Seçkiləri hakim texnoloqlar uddu
13:34 31-08-2013
İQTİSADİYYAT
Seçkiləri hakim texnoloqlar uddu
Rüstəm İbrahimbəyova verilən rol epizodik rol imiş
Artıq bir ildən çoxdur ki, ölkədə çayxanalardan tutmuş, siyasi kluarlara qədər hər yerdə seçkilərə hazırlıq görülürdü. Məsələn, damino oynundan başı açılan yarımtufeyli və damino masasının arxasında tam aktivləşən azərbaycan kişisi seçkilərin həddindən ağır keçəcəyini söyləyirdi. Səbəbini isə sonuna qədər özüdə anlamırdı. Həmçinin siyasi kluarlarda vurnuxan dövlət məmurları, partiya funksionerləri də ehtiyat variantlar haqqında düşünə-düşünə seçkilərin ağır keçəcəyini proqnozlaşdırırdılar.
Az qala bütövlükdə cəmiyyətdə "ağır keçəcək"- fikri alt şüurun məhsuluna çevridi və hamı bu ağırlığı bu günə qədər gözləyirdi. Əslində "ağır keçəcək" - deyimini elə hakimiyyətlə müxalifətin özü cəmiyyətə sırımışdılar və bu işdə də hərənin öz məqsədi var idi. Məqsədlərə toxunmadan bu seçkiləri həqiqətən də ağır edə biləcək və edə bilməyən məqama yönəldək.
Əsl "ağırlığın" yuvası
Həqiqətən də seçkilərin ağır keçəcəyini, gərginliyin pik həddə çatacağını proqnozlaşdırmaq olardı. Amma ölkədaxili amillərlə bağlı yox, ilk növbədə xarici təsirlərlə bağlı. Söhbət konstitusiyada olunan dəyişiklikdən sonra bir şəxsin iki dəfədən çox prezident seçilməsinin mümkünləşdirilməsindən gedirdi. Çünki prezident İlham Əliyev iki dəfə prezident seçilmişdi və olunan dəyişiklikdən sonra üçüncü dəfə prezident seçilməsi məsələsi gündəmdə idi. Amma belə bir proqnozlaşdırma var idi ki, qərb və ABŞ bu dəyişikliyi həzm etməyəcək və Azərbaycana təzyiq ediləcəkdi ki, bir şəxsin üçüncü dəfə prezident seçilməsi tətbiq edilməsin. Bax bu seçkilərin ağır keçməsini şərtləndirə biləcək əsas və tək amil bu ola bilərdi. Amma olmadı.
Alternativ namizəd
Hakimiyyət hər ehtimala qarşı bir neçə plan üzərində işləyirdi və bu planlardan biri də nəzəri şəkildə də olsa alternativ namizədlə bağlı idi. Dövlət məmurlarını,siyasi funksionerləri də çaşdıran məhz bu ehtiyatlılıq oldu. Hələ 6 ay öncə artıq bir sıra məmurlar yeni gəminin göyərtisinə yol tapmaq üçün baş sındırırdılar. Bununla paralel olaraq qərb və ABŞ-in seçkilərə yanaşması izlənilirdi. Nəhayət ilk siqnal gəldi. 5 ay öncə ABŞ-in ölkəmizdə ki, səfiri bəyan etdi ki, əsas məsələ bir şəxsin iki dəfədən çox prezident seçilməsi yox, sadəcə seçkilərin demokratik keçirilməsidir. Demək olar ki, öz sözünü yox, ABŞ Dövlət Departamentinin sözünü deyən səfir bu mesajı ilə seçkilərin taleyini həll etdi və "ağır keçəcək"- reallığını sıradan çıxartdı. Qərb və ABŞ İlham Əliyevin prezident seçkilərində iştirakını qəbul etdilər. Bundan sonra isə süni "ağır olacaq"- deyimi kütləviləşdirildi. Amma bu süni ağırlığı yaratmaq üçün oyuncaq proseslərin baş verməsinə də ehtiyac var idi. Bunu isə hakim texnoloqlar rahatlıqla yarada bildilər.
İbrahimbəyov zarafatı
Bu məqamlarda müxalifət vahid namizəd axtarışına çıxmışdı və siyasi partiyalar razılığa gələ bilmədiklərinə görə bu namizədi kənarda axtarırdılar. Müxalifətin düşdüyü vəziyyəti dəyərləndirən hakim texnoloqları müxalifətlə maraqlı və seçkilərin taleyini həll edəcək gücdə olan bir zarafat etdilər. Müxalifət üçün Rüstəm İbrahimbəyov mifi yaradılsın. Diqqət edin, Rüstəm İbrahimbəyov mifi necə yarandı? Yalnız, hakim mətbuatın bu şəxsi hədəfə almasından sonra. Rüstəm İbrahimbəyov hansı siyasi tezisi ortaya atmışdı ki, Rüstəm İbrahimbəyov hansı sosial bazanı yaratmışdı ki, gözlənilmədən hakimiyyət üçün təhlükəli fiqura çevrildi və, ona qarşı kompaniya aparıldı? Sözsüz ki, bunların heç birini etmədiyinə görə. Necə deyərlər, hakimiyyət müxalifət üçün vahid namizədi tapdı və onun haqqında mifini yaratdı. Müxalifət isə buna tərəddüd edə-edə , məlum zarafatı ciddiyə aldılar. Maraqlıdır, bəs hakimiyyət nədən məhz Rüstəm İbrahimbəyov mifini yaratdı və vahid namizəd olması üçün yoluna çıxacaq alaq otlarını təmizlədi?
İbrahimbəyov xarizması
Rüstəm İbrahimbəyovun seçilməsi təsadüf deyildi. Çünki o kifayət qədər maliyyə qaynaqlarına sahib idi və illərdi ki, maddi sıxıntılar içində qalan müxalifət üçün o cəlbedici olmalıydı və olduda. Digər tərəfdən Rüstəm İbrahimbəyov, bir siyasi sima kimi yox rejisor kimi qərbdə kifayət qədər populyar idi və müxalifət hesab etdi ki, İbrahimbəyovun bu məhşurluğunu seçkilərdə əlavə vasitə kimi istifadə etmək olar. Tək bir məsələni yenə unutdular ki, onun məhşurluğu siyasi kabinetlərdə keçərli deyil, o sadəcə kino pavliyonlarında vahid namizəd ola bilərdi. Bunları görən və nəzərə alan hakim texnoloqlar İbrahimbəyov xarizmasından bəhrələnə bildilər. Amma bu məsələnin bir üzüdür. İkinci üzü isə İbrahimbəyovun üzqara edə biləcək keyfiyyətləri idi ki, buna görə də texnoloqlar onun üzərində durdular. Bunlar nələrdir?
Nəticəsi məlum
olan oyun
Rüstəm İbrahimbəyovun həm də hakim texnoloqlar tərəfindən seçilməsinin başqa səbəbləri var idi. Bunlar aşağıdakılardır.
1. Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının olması artıq məlum idi və məhz bu faktora görə onun seçkilərə qatılması imkansız idi. Diqqət yetirin Rüstəm İbrahimbəyovla bağlı ciddi kompaniya seçkilərə 5 ay qalmış başlandı. Rusiya qanunvericiliyinə görə isə bir şəxs Rusiya vətəndaşlığından çıxmaq üçün ən azından 6 ay öncə müraciət etməli idi. Beləcə süni şəkildə yaradılan qəhramanın 5 ay ərzində vətəndaşlığını ləğv edə bilməyəcəyi artıq bəlli idi.
2. Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətindən çox kənarda idi və daha çox kosmopolit fikirləri ilə cəmiyyətdə tanınmışdı. Elə bunun nəticəsi idi ki, Rüstəm İbrahimbəyov süni şəkildə şişirdiləndən sonra onun ermənilər haqqında dediyi fikirlər ortaya çıxarıldı və heç də normal qarşılanmadı. Hətta bir detal da unudulmamalıdır ki, milli qüvvələr belə onun vahid namizəd olmasına səs versələrdə, İbrahimbəyovdan bir addım kənarda durmağa çalışırdılar.
3. Rüstəm İbrahimbəyovla bağlı ortada bir cinayət işi mövcud idi və İbrahimbəyov xarakterini dərindən bilən şəxslərin qənaəti bu idi ki, yaranışından saray mühitində olan Rüstəm İbrahimbəyov müxalifət funksionerləri kimi sabah həbsə atılmaq riskini qəbul etməyəcək. Həqiqətən də Rüstəm İbrahimbəyov dəfələrlə bəyan etdi ki, həbs olunacağını bildiyi üçün ölkəyə gəlməyəcək.
Beləliklə də İbrahimbəyov ayları "ağır keçəcək"-fikrini daha da sərtləşdirdi. Bəs bu gün necə? Artıq heç kim hansısa gərginlikdən, ağırlıqdan danışmır. Çünki artıq buna əsasda yoxdur. Çünki prezidentliyə 18 nəfər namizəddir və seçkilərə çox az vaxt qalıb. Müxalifət isə Cəmil Həsənli simasında seçkilərə yenidən başlamağa məhkumdur.
Cəmil Həsənli ilə
zaman savaşı
Bu gün Cəmil Həsənli vahid namizəddir və müxalifətin əsas siması kimi hakim rəqiblə savaşa çıxacaq. Bəs çıxa biləcəkmi? Bu günə qədər şəxsi keyfiyyətlərində hər hansı bir qüsurun ortaya çıxmadığı namizədin tamam başqa problemləri var. Bunlar nədir?
1. Cəmil Həsənli bir alimdir və praktik siyasətdə demək olar ki, çox passiv olub. Siyasi bazası zəif olmaqla yanaşı, həm də sosial bazası yoxdur. Bundan başq bir siyasi sima kimi ölkə ərazisində tanınmır.
2. Artıq 6 aydan çoxdur ki, Rüstəm İbrahimbəyov köpüyü yaradılmışdı və bu günün özündə köpük müəyyən formalarla qalmaqdadır. Cəmil Həsənli isə gərək öncə bu köpüyü dağıtsın, sonra öz xarizmasını ortaya çıxartsın. Bu isə fiziki baxımdan belə mümkünsüzdür.
3. Təsəvvür edin ki, Cəmil Həsənli rəsmi seçki kompaniyasına başladığı zaman 21 gün ərzində 80-dan çox rayonda öz təbliğat və təşviqatını qurmalıdır. Ən azından ona görə ki, Cəmil Həsənlini Bakı mühiti tanısada, bölgələrdə onu barmaqla tanıyacaq qədər adam tapmaq olar. Bu isə o deməkdir ki, Cəmil Həsənlinin bölgələrdən səs alması faktiki mümkünsüzdür.
4. Bu gün Cəmil Həsənli ilə yanaşı bir sıra müxalif partiya rəhbərləri də namizəd olublar. Və bu şəxslər Cəmil Həsənlinin səsini sözsüz ki, parçalayacaqlar.
Beləliklə gördüyünüz kimi bu gün Cəmil Həsənlinin qarşısında həlli mümkün olmayan problemlər dayanıb. Və bu amillər seçkilərin taleyini indidən həll edir.
Seçkidən sonrakı zərbə
Amma daha ağır proseslərin isə olması şübhəsizdir. Amma bu proseslər seçkilərdən sonra olacaq və bu ağırlıq müxalifət daxili gərginliklərdə yaşanacaq. Çünki hələ Milli Şura yaranan zaman artıq müxalifət düşərgəsində ciddi problemlər ortaya çıxdı və aydın oldu ki, Müsavat və ətrafı Rüstəm İbrahimbəyov kartından inamsız yararlanmağa çalışır, AXCP isə bu işə daha həvəslə qol qoyur. Pənah Hüseynlinin "bu dəfə başqalarının ssenarisi ilə hərəkət edirik"-deyərək Milli Şuradan imtinası, Arif Hacılının sona qədər Milli Şuraya inamsız yanaşması sözsüz ki, fəsadsız ötüşməyəcək. Ən azından AXCP-in ilk günlərdən Rüstəm İbrahimbəyovu çılğıncasına dəstəkləməsi seçkilərdə məğlub olmağın əsas səbəbi kimi göstəriləcək. Bu isə ana müxalifət mübarizəsində Müsavatın önə çıxması və AXCP-Müsavat münasibətlərinin yenidən soyuması ilə tamamlanacaq. Bu detalda seçkilərdən sonra iqtidar-müxalifət gərginliyini daha da zəiflədəcək.
Yarımçıq ssenari
Beləcə maraqlı bir səhnə ortaya çıxdı. Aydın oldu ki, ssenarist Rüstəm İbrahimbəyov həqiqətən siyasi bir ssenari yazmağa çalışıb və yazıbda. Amma bu yarımçıq qalmış ssenari oldu. Çünki həm də aydın oldu ki, bu dəfə Rüstəm İbrahimbəyov əslində ssenari yazmırmış, hakim texnoloqların yazdığı ssenaridə ssenarist rolunda iştirak edirmiş. Əsl ssenarini isə hakim texnoloqlar çoxdan yazıb və ona da bu rolu həvvalə ediblərmiş. Ən gülməlisi isə bu oldu ki, sən demə Rüstəm İbrahimbəyova verilən ssenarist rolu epizodik rol imiş...
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17