Müxalifətin sevdiyi məğlubiyyət
Müxalifətin sevdiyi məğlubiyyət

Rüstəm İbrahimbəyovla Cəmil Həsənlinin yerinin dəyişdirilməsi nəticəni dəyişməyəcək

Drayzerin Yucuni sona qədər kimi sevəcəyini bilmirdi. Amma ona qədər rəsmlərini çəkirdi. Rəsmini çəkdiyi qadınları isə ilk baxışdaca sevir və sonra ondan asanlıqla imtina edirdi. Əslində Drayzer bununla əsas məqsədə nail olmaq üçün mənəvi dəyərlərdən belə imtina etməyin mümkünlüyünü sübut edirdi. Dostoyevskinin qəhramanlarından fərqli olaraq Drayzerin qəhramanları qorxudan çox uzaq idi. Bu gün isə cəmiyyətdə Dostoyevski ilə Drayzerin qəhramanlarının bir sintezini görürük.

Məsələn müxalifətin Yucinsayağı sevdiyi Rüstəm İbrahimbəyov bir zaman keçəndən sonra tamamlanmış tabloya çevrildi. Çünki rəsm tamamlanmışdı və müxalifətin Yucin rolunda çıxış edən Milli Şurası artıq Cəmil Həsənlini sevirdi. Və yaxud Rüstəm İbrahimbəyov ilk gündən sevgisini nümayiş etdirsədə əslində Dostoyevskinin baş qəhramanı Rodion Raskolnikov kimi cəzadan və cinayətindən qorxurdu. Bu qorxuya görə sevdiyi Milli Şuradan bir addım kənarda dururdu və sonunda Raskolnikov kimi cinayətini etiraf edib, amma ondan fərqli olaraq cəzasını çəkməkdən imtina etdi. Prezidentlik iddiasını isə Dağıstanda yeni film çəkməklə əvəzlədi. Bu gün isə meydanda Cəmil Həsənli qalıb. Cəmil Həsənli isə hələ ki, nə Yucinləşib, nə də Raskolnikovlaşıb. Hələ ki, qarşıdakı yola baxır və Don Kixot obrazından ehtiyatlanır.
***
Bu günlərdə müxalifətdən olan bir neçə dostumla söhbət edirdim. Əslində buna söhbət demək olmazdı. Onlar danışır və mən qulaq asırdım. Arada bir neçə dəfə "məncə seçkilərin taleyi həll olunub və burda əsas yanlışlıqda Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsi idi"-dedim. Və...Maraqlı bir səhnə ilə rastlaşdım. Aydın oldu ki, bu gün müxalifətin ən böyük problemi özünü cəmiyyətdən təcrid etməsidir. Ən azından kənar fikirləri qəbul etməkdən çox-çox uzaqlaşıb. "Mənim düşündüyümü təsdiqləmirsənsə,deməli məndən deyilsən"- prinsipi bu düşərgədə hakimdir və həmin an onuda düşündüm ki, Rüstəm İbrahimbəyov bu düşərgəni məhz bu prinsiplə idarə edib. Nəticə isə göz qabağındadır. Amma məsələnin maraqlı tərəfi budur ki, müxalifət hələ də cəmiyyətlə ortaq məxrəcə gələ bilmir və bəzi hallarda cəmiyyəti özünə alternativ güc kimi görür. Bunun nəticəsidir ki, müxalifət ciddi sosial baza formalaşdıra bilmir və seçkilərə az zaman qalsada kütləvi aksiyalarda uğur qazana bilmir.

İlk mitinq

Bu günlərdə müxalifət ilk seçki mitinqini keçirtdi. Rüstəm İbrahimbəyovun şəklinin üzərinə toplaşan müxalif liderləri yenə eyni sosial baza ilə üz-üzə gəldilər. Daha doğrusu məlum bir neçə minlik aktiv bazadan başqa hansısa yeni qüvvələr gözə görünmədi. Hətta Milli Şuraya daxil olan partiyaların hərəsi min nəfər adam mitinqə çıxara bilmədilər. Çünki partiya üzvləri kənar liderlərə yox, öz liderlərinə sadiqdilər və Rüstəm İbrahimbəyovun yerinə hansısa partiya sədrinin şəkili olsaydı, yəqin ki, həmin partiya meydanda olan qədər adamı aksiyaya toplaya bilərdi. Bu isə müxalifətin mitinq fəlsəfəsinin əsasını təşkil edir. İndi isə müxalifət yeni mitinqə hazırlaşır.

Yeni cəhd

Milli Şura yenidən ümumrespublika mitinqinə hazırlaşır. Bu barədə qurumun mitinq komitəsinin üzvü, AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Milli Şura növbəti mitinqini sentyabrın 15-də keçirə bilər.A.Quliyev qeyd etdi ki, mitinqin bir qədər gecikməsinin səbəbi sentyabrın 9-dək Milli Şuranın vahid namizədi üçün imza toplanması ilə bağlıdır: "Milli Şurada təmsil olunan bütün qurumlar hazırda Cəmil Həsənlinin imzalarının toplanması üçün səfərbər olunub. Biz ən qısa müddətdə imzaları toplayıb, təhvil verməyi qarşımıza məqsəd qoymuşuq. Ancaq mitinqə hazırlıq işlərini də tam kənara qoymamışıq. İmzatoplama kampaniyası əhali ilə birbaşa təmas imkanı yaradır. Onu da deyim ki, imzatoplama kampaniyasının özü mitinqin kütləviliyinə təsir edən amillərdən biridir. Artıq bir neçə gündür əhali ilə bütün ölkə boyunca nümayəndələrimiz birbaşa ünsiyyətdədir. Növbəti mitinqin kütləviliyinə bu ünsiyyət zamanı aparılan təbliğat da təsir edəcək. Sentyabrın 9-dan sonra isə mitinq hazırlıqlarına xüsusi önəm veriləcək. Milli Şuranın növbəti mitinqinin sentyabrın 15-dən tez baş tutması gözlənilmir. Maraqlıdır, bu mitinqdə necə müxalifət güc nümayiş etdirə biləcəkmi?
Cəmil Həsənli
xarizması

Bu dəfə müxalifət Rüstəm İbrahimbəyovun şəkilini Cəmil Həsənlinin şəkili ilə əvəzləyəcək. Şəkildən başqa əvəzlənəcək nə isəni gözləmək isə sadəlöhvlük olardı. Nəyə görə? İlk növbədə ona görə nə taktikada, nə də strategiyada heç bir dəyişiklik olmayıb. Əksinə toplumda inamsızlıq sindromu bir azda artıb. Nədən? Ən azından bir neçə həftə öncə müxalif liderləri təkidlə tələb edirdilər ki, hamı yalnız Rüstəm İbrahimbəyovla bağlı şüarlar səsləndirsinlər. Çünki Rüstəm İbrahimbəyov xalqın xilaskarı kimi təqdim edilirdi. Amma aydın oldu ki, toplum sadəcə gülünc halına salınıb. Və heç kəs qarrantiya vermir ki, bu gün xalqın növbəti xilaskarı kimi təqdim olunan Cəmil Həsənlinin də sabah şəkili tribunadan salınmasın. Bu isə sözsüz ki, inamsızlığın ən yüksək həddidir.

Cəmil Həsənli
uğrunda savaş

Bu arada həm də aydın oldu ki, Cəmil Həsənlinin imzatoplama kompaniyası ilə də bağlı artıq kifayət qədər ziddiyətlər yaranıb və Milli Şurada doğmalar və ögeylər nəsli yaranıb. Belə ki, AXCP-Müsavat cütlüyü seçki kompaniyasını öz üzərlərinə götürüblər və KAXCP, ALP, ACP kimi partiyaları faktiki oyundan kənar vəziyyətdə saxlayıblar. Bu isə Milli Şura daxilində də bir-birinə olan inamsızlıqdan irəli gəlir. Belə ki, hesab edilir ki, KAXCP,ALP və ACP-yə verilən seçki imzaları süni şəkildə saxta imzalarla doldurula bilinər və nəticədə Cəmil Həsənlinin imzaları saxta çıxdığından seçkilərdən kənarda qalar. Belə bir inamsızlığın mövcudluğu isə bütün sahələrdə öz təsirini göstərəcək. Ən azından bu partiyalar nəzərdə tutulan mitinqə qatılmayacaqlar, yada qatılsalarda bir neçə şəxslə mövcudluqlarını göstərəcəklər. Nəticədə sosial baza daha da zəifləyəcək.

Cəmil Həsənli
xarizması

Müxalifətin keçirəcəyi aksiyanın qüsurlarından biri də o olacaq ki, Cəmil Həsənlinin özünün sosial bazası yoxdur və uzun illər siyasi proseslərdən kənarda qalıb. Bundan başqa Cəmil Həsənli xarizmatik keyfiyyətlərə sahib olmadığından prezidentliyə namizəd kimi elə indinin özündə həzm olunmur. Belə olan təqdirdə Cəmil Həsənliyə görə kənarda hansısa toplumun mitinqlərə qatılması mümkünsüzdür.

Yenə eyni ssenari

Görünür bunu nəzərə alan Milli Şura yenə kənar amillərdən istifadə etməklə Cəmil Həsənli ətrafında ajiotaj yaratmağa çalışırlar. Ajiotajın mənbəyi isə Böyük Britaniya oldu. Hazırda cəmiyyətdə belə rəy yaradılır ki, Cəmil Həsənlinin Böyük Britaniyaya dəvət olunması seçkilərin taleyini həll edəcək. Xatırlayırsınızsa Rüstəm İbrahimbəyovun xarizmasını formalaşdırmaq üçün də ABŞ-a belə bir səfər planlaşdırılmışdı və heç bir nəticəsi olmadı. Bu səbəbdən "Unikal" olaraq Cəmil Həsənlinin Böyük Britaniya səfəri ilə bağlı yığcam araşdırma apardıq. Aydın oldu ki, Milli Şura Böyük Britaniya Kral Akademiyasının və "Artikl-19" təşkilatının xətti ilə səfərə çıxıb. Buda aydın oldu ki, Böyük Britaniya kral Akademiyası dövlət təşkilatı və ya elm mərkəzi deyil. Bu akademiya sadəcə olaraq bir qeyri hökümət təşkilatıdır və ildə bir neçə dəfə müxtəlif ölkələrdən iqtidar ,müxalif nümayəndələri seminarlara dəvət edilir. Və bu toplantılar heç bir halda rəsmi və qərarlı görüşlər hesab edilmir. Digər təşkilata,"Artikl-19" təşkilatına gəldikdə isə bu təşkilatın Azərbaycan üzrə nümayəndəsini isə bir müddət öncə Azərbaycandan biabırçı şəkildə qovdular və ölkəyə girişinə yasaq qoyuldu. Məlum təşkilat sadəcə olaraq bunu qəbul etmək zorunda qaldı. Onda sual olunur, öz əməkdaşının müdafiəsinə qalxa bilməyən bir təşkilat Azərbaycanda seçkilərin taleyinə necə təsir göstərə bilər? Sözsüz ki, heç bir formada. Belə olan təqdirdə aydın olur ki, Böyük Britaniyaya təşkil olunan səfər cəmiyyət üçün hesablanıb və heç bir nəticə gözləməyə dəyməz.

Mitinqlərdən
əlavə yollar

Bu arada aydın oldu ki, müxalifətin seçki kompaniyası ilə bağlı hazır konsepsiyasıda yoxdur. Ortada mövcud olan tək yol kütləvi aksiylardır və müxalifət hakimiyyətin göstərdiyi yerlərdə aksiyalar keçirtməklə aksiya effektini də sıfıra salıb. Bölgələrlə fəaliyyətə gəldikdə isə bu sahədə də müxalifətin ciddi problemləri var. Çünki bölgələrlə mərkəz arasında əlaqələr minimal həddə düşüb və bundan başqa bölgələrdə ki, aktiv müxalifətçilərin əksəriyyəti elə Bakıdadır.

İmic zədəsi

Nəhayət bunu da qeyd edək ki, Milli Şuranın və bütövlükdə müxalifətin imicinə "EL" hərəkatının fəaliyyəti ciddi zərbə vurdu. Rüstəm İbrahimbəyov dalğası ilə proseslərə təsir edən "EL" hərəkatının apardığı siyasət iflasa uğradı. Halbu ki, dünənə qədər hərəkatın sədri Eldar Namazovun aktivliyi İsa Qəmbərlə, Əli Kərimlinin aktivliyini qabaqlamışdı və cəmiyyətdə hamı Eldar Namazovu əsas lokomotiv hesab edirdi. İndi isə Eldar Namazov və "EL" hərəkatı proseslərdən tamamı ilə kənarlaşdırılıb və müxalifət daxilində bu hərəkata inamsızlıq açıq şəkildə görünür. Bu bir tərəfdən Milli Şuranın yeni yol seçməsi kimi dəyərləndirilsədə, digər tərəfdən müxalifətin daxili inamsızlığı kimi xarakterizə olunur və buda sözsüz ki, müxalifətin imicinə ciddi zədədir.
Beləliklə aydın oldu ki, lider dəyişsədə, ünvanlar dəyişsədə nə taktikada, nə də strategiyada heç bir dəyişiklik olmayıb. Deməli cəmlərin yeri dəyişsədə nəticə olduğu kimi qalacaq. Bu isə məğlubiyyətdir.

Eldəniz Elgün