Azərbaycanda pambıq əkini sahələrinin dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sığortalanması müddəti bir neçə gündən sonra başa çatacaq. 

Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, fermer və təsərrüfat sahibləri iyun ayının 13-dək Aqrar Sığorta Fonduna müraciət edərək pambıq sahələrini çoxsaylı risklərdən sığorta edə bilərlər. 

Aqrar Sığorta Fondu pambıq sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, leysan yağışları, vəhşi heyvnaların hücumları, 3-cü şəxsin hərəkətləri və sair risklərdən sığortalayır. 

Sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər cüzi məbləğ ödəməklə sahələrinin sığorta edə bilərlər. 

Ölkə ərazisində 1 hektar pambıq sahəsinin sığortalanması üçün sığorta haqqının məbləği məhsuldarlıq göstəricisindən asılı olaraq 15-30 manat arasında dəyişir. 

Qeyd edək ki, pambıq əkən fermerlər artıq aqrar sığortadan faydalanırlar. Belə ki, 2023-cü ildə baş verən hadisələrə görə pambıqçılara 950 min manat sığorta ödənişi edilib. 2024-cü ildə baş vermiş hadisələrə görə isə pambıq əkən fermerlərə 1,2 milyon manat zərər ödənişinin edilməsi nəzərdə tutulur və hazırda bu ödənişlər davam edir. 

Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyaat keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaq sahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümaynədələrini öz təsərrüfatlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.  

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.