Lotereyada 40 milyon dollar qazanan braziliyalı 5 gün sonra diş həkimində müalicə zamanı ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Mato Qrosso əyalətinin Kuyaba şəhərində 73 yaşlı Antonio Lopes de Siqueira diş əməliyyatı zamanı dünyasını dəyişib. 

İstintaqın məlumatına görə, həkim peşə standartlarını pozub və xəstəyə lazımi tibbi yardım göstərməyib. Prosedur zamanı adamın ürəyi dayanıb və bu, sonradan ölümlə nəticələnib.

Polis müəyyən edib ki, xəstənin şəkərli diabet, hipertoniya və ürək problemləri kimi xroniki xəstəlikləri olmasına baxmayaraq, xəstənin həyati əlamətlərinin daimi monitorinqinin aparılmaması və həddən artıq anesteziyadan istifadə də daxil olmaqla ciddi səhvlərə yol verilib.

Bundan əlavə, klinikanın əsas təcili tibbi yardım avadanlıqları ilə təchiz olunmadığı - xüsusən də defibrillyator və digər zəruri alətlərin olmadığı qeyd edilib. Əməliyyatdan sonra gözləmə zalında xəstənin vəziyyəti pisləşməyə başlayıb, lakin ona vaxtında kömək göstərilməyib.

Həmçinin qeyd edilir ki, istintaq Antonionun uduşları ilə sonrakı faciə arasında heç bir əlaqə aşkar etməyib - ölüm digər halların deyil, həkim səhlənkarlığının nəticəsidir.

Ağarza Elçinoğlu