Siyasi şoumenlər
Siyasi şoumenlər

Müxalifətin qoca kinorejissor Rüstəm İbrahimbəyovla bağlı "vahid namizəd" oyunu uğursuzluğa düçar olduqdan və gərgin müzakirələrdən, qarşılıqlı ittihamlardan sonra "ehtiyat namizəd" variantı seçildi. AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər yenə də köhnə "kartlar"ından istifadə etdilər.

20 ildir yalanla yoğrulan siyasətləri ilə ətraflarına topladıqları bəzi insanları aldadaraq hakimiyyətə gələcəklərini söyləyən "liderlər" bu dəfə Cəmil Həsənli ilə özlərini sığortalamaq qərarına gəliblər. Amma özləri də yaxşı bilirlər ki, artıq ətraflarındakı insanlar da onlara inanmırlar və Cəmil Həsənlinin "yeni qurban" olduğunu çox gözəl anlayırlar. Ona görə də əksəriyyət belə düşünür ki, yeni seçki oyunu dağıdıcı müxalifətin növbəti fiaskosudur və bu insanlar artıq siyasətlə vidalaşmaq barədə düşünməlidirlər.
Maraqlıdır ki, "vahid namizəd" oyununda öz namizədliyini sonadək geri götürməyən İsa Qəmbər nədən Cəmil Həsənlinin aqressiv qüvvələrin prezidentliyə namizədi olmasına razılıq verdi? Deməli, Rüstəm İbrahimbəyovla bağlı problemlərin yaşanacağını bilə-bilə "Milli Şura"nın bu qədər gec qərar verməsinin kökündə hansısa məqsədlər dayanırdı.

Erməni sevdalısı Əkrəm
Naibovu müdafiə edən Cəmil Həsənli deyildimi?

İndi dağıdıcı müxalifət prezident seçkilərinə qədər Cəmil Həsənlini "lider" kimi şişirdərək 20 ildir sitayiş etdikləri partiya sədrləri - Əli Kərimli və İsa Qəmbərdən də yüksəklərə qaldıracaq. Amma ölkə ictimaiyyəti hər kəsi yaxşı tanıyır. "Daş yuxular" cızmaqarası ilə Azərbaycan xalqını təhqir edən "yazıçı" Əkrəm Naibov böyük təpkilər görən zaman onun müdafiəsinə qalxan şəxslərdən biri də Cəmil Həsənli idi. Onu tanıyanlar yaxşı bilirlər ki, C.Həsənlinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatları var. Amma Cəmil Həsənli erməni xislətli Əkrəm Naibovu müdafiə etməklə öz yazdıqlarının əleyhinə çıxmış oldu. O, siyasi yönümündən və bugünkü siyasi baxışlarından, hakimiyyətə münasibətindən çıxış edərək yazdıqlarının üstündən qara xətt çəkdi.
Cəmil Həsənli məgər arxivlərdə saxlanılan çoxsaylı sənədləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı istintaq-təhqiqat komissiyasının 7 cildlik təhqiqatını oxumamışdımı? Təkcə ermənilərin Şamaxıda törətdikləri soyqırımı ilə bağlı 7 min sənəd var. Cəmil Həsənli Əkrəm Əylislidən fərqli olaraq bilir ki, 1918-ci il martın 31-dən aprelin 2-dək ermənilər təkcə Bakıda 18 min azərbaycanlını qətlə yetirib. Bu gün qəbul etmədiyimiz bolşevik mənbələri də bunu təsdiqləyir, sadəcə 5 min insanın qətlə yetirilmədiyini yazır. İngilis mənbələri bu rəqəmin 21 min olduğunu qeyd edir. Bəs bunları bilə-bilə niyə Cəmil Həsənli "Daşnaksütyun" partiyasının siyasətini müdafiə edən Əkrəm Əylislini müdafiə edirdi? Ona görə də demək olar ki, Cəmil Həsənli o zaman Əkrəm Əylislini müdafiə etməklə özünün ziyalılıq statusuna çox böyük xələl gətirmiş oldu. İndi bu şəxsin Azərbaycanda prezidentliyə namizəd olub Əkrəm Naibova qoşularaq təhqir etdiyi xalqdan səs istəməsi nə dərəcədə doğrudur?

Deputat mandatına görə AXCP-dən imtina edən
Cəmil Həsənli idi

Düzdür, Cəmil Həsənli öz sahəsinin müəyyən mənada bilicisidir. Ancaq buna baxmayaraq, o, yaxşı siyasətçi, lider deyil. Bir qayda olaraq bir düşərgədən digərinə transfer olunan Cəmil Həsənlinin yaxın keçmişinə, siyasi karyerasına nəzər salsaq, aydın görərik ki, adıçəkilən şəxs daha çox şəxsi maraqlar prizmasından çıxış etməyə üstünlük verir. Hələ 2005-ci ilin parlament seçkiləri zamanı bir mandat uğrunda təmsil etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edən, əqidə, məslək yoldaşlarına xəyanət yolunu tutan Cəmil Həsənli həmin dövrdə sanki özünü hakimiyyətin ən yaxın adamlarından biri kimi aparırdı. AXCP-də olduğu dövrlərdə xalqın rifah halının yaxşılaşdırılmasından danışan, ölkədə insan hüquq və azadlıqlarının pozulduğunu iddia edən Cəmil Həsənli deputat mandatını əldə etdikdən sonra sanki 180 dərəcə dəyişmiş oldu. Deputat kimi fəaliyyət göstərdiyi illərdə bir dəfə də olsun vaxtilə təmsil olunduğu düşərgənin problemlərini, istək və arzularını qanunverici orqanda səsləndirmədi.

Siyasəti şouya çeviriblər

Dağıdıcı müxalifətin özünə "namizəd" seçdiyi şəxs indi müxalifət mətbuatında çıxış edərək ölkədə seçkilərin saxta keçirildiyini iddia edir və Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasından şikayətlənir. Deməli, belə çıxır ki, Cəmil Həsənli özü də 10 il deputatı olduğu Milli Məclisə keçirilən seçkilərdə saxtakarlıqla qalib gəlib. Əgər saxta seçilmisənsə və saxta seçildiyini bilə-bilə 10 il parlamentdə oturmusansa, indi hansı mənəvi haqla siyasi aləmdə bu cür tezislər ortaya qoyursan?
Dağlıq Qarabağın və itirilmiş torpaqların indiyədək işğal altında qalması və nədən azad edilmədiyini də əgər prezidentliyə namizəd olan şəxs bilmirsə, onda niyə siyasətə gəlib? Bu adam bilmirmi ki, beynəlxalq münasibətlərin ən ağır sınır mərkəzlərindən biri Qafqaz bölgəsidir?! Böyük dövlətlərin dartışma meydanlarından biri olan Qafqazda münaqişə ocaqlarından Dağlıq Qarabağdır, ancaq digər münaqişə ocaqları var ki, onların da taleyi bugünədək həll olunmamış qalır.
Bəli, indi hər yerdən əli üzülən dağıdıcı müxalifət Cəmil Həsənli üzərində piar qurmağa çalışır, onun göstəricilərini önə çəkmək istəyir. Amma Cəmil Həsənli də aqressiv qüvvələrə bu seçkilərdə heç bir uğur gətirməyəcək. Bir daha sübut olundu ki, istər İsa Qəmbər, istərsə də Əli Kərimli Cəmil Həsənlini önə verməklə bir daha İlham Əliyevə rəqib olmağa cəsarət etmədilər. Ona görə də oktyabrın 9-da keçiriləcək prezident seçkiləri aqressiv qüvvələrin siyasi karyeralarına son qoyacaq.
Fuad