Əli Həsənov rəqiblərindən önə çıxmağa çalışır
13:31 31-08-2013
İQTİSADİYYAT
Əli Həsənov rəqiblərindən önə çıxmağa çalışır
Komitə sədri seçkidən sonrakı dövrlə bağlı narahatdır
Son günlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri, baş nazirin müavini Əli Həsənov siyasi bəyanatlarla yenidən, həm də tez-tez gündəmə gəlir. Xüsusilə Həsənovun müxalifət əleyhinə kəskin ittihamları diqqət çəkir.O da maraqlıdır ki, bu baxımdan komitə sədri istisna təşkil edir. Yəni digər iri məmurlar faktiki olaraq siyasi məzmunlu çıxışlar səsləndirmir, daha çox öz işlərinin, vəzifə səlahiyyətlərinin icrası ilə məşğul olurlar.
Gəlin əvvəlcə həmin çıxışlardan bəzilərinə göz ataq. Təxminən bir həftə əvvəl "Qaçqınkom" sədri bildirmişdi ki, Azərbaycanda güclü iqtidar qarşısında zəif müxalifətin olması təəssüf doğurur. O, seçkiqabağı vəziyyəti dəyərləndirərək, müxalifətin fəaliyyətini tənqid edib: "Azərbaycan dünya ölkələrinin maraq mərkəzinə çevrilib. Təəssüf ki, dünya ölkələrinin marağını özünə cəlb edən məqamlardan biri də Azərbaycan müxalifətinin rüsvayçılığıdır. Onların bu vəziyyəti də müzakirə mövzusudur. Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət var. Güclü iqtidar qarşısında dayanıqlı müxalifət olmasını istərdik".
"Qaçqınkom" sədri qeyd edib ki, Azərbaycan xalqı prezident seçkilərində layiqli namizədinə səs verəcək, istədiyi namizədi seçəcək.
Bundan bir qədər əvvəl isə 2005-ci ildə bəzi qüvvələrin Azərbaycanda sabitliyi pozmaq, rəngli inqilab etmək təşəbbüslərindən danışmış, iqtidarda bəzilərinin buna dəstək verməyə cəhd göstərdiyi üçün layiqli cəza aldıqlarını bildirmiş, oxşar situasiyada da yenə istəklərinə çatmayacaqlarına və cəzalandırılacaqlarına işarə vurmuşdu.
Dünən isə Əli Həsənov növbəti siyasi məzmunlu bəyanatını verib. "Hazırda bütün dünya Azərbaycan iqtidarının qazandığı uğurlardan və müxalifətin isə uğursuzluğundan danışır. Onların yerinə biz utanırıq" deyən "Qaçqınkom"un sədri müxalif qüvvələrin birləşdiyi Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli barədə də danışıb. O, Cəmil Həsənlini müsbət imici olan tanınmış elm adamı kimi xarakterizə etməklə yanaşı, onun müxalifətin oyununa salındığını vurğulayıb. Ə.Həsənovun sözlərinə görə, Milli Şura namizədliyini verməklə Cəmil Həsənli kimi abırlı-həyalı elm adamını pis vəziyyətə salacaq.
Kənar müşahidəçilər komitə sədrinin bir-birinin ardınca siyasi bəyanatlar verməsi, siyasi mövzularda fəallıq nümayiş etdirməsi hallarına maraqlı münasibət sərgiləyirlər. Onların fikrincə, bununla Həsənov həm hakimiyyətə hədsiz bağlılığını, sədaqətini göstərir, həm də prezident seçkilərindən sonrakı dövrlə bağlı narahatlığını biruzə vermiş olur.
Məsələ burasındadır ki, bir çox KİV-lərin yazdığı və "Unikal"ın da xeyli bundan əvvəl qeyd etdiyi kimi, artıq çoxlarında qəti əminlik var ki, Azərbaycan baş nazirinin hazırki müavinləri payızda keçiriləcək prezident seçkilərindən sonra əvəzlənəcək. Nazirlər Kabineti rəhbərinin indiki müavinlərindən yalnız birinin seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə öz postunu qoruyacağı gözlənilir. Onun kimliyi isə böyük ölçüdə bəllidir - baş nazirin hazırki birinci müavini Yaqub Eyyubov vəzifəsində saxlanılacaq, baxmayaraq ki, onun iddiasının daha böyük olduğuna dair mətbuatda iddialar mövcuddur. İddialara görə, Eyyubov baş nazir postuna can atır, amma həmin post uğrunda ölkənin bir neçə ağırçəkili oliqarxının da mübarizəsi birinci vitse-premyerin arzularının reallaşmasına ümid yeri qoymur. Digər baş nazir müavinləri ilə isə yollarının ayrılmasına dair siyasi qərar var.
Məhz bu səbəbdən də hesab etmək mümkündür ki, digər iri məmurlarla müqayisədə yalnız Əli Həsənovun siyasi fəallıq nümayiş etdirməsi, əsasən də müxalifət üzərinə hücumlara keçməsi hökumət içində nüfuzunu artırmaq, rəqiblərindən önə çıxmaq və indiki mövqelərini qorumaq niyyəti ilə siyasi bəyanatlar verir. Yəni həm baş nazir müavini, həm də komitə sədri postunda yenidən davam etmək istəyən "Qaçqınkom" şefi bu fəallığının bəhrəsini görmək istəyindədir. Onun istəyinin real olub-olmayacağını isə bizə payızda keçiriləcək seçkilərdən sonrakı qısa dönəm göstərəcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40