Hacıbala Abutalıbov deputatların qınaq hədəfində
11:58 30-08-2013
CƏMİYYƏT
Hacıbala Abutalıbov deputatların qınaq hədəfində
Bakı meri vətənpərvər olmaq barədə çağırışları qəbul edəcəkmi?
Yəqin ki, çoxlarınız istər Bakı şəhərində, istərsə də bölgələrə gedərkən yolboyu reklam lövhələrinə rast gəlmisiniz. Amma həmin lövhələrdə Qarabağa aid hansısa məlumata nadir hallarda rast gəlinir. Bakıda isə bu, ümumiyyətlə yoxdur.
Belə bir hal isə bəzi millət vəkillərini dilə gətirib. Onlar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova vətənpərvərlik çağırışı ediblər.
Məsələn, 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilmiş Flora Qasımova deyib ki, bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb: "Bəyəm əlaqədar təşkilatlar eşitmirlər bunu? Bunu nə məqsədlə eləmirlər, bilmirəm. Bəlkə reklamlara pul verirlər, Qarabağla bağlı məlumatlardan pul qazanmırlar, ona görə etmirlər. Həmkarlarım Məlahət İbrahimqızı, Qənirə Paşayeva bu məsələni bir neçə dəfə qaldırıblar. Pul istəyirlər? Pul lazımdır, desinlər verək də".
Xanım deputatın sözügedən məsələ ilə bağlı təklifi də var: "Məsələn, Qubadlının işğal tarixidir. Qubadlının görkəmli bir yeri, tarixi abidəsinin şəkli yerləşdirilsin, altında rayonun sahəsi, işğal tarixi verilsin və işğal altında olduğu qeyd olunsun. Əgər pula görə eləmirlərsə, başa düşsünlər ki, bu, milli qeyrət məsələsidir".
119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov isə deyib ki, bu məsələni yenidən qaldırmaq çox doğrudur: "Qarabağ sağalmaz yaramızdır və bu barədə vaxtaşırı informasiya vermək zərurəti var. Hər dəfə bu mövzuda məsələlər müzakirə olunanda, mətbuat vasitəsilə gündəmə gətiriləndən sonra az-çox müəyyən nəticələr də olur. Artıq yeni çəkilmiş yollarda Qarabağ istiqamətində hərəkət edəndə tablolarda işğal altında olan rayonların da adlarını görürük. Amma təəssüf ki, Bakı şəhərində belə şeylər yoxdur.. Dövlət bununla bağlı nə lazımdırsa, edir. Cənab İlham Əliyevin elə bir çıxışı, elə bir söhbəti yoxdur ki, bu mövzuya toxunmasın. Amma Bakı şəhərində bəzi qurumlar, xüsusən də reklam işi ilə məşğul olanlar elə bil ki, Qarabağ haqqında düşünmürlər, bu mövzudan xəbərləri yoxdur. Elə məsələ var ki, o pulla ölçülməli deyil. Bu məsələdə xeyir güdmək lazım deyil, pul xərcləməliyik. Bələdiyyələr, Bakı şəhər İcra Hakimiyyəti belə məsələlərdə təşəbbüs göstərməlidir".
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən olan deputat Elman Məmmədov da deyib ki, Bakının hansısa bir küçəsində müharibəni əks elətdirən bir reklama rast gəlmək mümkün deyil: "Hər bir Azərbaycan gənci düşünməlidir ki, onun torpağı işğal altındadır. Və ilk məqsədi də bu torpaqları düşmən tapdağından azad etmək olmalıdır".
İstər mətbuatın, istərsə də ictimaiyyətin, özəlliklə də millət vəkillərinin bu cür tələb və qınaqları ilə razılaşmamaq mümkün deyil.
Həqiqətən bu ciddi məsələdir və Azərbaycan paytaxtında işğal olunmuş torpaqlarımız, ümumilikdə Qarabağ dərdimizlə bağlı ən kiçik bir lövhəyə rast gəlməməyimiz həqiqətən ciddi laqeydlikdir.
Amma o da qəbul edilməlidir ki, (necə ki, bəzi millət vəkilləri də bu məqamı vurğulayırlar!) paytaxtda belə bir təbliğat şəbəkəsinin qurulmasında öncə Bakı şəhər İcra Hakimiyyəti, şəxsən mer Hacıbala Abutalıbovun özü təşəbbüskar olmalıdır. Amma təəssüf ki, bizdə paytaxt rəhbərliyinin bütün diqqəti Bakıdakı torpaqlara yönəlib, işğaldakı torpaqları isə çoxdan unudub.
Baha qiymətə musiqili fontanlar quraşdırmaqdan, işıq dirəkləri basdırmaqdan, xaricdən ağaclar alıb gətirməkdən, vətəndaşların evini uçurub onların kompensasiyalarını ya ödəməyib ya da cüzi məbləğdə ödəməkdən başı açılmayan paytaxt meriyası və onun rəhbəri Hacıbala müəllimin artıq bir az da deputatların, mətbuatın və digər ictimaiyyət təmsilçilərinin qaldırdığı taleyüklü məsələ barədə düşünmək vaxtı çatıb. Elə bəzi deputatların da qeyd etdiyi kimi, hər şey pul demək deyil. Onsuz da korrupsiyadan milyonlar toplanır, heç olmasa həmin pulların cüzi bir hissəsini haqqında deyilən işə yönəltmək olmazmı? Ya da paytaxtdakı reklam lövhələrinin bəzilərini Qarabağ kimi ümummilli dərdə ayırmaq çətindirmi? Gərək elə onlardan da pul, gəlir üçün istifadə olunsun?
İndi isə gəlin gözləyək, görək Bakı meriyası və şəxsən Hacıbala Abutalıbov deputatlardan, KİV-dən, ictimaiyyətdən gələn bu cür çağırışlara hansı reaksiyanı verəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33