillər haqqında" beynəlxalq xartiyanın ratifikasiya edilməsini istəyirlər.
Bölgədəki daha aqressiv tələblərin başında yerli erməni separatçılarının lideri Vaaqn Çaxalyan dayanır. 32 yaşlı Çaxalyan "Bütöv Cavaxk" təşkilatı yaradaraq ölkədəki sabitliyi pozmağa çalışırdı. 2008-ci il iyulun 21-də Gürcüstan polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Çaxalyan həbs olundu. 2009-cu ilin aprelində məhkəmə Çaxalyanı "Qanunsuz silah saxlama" və "İctimai asayişi pozmağa çağırış edən kütləvi aksiyalar təşkil etməkdə" təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etdi. 2012-ci il parlament seçkilərində qələbə qazanan "Gürcü Arzusu" koalisiyasının sədri Bidzina İvanişvili baş nazir olduqdan sonra vəziyyət dəyişdi.
O. 2013-cü ilin yanvarında iqtidardakı ilk xarici səfərlərindən birini qonşu Ermənistana etdi. İvanişvilinin prezident Sərkisyan və Katolikos II Qareginlə görüşlərində əsas mövzulardan biri də Çaxalyanın azad olunması məsələsi oldu. Əgər millətçi Saakaşvili Çaxalyanın azad olunması ilə bağlı Ermənistan rəhbərliynin inadlı xahişlərini eyni inadla rədd edirdisə, uzun müddət Fransada yaşamış və Qafqaz mentalitetini və spesifikasını tam olaraq dərk etməyən liberal İvanişvili buna müqavimət göstərmədi. Gürcüstana döndükdən bir həftə sonra, yəni yanvarın 24-də İvanişvili Vaaqn Çaxalyanın əfv olunması barədə fərman imzaladı.
Mixail Saakaşvili buna çox sərt reaksiya verdi. O, məsələ ilə bağlı Prezident İqamətgahında xüsusi brifinq təşkil etdi. Çaxalyanı "xüsusi təhlükəli cinayətkar" kimi xarakterizə edən Saakaşvili onun əfvini İvanişvili hökümətinin böyük səhvi kimi qiymətləndirdi.
"Çaxalyan uzun illər Rusiya kəşfiyyatının rezidenti olub. Cavaxetiya rusların əlində idi. Biz Rusiyanı öz qoşunlarını buradan çıxarmağa məcbur etdik. İndi bu insanları kim qoruyacaq? Mən demək istəyirəm ki, biz ehtiyatlı olmalıyıq. Çünki cin şüşədən çıxıb".
Azadlığa çıxdıqdan sonra Çaxalyan yenə də separatçı fəaliyyətinə qayıdıb.
Nəticə - Ermənistan hər an Gürcüstana qarşı iddia irəli sürə bilər
Ermənistan rəhbərliyi Gürcüstandan olan iqtisadi asılılığını başa düşür. Xüsusən 2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsi bu asılılığı əyani şəkildə göstərdi. Rusiyaya idxal və ixrac edilən məhsulların qısa müddətə dayandırılması nəticəsində kasıb Ermənistan 100 milyon dollara yaxın maliyyə vəsaiti itirdi. Milli valyutanın - dramın dollara qarşı ucuzlaşması müşahidə olunudu. Çünki Ermənistana gedən yeganə dəmiryol xətti Gürcüstandan keçir. Ölkənin ticarət dövriyyəsinin 70%-i Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan ermənilər üçün həyati əhəmiyyət kəsb edir.
Ölkələrin biri-biri ilə görməzdən gəldikləri digər məsələ isə regional konfliktlərə münasibətdir. Belə ki, əgər Gürcüstan beynəlxalq hüququn "ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı" prinsipini dəstəkəlyirsə, Ermənistan "xalqların öz müqəddəratını təyin etmə" prinsipini önə çəkir. Buna baxmayaraq Ermənistan Abxaziya və Cənubi Osetiyanın müsəqilliyini tanımayıb. Çünki bayaq da dediyimiz kimi, Gürcüstanla yaxşı münasibətlər Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Gürcüstanın da Azərbaycan və Türkiyə kimi blokadaya qoşulması Ermənistanın bir dövlət kimi varlığının sonu deməkdir. Məhz bu iqtisadi asılılıq Ermənistanın Cavaxetiya kartını işə salmasına mane olur. Lakin mövcud status-kvo hər an dəyişə bilər. Bu mənada Saakaşvilinin erməni separatçının azad olunması ilə bağlı səsləndirdiyi "biz ehtiyatlı olmalıyıq" çağırışı təsadüfən səslənməyib. O, bilir ki, Ermənistanın istənilən situasiya üçün "İkinci Qarabağ" planı mövcuddur.
Vüqar İsmayılov
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40